"Şahdəniz" qazını daşıyan
kəmər
Cənubi Qafqaz Boru Kəməri
(CQBK) 2006-cı ilin sonlarından fəaliyyət göstərir.
Həmin vaxtdan bu xətlə Azərbaycana və
Gürcüstana "Şahdəniz" qazı
çatdırılır.
Əvvəla qeyd edək
ki, CQBK başlanğıcını Sənğəçal
terminalından götürərək Azərbaycanın və
Gürcüstanın ərazisi ilə 691 kilometr məsafə
qət edir. Bunun 443 kilometri ölkəmizdən, 248 kilometri isə
Gürcüstandan keçir. Gürcüstan-Türkiyə sərhədinə
çatan kəmərə burada 280 kilometrlik bir xətt də
birləşir. Həmin xətlə "Şahdəniz"
qazı Türkiyənin Ərzurum şəhərinə
çatdırılır. Bütövlükdə bu ixrac
marşrutu Bakı-Tbilisi-Ərzurum qaz kəməri adlanır.
"Şahdəniz"
qazını Türkiyə sərhədinə qədər
daşıyan CQBK-nın Azərbaycanın, Böyük
Britaniyanın, Norveçin, Rusiyanın, İranın,
Fransanın və Türkiyənin 7 ən tanınmış
şirkətindən ibarət səhmdarlar qrupu var. Layihədə
ikili operatorluq həyata keçirilir. Belə ki,
qurğuların tikintisi və istismarı üzrə məsul
texniki operator bp şirkətidir. "StatoilNydro" şirkəti
isə biznesin inkişafı və inzibati idarəetmə
üzrə məsul kommersiya əməliyyatçısıdır.
CQBK artıq iki ildir Türkiyəyə də qaz ötürür. Keçən il kəmər ümumilikdə hər gün orta hesabla 19,8 milyon kubmetr "Şahdəniz" qazı nəql edib. Bu ilin birinci rübündə isə kəmərlə gündə 133.500 barel neft ekvivalenti (gündə 19,7 milyon kubmetr qaz) ötürülüb. Hazırda CQBK hər gün 700 milyon standart kubfut qaz nəql edir.
Xatırladaq ki, CQBK Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan kəməri ilə eyni xətt boyu, paralel şəkildə uzanır. Tikinti zamanı belə bir üsul vəsaitə və vaxta maksimum qənaət etmək məqsədilə seçilmişdi. Başqa amillər də nəzərə alınmışdı. Məsələn, kəmərlərin hər biri üçün ayrıca xəndəklər qazmaq təbiətə xeyli ziyan vurmaq demək idi. Onların yan-yana çəkilməsi isə ətraf mühitə mənfi təsiri minimuma endirdi. Üstəlik də, CQBK-nın inşası zamanı BTC tikintisində toplanmış təcrübədən istifadə olundu, obyektdə əvvəlki işçi qrupu çalışdı. Axı hər iki kəməri Yunanıstanın CCIC şirkəti tikib.
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və "Şahdəniz" qazını nəql edən Cənubi Qafqaz Boru Kəməri müasir dövrdə ən təhlükəsiz boru xətlərindən sayılırlar. Çünki onlar yüksək keyfiyyətli materiallardan hazırlanıb, etibarlı şəkildə örtüklənib və bütövlükdə torpağa basdırılıb.
Beləliklə, hər iki kəmər Azərbaycanın neftini və qazını dünya bazarlarına apararaq ölkəmizin şöhrətini, nüfuzunu və iqtisadi qüdrətini möhkəmləndirir. Bu kəmərlər ərazisindən keçdikləri digər iki ölkənin insanlarına da xoş güzəran və maddi rifah bəxş edir.
Azərbaycan.- 2009.- 24 iyun.- S. 7.