Ağdam çörəkli rayondur

 

Cəbhə bölgəsi olan Ağdamda sükut uzun müddət davam etmir. Ermənilərin atdığı güllələr sakitliyi vaxtaşırı pozur. "Qərvənd" kəndli fermer təsərrüfatının əkin sahələri də cəbhə xəttinə çox yaxındır. Məsafə bəlkə də 400- 500 metr olar. Bu ərazidə yaşamaq da, işləmək də hünərdir.

Düşmən tərəfdən ünvansız atılan təsadüfi bir güllə vaxt olub ki, ölümlə nəticələnib, bir ailənin faciəsinə çevrilib. Reallıq belədir.

Emin Bəşirzadənin rəhbərlik etdiyi fermer təsərrüfatı 2003-cü ildən fəaliyyət göstərir.

Taxılçılıq və heyvandarlıqla məşğul olan "Qərvənd"in 68 hektar torpaq sahəsi vardır. Bu il 45 hektar sahədə bol buğda yetişdiriblər. 12 ailənin çalışdığı bu fermer təsərrüfatında uğurlu nəticələr qazanılır. Ali təhsilli iqtisadçı olan Emin Bəşirzadə söhbət zamanı özü bu barədə belə dedi:

- Biz dövlətimizin, Prezident İlham Əliyevin qayğı və diqqətindən çox razıyıq. Ölkəmizdə, eləcə də rayonumuzda sahibkarlığın inkişafına yaradılan şərait bizə qüvvət verir. Düşmənlə üzbəüz ərazidə yaşayıb işləsək də əhval-ruhiyyəmiz yüksəkdir. Başladığımız hər işi inamla görürük. Bizim fermer təsərrüfatı əsasən toxumçuluqla məşğuldur. Taxılçılığın inkişafı üçün dövlətin yaratdığı imkanlardan yetərincə bəhrələnirik. Keçən ilin payızında 50 faiz güzəştli qiymətlərlə 6 ton yüksək reproduksiyalı "Əzəmətli" və "Əkinçi-84" elit toxumları alıb səpdik.

 Zəmilərin becərilməsini, suvarılmasını aqrotexniki qaydalar əsasında həyata keçirdik. Zəhmətimiz hədər getməyib. Zəmilər bol məhsuldan xəbər verir. Biçinin ilk günləri uğurludur. 150 tondan çox keyfiyyətli toxum istehsal edəcəyimiz şübhəsizdir. Toxumu saxlamaq üçün müvafiq yerimiz də vardır. Öz gücümüzlə tutumu 150 tondan çox olan təzə anbar tikmişik.

Məhsulu özümüzün "Vim" markalı aqreqatla təmizlədikdən sonra ora yığacağıq.

Xındırıstan kəndi ərazisindəki Q.Zakir adına fermer təsərrüfatında da taxıl biçini müvəffəqiyyətlə davam edir. Böyük zəhmət bahasına yetişdirilmiş bol məhsul fermer təsərrüfatının öz kombaynı ilə biçilir. Fermer təsərrüfatına təcrübəli təsərrüfatçı Nizami Quliyev rəhbərlik edir. Bu il 200 hektar sahədə buğda yetişdirilmişdir. Biçin aparılan ilk hektarların məhsuldarlığı 30 sentnerdən çoxdur.

Ümumiyyətlə, bu il rayonda 17.513 hektar sahədə taxıl biçiləcək. Bu, keçən ildəkindən 10 min hektar çoxdur.

İşlərin gedişi, zəmilərin məhsuldarlığı göstərir ki, bu il də Ağdam rayonunda çörək bol olacaq.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2009.- 24 iyun.- S 6.