Zəmilər bol məhsulu
ilə üzə gülür
Rafiq kişi bu mənzərədən,
səhər havasının təmizliyindən zövq alaraq,
sanki qarşıdakı iş günü üçün
kifayət qədər qüvvə toplamaq istəyirdi. Taxıl
biçini başlayandan onun hər iş günü gərgin
keçir. Düzdür, başçılıq etdiyi
"Aqrolizinq"in rayondakı filiallarında kifayət qədər
texnika var. Amma işi düzgün qurmaq, kombaynları daha
çox ehtiyac olan yerlərə göndərmək, həm də
bu zaman heç kimin qəlbinə toxunmamaq elə də asan məsələ
deyil.
Bunları
düşünə-düşünə Rafiq kişi
yaşadığı Təzəkənd kəndindəki
taxıl zəmisinin kənarına gəldi. Sünbülün
birini əlinə götürüb nəmliyini yoxladı. Əsl
vaxtıdır, biçilməlidir. Dünən onlara
müraciət edənləri bir-bir fikrindən keçirdi. Əlbəttə,
üstünlüyü düşmənlə təmas xəttində
yerləşən cəbhəyanı kəndlərə vermək
lazımdır. Qoy onların taxılı vaxtında biçilsin.
Rafiq kişi
başını qaldırıb əzəmətlə uyuyan
Murova baxdı. Bu ilin mart-aprel aylarında Murovun ətəklərində
yerləşən Qızıloba, Həsənqaya,
Şıxarx və Çaylı kəndlərində baş
verən hadisələri xatırladı. Rayonda keçirilən
müşavirələrin birində deyildiyi kimi, əgər Tərtər
Rayon Bitki Mühafizə Mərkəzi vaxtında operativ tədbirlər
görməsəydi, Mərakeş çəyirtkəsi bu ərazilərdə
məhsulu tamamilə məhv edəcəkdi. Amma indi hər bir
kənddə taxıl zəmiləri bol məhsulu ilə
göz oxşayır.
Bu il Tərtər
rayonunda 21342 hektarda taxıl yetişdirilmişdir. Bunun 19130
hektarı buğda, 2180 hektarı arpa, 32 hektarı isə xəsil
üçün nəzərdə tutulmuş arpadır. Rayonun
iki kəndində - Tərtər çayının sağ
sahilində yerləşən Qaraqoyunluda və sol sahilindəki
Bəyimsarov kəndlərində "Aqrolizinq" ASC-nin
filialları fəaliyyət göstərir. Bu filialların
müdiri Rafiq Abbasovdur.
- Ötən il müəssisəmizdə
7 kombayn vardı. Onların gücü ilə 2 min hektara
yaxın sahənin məhsulunu biçib yığdıq. Son
illər ilk dəfə olaraq rayon üzrə yüksək
göstəricilərə nail olundu, hər hektardan 29,3 sentner
buğda və 29,8 sentner arpa götürüldü,
bütövlükdə rayonda 48828,8 ton taxıl istehsal olundu.
Bu il "Aqrolizinq"
ASC-nin Tərtər filialının fəaliyyəti genişlənmişdir.
Müəssisə daha 5 xarici taxılbiçən kombayn
almışdır ki, bu da hazırda taxıl zəmilərində
məhsulun sürətlə biçilməsini təmin edir. Həmçinin
Bəyimsarov kənd filialında tikilmiş tutumu 2500 ton olan
anbar əhalinin müxtəlif gübrə və əkinçilikdə
istifadə olununan digər preparatlarla təmin edir. Eyni zamanda,
texnikanın təmiri üçün müxtəlif sexlər
vardır. Bütövlükdə isə filiallarda 12 kombayn, 3
ot kipi bağlayan, 2 qoşqulu traktor, 10 özüyeriyən otbiçən,
4 dırmıq, 4 mala və digər kənd təsərrüfatı
texnikası cəmləşib.
Hazırda
"Aqrolizinq" ASC-nin Tərtər filiallarında 41 nəfər
çalışır. Onların əksəriyyəti öz
işini yaxşı bilən təcrübəli
mexanizatorlardır.
Tərtərdə
taxıl biçininə ruh yüksəkliyilə
başlanmışdır. Bunun başlıca səbəblərindən
biri fermerlərə dövlət tərəfindən göstərilən
yardımlardır. Təkcə 2008-ci ildə rayonumuzda torpaq
istifadəçilərinə 1 milyon 27 min, buğda əkənlərə
isə 744 min manat kompensasiya ödənilmişdir, - deyə
R.Abbasov bildirdi.
Svetlana BAĞIROVA
Azərbaycan.- 2009.- 24 iyun.- S. 6.