Azərbaycan əsgəri Ali Baş Komandanın "İrəli" əmrini yerinə yetirməyə tam hazırdır

 

"Bizim ordumuz daha da güclü, daha da nizamlı olmalıdır. Bunu etmək üçün biz hamımız çalışmalıyıq. Azərbaycanda ordu quruculuğu ümumxalq işidir. Dövlət buna öz qayğısını, diqqətini göstərir. Azərbaycan xalqı, Azərbaycanda yaşayan, işləyən bütün insanlar, bütün qurumlar, özəl sektorun nümayəndələri də bu məsələyə böyük diqqətlə yanaşmalıdırlar. Mən əminəm ki, bizim ordumuz bundan sonra da öz potensialını gücləndirəcək və qarşıda duran bütün vəzifələri yerinə yetirəcək, Azərbaycan torpaqlarını işğaldan azad edəcəkdir".

 

İlham ƏLİYEV

 

Azərbaycan ordusunda rabitə imkanlarının inkişafı, bu hərbi istiqamətin fəaliyyətinin daha da təkmilləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Son illərdə bu sahəyə göstərilən qayğı və diqqət öz uğurlu nəticələrini vermişdir. İndi bütün növ hərbi birləşmələrdə ayrıca rabitə bölmələri fəaliyyət göstərir. Əlahiddə rabitə birlikləri zəruri texnika ilə tam komplektləşdiriliblər. Hərbi rabitəçilərimizin arsenalında ən müasir hərbi rabitə avadanlıqları, komanda qərargah maşınları və digər müxtəlif təyinatlı texnika var.

 

Əsgəri xidmət kişilik məktəbidir

 

"N" Əlahiddə Təlim Rabitə Taborunda əsgərlərin mənəvi-psixoloji durumları yüksək səviyyədə idi. Müxtəlif vaxtlarda hərbi xidmətə çağrılmalarına, müxtəlif ailələrdə, ayrı-ayrı mühitlərdə böyümələrinə baxmayaraq əsgərlər arasındakı münasibətlər ürəkaçandır.

Ümumiyyətlə isə burada axırıncı dəfə nə vaxt xoşagəlməz halın baş verdiyini söyləmək çətindir. Təbii ki, təmiz kazarmanın, yüksək maddi və mənəvi təminatın olduğu yerdə ləyaqətlə qulluq etməkdən başqa heç nə ola bilməz.

Ağdaş Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış əsgər Nicat Tahirov bildirir ki, ordu sıralarına çağrılana qədər Silahlı Qüvvələrdə aparılan quruculuq işləri, islahatlar və əsgər həyatı barədə çox az şey bilirmiş: "Bura gələn ilk gündən bütün gənc əsgərlər kimi mən də hərbi şəraitə uyğunlaşmağa başladım. Çünki hərbi həyat mülki həyatdan çox fərqlənir və əgər əsgər ordu şəraitinə uyğunlaşmasa, ilk növbədə, hərb elminin sirlərinə yiyələnə bilməz, digər tərəfdən xidmətdə müəyyən çətinliklərlə üzləşər. Təbii ki, bizim əsgər kimi formalaşmağımızda əməyi olan əsas insanlar zabitlərimizdir. Hər gün peşəkar zabitlərin rəhbərliyi ilə müxtəlif dərslər, əsasən də rabitə təlimi keçirik. Əsgərlərin maddi təminatı da çox yüksək səviyyədədir.

Cəmi iki aydır hərbi forma geyinməyimə baxmayaraq mən Azərbaycan ordusunun qüdrətini gündəlik əsgər həyatımda hiss edirəm. Biz artıq özümüzü mübariz əsgər kimi hiss etdiyimiz üçün əminik ki, əgər müharibə başlanarsa, işğal altında olan ərazilərimizin düşməndən azad edilməsinə mübariz rabitəçi kimi töhfəmizi verəcəyik. Əsgəri xidmət bizim üçün kişilik məktəbidir".

Taborda zabitlərlə söhbət zamanı o da aydın oldu ki, bəzən burada xidmətə yeni gələn əsgərlərin ordu həyatına öyrəşmələri ilə bağlı müəyyən çətinliklər müşahidə olunur. Zabitlər əsgərlərin ordu həyatına çətin alışmalarını orta məktəblərdə hərbi xidmətin özəllikləri və əsgər həyatı ilə bağlı məşğələlərin yetərincə olmaması ilə əlaqələndirdilər. Amma zabit Ədalət Çobanovun sözlərinə görə, indiyədək bu hərbi hissədə hər hansı əsgərin mənəvi durumu ilə bağlı ciddi problem yaşanmayıb. Əsgərlərlə ilk gündən fərdi iş aparılır, onların mənəvi-psixoloji durumu daim komandirlərin diqqət mərkəzində olur. Hətta ilk günlərdə mülki həyat, ailəsi üçün darıxan əsgər karantin müddətindən sonra valideynlərinin onun arxasınca hərbi hissəyə gəlməsini istəmir.

Zabit Qəmbər Məmmədov bildirir ki, əsgərliyə qədərki ibtidai hərbi hazırlıq qənaətbəxş deyil və çox aşağı səviyyədədir. Bununla belə, əsas çətinliklər gənclərin ordu sıralarına daxil olduğu ilk vaxtlarda olur. Sonrakı müddətdə hərbi şəraitə uyğunlaşma normal gedir. Bəzən əsgərlərin orta təhsil səviyyəsinin aşağı olması da müəyyən çətinliklər törədir.

Kazarmalarda gördüklərimiz də əsgərlərin mənəvi-psixoloji durumunun yüksək olduğunu, onlara hərbi vətənpərvərlik hisslərinin aşılanması üçün zabitlər tərəfindən lazımi iş aparıldığını təsdiq edirdi. Bütün istirahət otaqlarında Azərbaycanın dövlət atributlarının mənasından, qan yaddaşımızdan, görkəmli hərbi sərkərdələrimizin keçdiyi həyat yolundan bəhs edən plakatlar vardı. Təkcə bu otaqdakı əyani vəsaitlərlə tanışlıq hər bir əsgərə nə üçün hərbi xidmətə gəldiyini tam mahiyyəti ilə izah edirdi. Hərbi hissə ərazisinin müxtəlif yerlərində əsgərlərə hərbi vətənpərvərlik hissləri aşılayan plakatlar, ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan ordusu ilə bağlı nitqlərindən çıxarılan sitatların əks olunduğu, eyni zamanda, Azərbaycan Respublikasının dövlət atributlarından bəhs edən tablolar quraşdırılıb.

Burada diqqətimizi cəlb edən digər məqam, hər bölüyün divar qəzetinin olması idi. Onların arasında III təlim bölüyünün "Rabitəçi" divar qəzeti olduqca maraqlı idi. Qəzetdə əsgərlərin "Ümummilli lider", "Nizam-intizam", "Cümhuriyyət tarixi", "Döyüş hazırlığı" başlığı ilə yazdıqları məqalələr yer almışdı.

 

Ordumuzun arsenalında ən müasir radiostansiyalar var

 

Bura təlim taboru olduğundan bir müddətdən sonra əsgərlər digər hərbi hissələrə, o cümlədən ön xəttə xidmətə göndərilirlər. Əsgərlərlə söhbət zamanı onlar ön xətdə qulluq etməyi özlərinə şərəf bildiklərini və əsl hərbi xidmətin məhz cəbhədə olduğunu dedilər. Kürdəmir Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış əsgər Namiq Mustafayev qeyd etdi ki, yaxın vaxtlarda buradakı gənc əsgərlər xidmətlərini ayrı hərbi hissələrdə, o cümlədən ön xətdə döyüş tapşırığını yerinə yetirən bölmələrdə davam etdirəcəklər: "Bu, bizi qətiyyən qorxutmur və əksinə, səngərdə xidmət etməyi özümüz üçün şərəf bilirik. Ordumuzun günbəgün qüdrətlənməsi, əsgərə olan xüsusi diqqət və qayğı bizim hamımızın mənəvi-psixoloji vəziyyətinə birbaşa təsir edən amildir. Arxamızda güclü dövlətin olduğunu hiss edəndə daha mübariz olur, torpaqlarımızın işğaldan azad edilməsi üçün alışıb-yanırıq. Biz, gənc əsgərlər, tez-tez cəbhə xəttində xidmətimizə dair söhbətlər edirik. Hiss edirik ki, hamımız məhz səngərdə xidmət istəyirik. Bütün əsgərlərin arzusu budur ki, torpaqlarımızın düşməndən azad edilməsi hərbi xidmət dövrümüzə təsadüf etsin. Qalib əsgər kimi ailəmizin yanına dönmək bizim üçün ən böyük şərəf olardı".

Hərbi hissənin hərbi-texniki təchizatı da qürur doğurur. Hərbi texnika, maşınlar, xüsusən, ən müasir radiostansiyalarla tanışlıq zamanı Azərbaycanın artan hərbi xərclərinin ordumuzun maddi-texniki imkanlarını gucləndirməsi ilə bağlı deyilən fikirlərin əyani şahidi olduq. Son illərdə hərbi hissənin texniki təchizatı əhəmiyyətli dərəcədə yenilənib.

Təlim taborunda əsas vəzifə əsgərlərə hərbi rabitə texnikalarını işlətməyi və idarə etməyi öyrətmək olduğundan rabitə dərsləri ilə maraqlandıq. İlk daxil olduğumuz sinifdə əsgərlər R-140 radiostansiyasının taktiki-texniki xüsusiyyətlərini və onu idarə etməyin yollarını öyrənirdilər. Onlara bu radiostansiya ilə işləməyin sirrini zabit Ramiz Həsənov öyrədirdi.

R-140 radiostansiyası barədə məlumat verən təlimatçı bildirdi ki, telefon-teleqraf növlü, dupleks-simpleks rejimli avtomatlaşdırılmış, avtomobil üzərində qurulmuş radiostansiya qısadalğalı diapazonludur. Radiostansiyanın vəzifəsi ordu və cəbhə radioçevrələrində uzaq məsafə ilə telefon-teleqraf növlü rabitə əlaqəsinin yaradılmasıdır. Tədris prosesi olduqca maraqlı keçirdi. Radiostansiyanın heyəti 4 nəfərdən ibarətdir; rəis, radiomexanik, baş radiomexanik və sürücü elektromexanik. Heyətin vəzifəsi verilmiş döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirməkdən, rabitəni fasiləsiz təmin etməkdən ibarətdir. Uzaq məsafədən də idarəsi mümkün olan bu radiostansiya düşmənlə əlaqəyə girə bilər. Sual-cavab hissəsində əsgərlər onlara qaranlıq qalan məqamlarla bağlı təlimatçıya müraciət edir və mənimsədikləri məlumatları yenidən təkrarlayırdılar.

Ramiz Həsənovun sözlərinə görə, rabitə taborunda xidmət etmək ona həm qürur, həm də böyük zövq verir: "Gərək hər kəs öz peşəsini sevsin. Bu zaman həm vəzifənin öhdəsindən layiqincə gələrsən, həm də zəhmətin hədər getməz. İndiyə qədər minlərlə əsgərə hərbi rabitəçi işini öyrətmişəm. Hələ bir dəfə də olsun onların göndərildiyi hərbi hissələrdən bizə şikayət daxil olmayıb. Əksinə, təşəkkür edilib ki, əsgərlər rabitəçi işini yaxşı bacarırlar".

Digər sinifdə zabit Qəmbər Məmmədov R-4620 radiostansiyalarının idarə olunması və işlədilməsi qaydalarını əsgərlərə başa salırdı. Burada əsgərlər digər texnika ilə yanaşı, R-4620 radiostansiyasında işləmək bacarığına yiyələnirlər. Radioqərargah sinfində isə bölük komandiri, zabit Asəf Məhərrəmov əsgərlərə R-142N komanda qərargah maşınının taktiki-texniki göstəricilərindən dərs keçirdi.

Komandirlər əminliklə bildirdilər ki, bu əsgərlərlə ən ağır döyüşlərdə rabitə əlaqəsini yüksək səviyyədə qurmaq olar. Onların hər biri təlim taborunda olduğu üç ay müddətində bütün radiostansiyaların incəliklərinə tam yiyələnir. Zabitlər bir maraqlı məsələni də qeyd etdilər. Burada rabitəçi peşəsini mənimsəməklə əsgərlər gələcək mülki həyatlarını da bir növ, sığortalamış olurlar. Yəni, hərbi xidməti başa vurduqdan sonra onlar mülki həyatda da rabitə sahəsində çalışmaq imkanı qazanırlar.

 

Əsgərlərin sağlamlığı və qidalanması ən yüksək səviyyədə təmin edilir

 

Taborun tibb məntəqəsinə də baş çəkdik. Hərbi hissənin tibb xidmətinin rəisi, zabit İlfəddin Əliyevin sözlərinə görə, əsgərlər mütəmadi olaraq müayinədən keçirilmək üçün tibb məntəqəsinə gətirilirlər. Tibb məntəqəsində müalicə üçün adi xəstəxanalarda olan bütün şərait var. Qəbul otağı, sarğı otağı, müayinə otağı, palatalar və sair. Hər bir otaqda da tibbi müalicə üçün zəruri olan bütün avadanlıqlar quraşdırılıb.

Tibb məntəqəsində əsgərin müalicəsi üçün konkret müddət nəzərdə tutulur. Bu müddətə müalicə mümkün olmadıqda, əsgər növbəti tibb məntəqəsinə göndərilir. Həkimlərlə söhbət zamanı bildirdilər ki, çox az hallarda əsgərlər müalicə üçün hərbi hospitala göndərilirlər. Çünki hərbi hissədə şərait elədir ki, təsadüfi hallarda əsgərdə ciddi xəstəlik baş qaldıra bilər. Soyuq aylarda əsgər yataqxanaları yaxşı qızdırıldığından soyuqdəymə tək-tük halda baş verir. İlk baxışdan görünürdü ki, həkimlər hər bir əsgərin sağlamlığının keşiyində mübariz dayanıblar.

Məntəqədə olduğumuz zaman zabit İlfəddin Əliyev və feldşer Teymur Həsənov əsgərləri müayinədən keçirirdilər.

Hərbi hissədə əsgərlərin ərzaq təminatı ilə də maraqlandıq. Burada əsgərin qida rasionuna çoxsaylı ərzaq məhsulları daxildir və yeməkxanada bunların əyani şahidi olduq. Yeməkxanada olduğumuz zaman ilk baxışdan səliqə-sahman, təmizlik diqqətimizi cəlb etdi. Yeməkxana növbətçisinin sözlərinə görə, nümunəvi hərbi hissənin yeməkxanası da nümunəvi olmalıdır və əslində, burada təmizliyin yüksək səviyyədə saxlanması adi normadır. Başqa cür ola da bilməz.

Taborda gördüklərimiz təsdiq edirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün bölmələri ildən-ilə güclənir və modernləşir. Ən əsası, ordu sıralarında xidmət edən hər kəsin mənəvi saflığı insanda daha nikbin ovqat oyadır. Hər kəs əmindir ki, bir gün torpaqlarımızın azadlığı uğrunda Ali Baş Komandan tərəfindən "hücum" əmri verilsə, hərbi birləşmələrimiz bir həmlədə düşmənə layiqli zərbə vuracaq! İnanırıq ki, o gün uzaqda deyil!

 

 

İxtiyar HÜSEYNLİ,

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2009.- 25 iyun.- S.4.