Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışı

 

- Əziz hərbçilər!

Əziz əsgərlər, gizirlər, zabitlər, generallar!

İlk növbədə, mən sizin hamınızı və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə və bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzu etmək istəyirəm.

Azərbaycan Ordusu güclü ordudur. Azərbaycanda ordu quruculuğu prosesi uğurla və sürətlə davam etdirilir. 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda nizami ordunun yaradılması istiqamətində əməli işlər görülməyə başlanmışdır. Heç kəs üçün sirr deyil ki, əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev Azərbaycanın rəhbərliyində olsa idi heç vaxt Azərbaycan torpaqları işğal altına düşməzdi.

1993-cü ildən bu günə qədər bizim ordumuz, bütün Silahlı Qüvvələr çox şərəfli və böyük yol keçmişdir. Orduda peşəkarlıq və döyüş qabiliyyəti artır. Mən hərbi hissələrdə tez-tez oluram və özüm müşahidə edirəm ki, bizim hərbi gücümüz gündən-günə artır. Bu gün keçirilən irimiqyaslı hərbi təlimlər bunun gözəl nümunəsidir. Ordumuzun peşəkarlığı artır, eyni zamanda, maddi-texniki bazası da möhkəmlənir. Bu gün Azərbaycan Ordusu çox böyük imkanlara malikdir. Son illər ərzində ordumuzun gücləndirilməsi üçün çox böyük işlər görülübdür. Hərbi xərclərimiz ildən-ilə artır. Son 5 il ərzində Azərbaycanda bütün hərbi xərclər 6,5 milyard dollar səviyyəsində idi. Bu, əlbəttə ki, bizim hərbi gücümüzü böyük dərəcədə artırmışdır. Bu il hərbi büdcəmiz 2 milyard dollardır. Gələcək illərdə bu məbləğ daha da artacaqdır. Görülən bütün bu işlərin nəticələrini biz görürük. Ordumuzun döyüş qabiliyyəti artır. Ordumuz istənilən vəzifəni icra etməyə qadirdir.

Bir neçə il bundan əvvəl Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Artıq nazirliyin nəzdində 19 müəssisə fəaliyyət göstərir, 400 növdən artıq müdafiə təyinatlı məmulat istehsal olunur. Şübhə etmirəm ki, növbəti təlimlərdə Azərbaycanda istehsal olunan məhsullar da nümayiş etdiriləcəkdir.

Bugünkü irimiqyaslı təlimlərdə ordu ilə bərabər Sərhəd Qoşunları və Daxili Qoşunlar iştirak etmişdir. Sərhəd Qoşunları və Daxili Qoşunların öz funksiyaları vardır. Ancaq bu iki hərbi qurum istənilən anda istənilən vəzifəni icra etməyə qadirdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün lazımi tədbirlərin görülməsində də ordu ilə bərabər bu iki qurumun böyük əməyi ola bilər. Məhz bu məqsədlə son illər ərzində Daxili Qoşunlar və Sərhəd Qoşunlarının maddi-texniki bazasının gücləndirilməsi üçün çox böyük işlər görülübdür. Bu gün bütün hərbi qurumlar birlikdə öz məharətini, öz peşəkarlığını göstərmişlər.

Keçən il biz Azərbaycanda Silahlı Qüvvələrin 90 illik yubileyini qeyd edərkən böyük hərbi parad keçirdik. O parad bizim imkanlarımızı açıq-aydın göstərmişdir. Bugünkü təlimlər bizim ordumuzun döyüş potensialını göstərir. Bizim döyüş potensialımız həqiqətən çox yüksək səviyyədədir. Orduda ruh yüksəkliyi lazımi səviyyədədir, peşəkarlıq artır və belə təlimlərin keçirilməsi mütəmadi qaydada aparılmalıdır. Bizim əsgərlərimiz, hərbçilərimiz döyüş əməliyyatının aparılması üçün daim hazır olmalıdırlar.

Bizim ərazi bütövlüyümüz pozulubdur. Uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Biz çalışırıq və çalışacağıq ki, məsələni danışıqlar yolu ilə həll edək. Ancaq 15 il ərzində - atəşkəs rejimi bağlanandan sonra aparılan danışıqlar heç bir nəticə vermir. Belə olan halda təbii ki, biz ordumuzun gücünə güvənməliyik. Məhz bu məqsədlə son illər ərzində mütəmadi qaydada ordu potensialının gücləndirilməsi üçün praktiki tədbirlər görülübdür. Bu gün bizim ordumuz bölgədə ən qüdrətli ordudur. Azərbaycanda istənilən vəzifəni icra etməyə qadir olan silahlı birləşmələr fəaliyyət göstərir və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün biz lazım olan halda hərbi gücdən də istifadə edə bilərik. Bu, bizim suveren hüququmuzdur. Beynəlxalq hüquq normaları da bizə bu imkanı verir.

Mən şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu ədalətsizliyə son qoyulacaqdır. Çünki bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Mötəbər beynəlxalq təşkilatların qərarları, qətnamələri Azərbaycanın mövqeyini əks etdirir. Silahlı qüvvə, hərbi güc bizim tərəfimizdədir. İqtisadi potensial bizim tərəfimizdədir. Azərbaycan iqtisadiyyatı hətta böhranlı aylarda uğurla inkişaf edir. Bizim ümumi dövlət büdcəmiz bu il təxminən 16 milyard dollar səviyyəsindədir. Bütün bunları Azərbaycan öz hesabına qazanmışdır. Biz bəzi başqa ölkələr kimi xarici yardımdan asılı deyilik, xarici ölkələr tərəfindən verilən yardımlarla, ianələrlə özümüzü təmin etmirik. Biz öz gücümüzə arxalanırıq, Azərbaycan xalqının gücünə arxalanırıq iqtisadi potensialın gücləndirilməsi nəticəsində bu gün güclü ordunun yaradılması mümkün olmuşdur. Əgər bu olmasaydı, bu gün bizim imkanımız olmazdı, pulumuz olmazdı.

Bizim həm siyasi sahədə, həm iqtisadi məsələlərin həllində çox düşünülmüş strategiyamız var, taktikamız var. Azərbaycanın hərtərəfli inkişaf etdirilməsi üçün lazımi tədbirlər görülür və ordu quruculuğu prosesi bu işlərdə başlıca rol oynayır. Yenə də deyirəm, biz müharibə şəraitində yaşayırıq, buna görə də biz ilk növbədə, ordu quruculuğu ilə məşğul olmalıyıq və məşğul oluruq. Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və hər an hazır olmalıyıq ki, öz doğma torpağımızı düşməndən silahlı yolla azad edək.

Biz Silahlı Qüvvələr günü ərəfəsindəyik. Bu, böyük bayramdır, Azərbaycanda rəsmi bayram kimi qeyd olunur. Bu bayram ərəfəsində Silahlı Qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar, cansağlığı və xoşbəxtlik arzulayıram.

Sağ olun.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 iyun.- S. 1.