"Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul qaydaları"nın təsdiq edilməsi barədə

 

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 3 oktyabr tarixli 830 nömrəli Fərmanının 1.4-cü bəndinin icrası ilə bağlı qərara alıram:

1. "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 566 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 9, maddə 581; 2003-cü il, ¹ 8, maddə 441; 2007-ci il, ¹ 8, maddə 768, ¹ 9, maddə 873; 2008-ci il, ¹ 5, maddə 363) qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu fərmanla təsdiq edilən "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları"nın 4-cü bəndinin ikinci abzasında nəzərdə tutulmuş inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 25 iyun.- S. 3.