Ölkəmizdə təhsilin
müasir tələblər səviyyəsində
inkişafını təmin edən və beynəlxalq təhsil
sisteminə inteqrasiyaya geniş imkanlar verən mühüm
dövlət proqramları qəbul edilmişdir. Həmin
proqramların reallaşdırılması nəticəsində
təhsil infrastrukturu müasirləşir, təhsil alanlar
üçün bərabər imkanlar yaradılır, keyfiyyətin
yaxşılaşdırılması və davamlı
inkişaf istiqamətində əsaslı tədbirlər həyata
keçirilir.
Son illər ərzində
yeni tikilmiş, əsaslı təmir olunmuş və yenidən
qurulmuş məktəblərin sayı 1600-ə
çatmışdır. Hazırda yüksək maddi-texniki
bazaya malik olan həmin məktəblərdə 700 mindən
artıq şagird təhsil alır. Bununla yanaşı, qəza
vəziyyətinə düşmüş və təlim
üçün zəruri şəraiti olmayan ümumtəhsil
məktəbləri hələ də qalmaqdadır.
Azərbaycan
Respublikasında təhsil sisteminin müasir tələblər
səviyyəsində təşkilinin böyük əhəmiyyətini
nəzərə alaraq, qəza vəziyyətində olan
ümumtəhsil müəssisələrinin yenidən
qurulması işlərinin davam etdirilməsi məqsədi ilə
qərara alıram:
1. 2009-cu ilin dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə qəza vəziyyətində
olan ümumtəhsil məktəb binalarının yenidən
qurulması işlərinin davam etdirilməsi üçün
13,0 (on üç) milyon manat məbləğində vəsait
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın
ki, bu sərəncamın 1-ci bəndində nəzərdə
tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən
olunmuş qaydada təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 25 iyun.- S. 2.