İyunun 24-də Milli Məclisin
Sədri Oqtay Əsədov Litva Respublikası Seyminin baş
katibinin müavini Qedeminas Aleksonisin başçılıq
etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
Səmimi keçən
görüşdə parlamentin Sədri bildirdi ki, Azərbaycan
Litva ilə əlaqələrin inkişafına böyük əhəmiyyət
verir. Avratlantik strukturlara inteqrasiya ölkə rəhbərliyinin
daim diqqət mərkəzindədir. Biz Avropa
İttifaqının xətti ilə həyata keçirilən
"Twining" layihəsinin iştirakçısı olmaqdan
çox məmnunuq. Litva parlamenti ilə birgə həyata
keçiriləcək proqram qanun
yaradıcılığı sahəsində təcrübə
və informasiya mübadiləsi baxımından çox
önəmlidir. Hər iki ölkənin parlament aparatı rəhbərliyi
tərəfindən bu barədə sənədin
imzalanması təqdirəlayiqdir.
Milli Məclisin Sədri
Litvaya səfərini də xatırladaraq dövlətlərarası
münasibətlər sistemində parlamentlərin rolunu
yüksək dəyərləndirdi. Qeyd etdi ki,
deputatlarımızın mütəmadi görüşləri,
qarşılıqlı səfərlər maraq doğuran məsələlərin
müzakirəsi və mövqelərin dəqiqləşdirilməsi
baxımından çox əhəmiyyətlidir. Demokratik
dövlət quruculuğunda inamla addımlayan Azərbaycan
Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlığın
dərinləşməsinə böyük maraq göstərir.
Litvalı qonaq Azərbaycana
gəlişindən və burada gördüyü inkişafdan
məmnun qaldığını bildirdi. Dedi ki, iki ölkənin
parlamentləri arasında imzalanmış "Twining" layihəsi
münasibətlərimizin daha da dərinləşməsinə
müsbət təsir göstərəcəkdir.
Söhbət zamanı
layihə çərçivəsində görüləcək
işlər və parlamentlərarası əlaqələrin
inkişaf perspektivləri barədə də fikir mübadiləsi
aparıldı.
Görüşdə
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev
və digər rəsmi şəxslər iştirak edirdilər.
Azərbaycan.- 2009.- 25 iyun.- S. 3.