Qonaqlar əvvəlcə
Milli Məclisin iclas salonuna baxmış, burada deputatlar
üçün yaradılmış iş şəraitini
yüksək qiymətləndirmişlər. Parlamentin
binasındakı Heydər Əliyev Xatirə zalı ilə
tanış olan litvalı deputatlar xalqımızın
ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini,
dünyanın tanınmış siyasətçilərinin Azərbaycana
səfərlərini və ulu öndərlə
görüşlərini əks etdirən fotoşəkilləri,
tarixi sənədləri maraqla izləmişlər.
Sonra Azərbaycan
Respublikasının Milli Məclisi ilə Litva
Respublikasının Seymi arasında "Twining" layihəsinin
icrasına dair sənədin imzalanması mərasimi
olmuşdur.
Milli Məclis
Aparatının rəhbəri Səfa Mirzəyev Avropa
Komissiyasının maliyyələşdirdiyi və iki ölkə
parlamentinin birgə həyata keçirəcəyi
"Twining" layihəsini yüksək qiymətləndirmişdir.
Demişdir ki, iki il müddətinə reallaşacaq layihə
ölkələrimiz arasında qanunvericilik prosesinin
yaxınlaşmasının dəstəklənməsi, icra
hakimiyyətləri ilə səmərəli əməkdaşlıq,
bu sahədə biliklərin artırılması,
qanunvericiliyin təsirinin qiymətləndirilməsi
üsullarının işlənməsi məsələlərini
özündə əks etdirir.
S.Mirzəyev yeni layihənin
parlamentlərimiz arasında əməkdaşlıq əlaqələrinin
genişlənməsinə, qarşılıqlı təcrübə
mübadiləsinin aparılmasına müsbət təsir
göstərəcəyinə əminliyini ifadə
etmişdir. Bildirmişdir ki, belə layihələrin
icrası həm də Azərbaycanın Avropaya
inteqrasiyasını daha da sürətləndirəcəkdir.
Litva Seymi baş katibinin
müavini Qedeminas Aleksonis demişdir ki, icrasına cari ilin
sentyabrında başlanacaq layihənin yüksək səviyyədə
reallaşması ilə bağlı ciddi hazırlıq
işləri görülmüş, bu işə 50-dək
ekspert cəlb olunmuşdur. Qonaq layihənin ölkələrimiz
və parlamentlərimiz arasında əməkdaşlıq əlaqələrinin
daha da möhkəmlənməsinə xidmət edəcəyinə
əminliyini ifadə etmişdir.
Görüşün
sonunda Səfa Mirzəyev və Qedeminas Aleksonis "Twining"
layihəsinin icrasına dair sənədi imzalamışlar.
Sənədin
imzalanması mərasimində Litvanın Azərbaycandakı səfiri
Kestutis Kudzmanas iştirak etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 25 iyun.- S. 5.