Vətəndaşların müraciətlərinə baxılması işini yaxşılaşdırmaq yerli icra hakimiyyəti orqanlarının mühüm vəzifəsidir

 

Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının təmin olunmasını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı İlham Əliyev vətəndaşların müraciətlərinə baxılmasına xüsusi önəm verir, onların qaldırdıqları məsələlərin obyektiv həllini vəzifəli şəxslərdən qətiyyətlə tələb edir.

Dövlətimizin başçısı hər bir vətəndaşın Prezidenti olduğunu dəfələrlə qeyd edərək, insanlara qarşı diqqətli olmağı, xalqa xidmət göstərməyi və bununla da Azərbaycan dövlətini daha da gücləndirməyi bütün dövlət qulluqçularının qarşısında bir vəzifə kimi qoymuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aparatlarında, habelə idarə, müəssisə və təşkilatlarda vətəndaşların müraciətlərinə baxılmasının, onların qəbulunun və sənədlərlə işin təşkilində müvafiq normativ hüquqi aktların tələblərinin dəqiq və tam icrasını təmin etmək, bu işin səviyyəsini yüksəltmək və səmərəsini artırmaq istiqamətində müntəzəm iş aparır.

İyunun 24-də Gəncə şəhərində Gəncə-Qazax iqtisadi zonasına daxil olan 11 şəhər və rayonun - Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir və Tovuzun icra hakimiyyəti başçılarının, həmin rayonların icra hakimiyyəti başçıları aparatlarının məsul işçilərinin, qəsəbə və kənd icra nümayəndələrinin, bələdiyyə şuraları sədrlərinin, mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional qurumlarının rəhbərlərinin iştirakı ilə vətəndaşların müraciətlərinə baxılmasının və sənədlərlə işin təşkilinin yaxşılaşdırılması mövzusunda zona seminar-müşavirəsi keçirilmişdir. Seminar-müşavirədə 500-dən çox nümayəndə iştirak etmişdir.

Seminar-müşavirəni Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açaraq müzakirə olunan məsələnin həm vətəndaşlar, həm də yerli icra hakimiyyəti orqanları üçün böyük əhəmiyyət daşıdığını qeyd etmiş, tədbirin Gəncə-Qazax iqtisadi zonasına daxil olan şəhər və rayonlarda vətəndaşların gündəlik qayğılarının həllinə müsbət təsir göstərəcəyini bildirmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Prezident Administrasiyasında sənədlərin ekspertizası və arxiv işi üzrə Mərkəzi Ekspert Komissiyasının sədri Süleyman İsmayılov son illərdə respublikada, o cümlədən Gəncə-Qazax zonasında görülən böyük quruculuq işlərindən danışaraq qeyd etmişdir ki, ölkəmizin Prezidenti İlham Əliyev bu regiona xüsusi diqqət yetirir və son beş ildə onun bu zonaya 9 dəfə səfər etməsi buna əyani sübutdur. Dövlətimizin başçısının regiona hər bir səfəri burada gedən abadlıq və quruculuq işlərinə yeni vüsət vermişdir. Təkcə bu il regionda yeni yaradılmış 85 böyük və kiçik müəssisə hesabına 1574 yeni iş yeri açılmış, bütövlükdə respublika və region əhalisinin daha yaxşı yaşaması, həyat səviyyəsinin yüksəldilməsi, onların gündəlik qayğı və problemlərinin həll edilməsi üçün kifayət qədər geniş imkanlar açılmışdır.

S.İsmayılov qeyd etmişdir ki, ölkə vətəndaşlarına öz arzu-istəklərini və problemlərini dövlət başçısına çatdırmaq üçün Prezident Administrasiyasında hər cür şərait yaradılmış, bu məqsədlə cənab Prezidentin rəsmi saytı yeniləşdirilmişdir. İndi istər respublikadan, istərsə də xarici ölkələrdən hər bir şəxs Azərbaycan Prezidentinə birbaşa müraciət etmək imkanı qazanmışdır. Təkcə 2008-ci ildə Prezidentin rəsmi internet saytına 6390 müraciət daxil olmuşdur.

Vətəndaşların həm yazılı, həm də şifahi müraciətlərinə, o cümlədən internet vasitəsilə göndərdikləri bütün müraciətlərə Prezident Administrasiyasında böyük qayğı və həssaslıqla yanaşılır, qaldırılan məsələlərin obyektiv baxılaraq həll edilməsinə xüsusi əhəmiyyət verilir. Bu məqsədlə Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində geniş təhlillər aparılır və bütün dövlət orqanlarında vətəndaşların müraciətlərinə baxılması işini daha da yaxşılaşdırmaq üçün lazımi tədbirlər görülür. Bundan əvvəl Lənkəran, Şirvan və Yevlax şəhərlərində keçirilən seminar-müşavirələr kimi, Gəncədə baş tutan seminar-müşavirə də həmin tədbirlərdən biridir.

Prezident Administrasiyasına daxil olan müraciətlərdən danışarkən Süleyman İsmayılov xüsusi olaraq vurğulamışdır ki, ərizə, şikayət və ya təklif olmasından asılı olmayaraq, vətəndaşların bütün müraciətlərində ölkəmizin Prezidentinin daxili və xarici siyasəti dəstəklənir, vətəndaşlar dövlətimizin başçısına böyük inam bəslədiklərini bildirirlər.

Bütövlükdə, son illərdə Prezident Administrasiyasına daxil olan müraciətlərdə şikayətlərin faizi azalmaqdadır.

Süleyman İsmayılov seminar-müşavirədə vətəndaşların müraciətlərinə baxılmasını və bu sahədə kargüzarlığın aparılmasını tənzimləyən normativ hüquqi aktların əsas müddəaları üzərində dayanaraq bildirmişdir ki, bu iş 1997-ci ildə ulu öndər Heydər Əliyevin təsdiq etdiyi "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanunu, həmin qanundan sonra qəbul edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları" respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında sənədlərlə iş və kargüzarlığa dair müvafiq təlimatlarla tənzimlənir. Şöbə müdiri həmin normativ hüquqi aktlara sonradan edilmiş dəyişiklik və əlavələri şərh etmiş, eyni zamanda "Dövlət qulluğu haqqında" qanunda və dövlət qulluğuna dair digər normativ hüquqi aktlarda dövlət qulluqçuları üçün bu sahədə müəyyən edilmiş vəzifələr barədə ətraflı məlumat vermişdir.

Natiq Prezident Administrasiyasına Gəncə-Qazax zonasının şəhər və rayonlarından daxil olmuş müraciətlərin ümumi sayı, onların növləri, mövzuları, müraciətlərdə qaldırılan əsas problemlər, müraciətlərə baxılmasının nəticələri, bu sahədə nəzarətin təşkili, müraciətlərə baxılmasında yol verilən əsas nöqsanlar, həmçinin son illərdə əldə olunmuş irəliləyişlər, vətəndaşların qəbulunun təşkilindəki müsbət və mənfi hallar barədə geniş söhbət açaraq demişdir ki, Prezident Administrasiyasına respublika sakinlərindən daxil olan müraciətlərin 2007-ci ildə 12,1 faizini, 2008-ci ildə 11,9 faizini bu zonadan yazılmış müraciətlər təşkil edir. Ümumiyyətlə, zonanın şəhər və rayonlarının əksəriyyətində vətəndaşların obyektiv tələblərinin müsbət həll olunması onların bu işə daha ciddi diqqət yetirməsinin nəticəsidir.

S.İsmayılov xüsusilə regiondan Prezident Administrasiyasına daxil olmuş kollektiv və təkrar müraciətləri ətraflı təhlil etmiş, belə müraciətlərin, o cümlədən şikayətlərin yaranma səbəblərini göstərərək, seminar-müşavirənin iştirakçılarına tövsiyə etmişdir ki, hər bir vətəndaşın müraciətinə daha böyük qayğı və diqqətlə yanaşsınlar. O, təkrar müraciətlərin vətəndaşlara vaxtında və qanunda nəzərdə tutulmuş müddətlərdə əsaslandırılmış cavabların verilməməsi nəticəsində yarandığını qeyd edərək göstərmişdir ki, bəzi şəhər və rayonların sakinlərinin yerli icra hakimiyyətlərindən daha çox Prezident Administrasiyasına müraciət etməsi onların həmin şəhər və rayonlarda qarşılaşdıqları biganəlik hallarından irəli gəlir.

Prezident Administrasiyasının şöbə müdiri yerli icra hakimiyyəti orqanlarında qəbul cədvəllərinə bütün vəzifəli şəxslər, ilk növbədə icra hakimiyyəti başçıları, idarə və müəssisə rəhbərləri tərəfindən əməl olunmasının, vətəndaşların səyyar qəbulları ilə yanaşı, fərdi qəbullarının da qanuna müvafiq olaraq aparılmasının, qəbul cədvəlləri haqqında yerli mətbuatda müntəzəm elanlar verilməsinin, öz müraciətlərinin taleyi haqqında məlumat almalarından ötrü icra hakimiyyəti başçılarının aparatlarında, idarə, müəssisə və təşkilatlarda sorğu telefonlarının qoyulmasının və vətəndaşların operativ məlumatlandırılmasının zəruri olduğunu bildirmişdir.

Seminar-müşavirədə sənədlərlə işin təşkili və kargüzarlığın müvafiq təlimatlara uyğun aparılmasının vacibliyi də xüsusi qeyd edilmiş, şəhər və rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərin düzgün sistemləşdirilməsinin, verilmiş tapşırıqların icrasına nəzarətin gücləndirilməsinin, ölkəmizin Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin vaxtında yerinə yetirilməsinin, həmçinin rayon, şəhər icra hakimiyyəti başçılarının qəbul etdikləri qərar və sərəncamların icrasını təmin etmək üçün nəzarət işinin gücləndirilməsinin zəruriliyi xüsusi qeyd edilmişdir.

Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavini İsrafil Qurbanov 2008-ci ildə və 2009-cu ilin beş ayında mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılması vəziyyəti və nəzarət işinin təşkili barəsində danışaraq qeyd etmişdir ki, bu sahədə işi yaxşılaşdırmaq üçün hər bir şəhər və rayon icra hakimiyyəti orqanlarında müraciətlərin mövzularının, onların növlərinin, icra müddətlərinə əməl olunmasının və digər məsələlərin vaxtaşırı təhlil edilməsi, həmin təhlillərin nəticələrinin şəhər, rayon icra hakimiyyəti başçıları yanında şuraların iclaslarında geniş müzakirə edilməsi, bu işdə nöqsanlara yol vermiş şəxslər barəsində inzibati və başqa tənbeh tədbirləri görülməsi böyük əhəmiyyət daşıyır. Aparılmış təhlillər nə qədər dəqiq və obyektiv olarsa, şəhər və rayon rəhbərliyi mövcud nöqsanları bir o qədər tez aradan qaldıra bilər. Çünki real vəziyyəti bilmək real qərarlar qəbul etməyə imkan yaradır.

Seminar-müşavirədə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Musa Musayev, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə, Gəncə Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov, Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Faiq Əhmədov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Şəmkir rayonu Aşağı Seyfəli bələdiyyəsinin sədri Ələddin Əliyev, Gəncə şəhər əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Əbülfəz Orucov çıxış edərək, vətəndaşların müraciətlərinə baxılması sahəsində gördükləri işlər, bu sahədəki çatışmazlıqlar barədə məlumat vermiş, seminar-müşavirədə deyilmiş təklif və tövsiyələrdən nəticə çıxararaq, bu işi daha da yaxşılaşdırmaq üçün səy göstərəcəklərini bildirmişlər. Seminar-müşavirənin iştirakçıları onları maraqlandıran məsələlər barəsində müzakirələr aparmış və bəzi suallara aydınlıq gətirilmişdir.

Seminar-müşavirəyə yekun vuran Süleyman İsmayılov belə tədbirlərin başqa regionlarda da keçiriləcəyini, verilmiş təklif və tövsiyələrin nəzərə alınacağını bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 iyun.- S. 5.