Regional məsələlər komitəsinin iclası keçirilmişdir
İyunun 24-də Milli Məclisin
Regional məsələlər komitəsinin iclası
keçirilmişdir.
Komitənin sədri Arif
Rəhimzadə bildirmişdir ki, gündəliyə iki məsələ
- "Azərbaycan Respublikasının Hacıqabul, Salyan,
Sabirabad rayonlarının və Şirvan şəhərinin
inzibati ərazi bölgüsündə qismən dəyişiklik
edilməsi haqqında" və "Azərbaycan
Respublikasının İsmayıllı rayonunun inzibati ərazi
bölgüsündə qismən dəyişiklik edilməsi
haqqında" qanun layihələri daxil edilmişdir.
A.Rəhimzadə birinci
məsələ barədə məlumat verərək
bildirmişdir ki, Şirvan şəhərinin ərazisinin
genişləndirilməsi məqsədi ilə şəhəri
əhatə edən Hacıqabul, Salyan və Sabirabad
rayonlarının inzibati ərazi bölgüsündə qismən
dəyişiklik edilməsi nəzərdə tutulmuşdur. Bu
dəyişikliklərin həyata keçirilməsi Şirvan
şəhərinin inkişafına öz müsbət təsirini
göstərəcəkdir.
İclasda müzakirə
edilən ikinci məsələ İsmayıllı rayonunun
inzibati ərazi bölgüsünə təklif olunan dəyişikliklərlə
bağlı olmuşdur. Bildirilmişdir ki, sənədə əsasən
Qalacıq kənd inzibati ərazi dairəsində yerləşən
yaşayış məntəqələri Çəmənli
və Elabad kəndləri adlandırılır. İstisu,
Çayqovuşan və Elabad kəndlərinin bazasında
İstisu kənd inzibati ərazi dairəsi yaradılır.
Sənəddəki digər
dəyişikliyə əsasən, Xanagah və Bizlan kəndləri
(Zərgəran kəndi ilə birlikdə) ayrıca kənd
inzibati ərazi dairələri kimi dövlət reyestrinə
daxil edilir.
İclasda komitə
üzvləri hər iki məsələ barədə fikirlərini
açıqlamışlar. Sənədlər parlamentin
geniş iclasında müzakirəyə tövsiyə
olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 25 iyun.- S. 5.