Sosial siyasət komitəsinin iclasında iki qanun layihəsi müzakirə edilmişdir

 

İyunun 24-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilmişdir.

Komitənin sədri Hadi Rəcəbli əvvəlcə deputatların müzakirəsinə təqdim olunan "Bədən tərbiyəsi və idman haqqında" qanun layihəsi barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, üçüncü oxunuş üçün Milli Məclisin müzakirəsinə hazırlanan sənədə idmanın özünü maliyyələşdirməsi ilə bağlı idman lotereyaları və totalizator məsələləri əlavə olunur. Sənəddə bir sıra redaktə xarakterli dəyişikliklərin edildiyi də komitə üzvlərinin diqqətinə çatdırılmışdır.

İclasda iştirak edən mütəxəssislər sənədin birinci və ikinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən irəli sürülən təkliflər nəzərə alınmaqla qanun layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirmişlər.

Sonra komitə üzvləri "Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi və "Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında" qanun layihəsinə baxmışlar.

Sənəddə bir sıra texniki xarakterli dəyişikliklərin edildiyi bildirilmişdir.

Komitə üzvlərinin və mütəxəssislərin təklifləri nəzərə alınmaqla hər iki sənədin Milli Məclisin müzakirəsinə çıxarılması məqsədəuyğun hesab edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 iyun.- S. 5.