Milli Məclisin növbədənkənar
sessiyasının növbəti iclasında Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında qanun layihəsi
müzakirə olunacaqdır. Qanun layihəsində
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında" qanuna bir sıra əlavə və
dəyişikliklərin edilməsi nəzərdə tutulur. Milli
Məclisin deputatı Siyavuş Novruzov qəzetimizin əməkdaşı
ilə söhbətində bu qanun layihəsinə nəzərdə
tutulan əlavə və dəyişikliklərin mahiyyətindən
danışdı:
- "Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar) haqqında"
Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər
zamanın tələbindən, bu sahədə qanunvericilikdə
yaranmış boşluqların aradan qaldırılması zərurətindən
irəli gəlir və olduqca vacibdir. Məqsəd
qeyri-hökumət təşkilatlarının fəaliyyətində
şəffaflığın təmin edilməsindən və
digər vacib məsələlərin həll edilməsindən
ibarətdir. Təklif edilən dəyişikliklərə
görə qeyri-hökumət təşkilatlarının
adında dövlət orqanlarının və görkəmli
şəxsiyyətlərin adlarından onların yaxın
qohumlarının və ya vərəsələrinin icazəsi
olmadan istifadə edilə bilməz. Əlavə və dəyişikliklərin
edilməsi daha sağlam fəaliyyət mühitinin
yaradılmasına yönəldilib. Burada heç bir mənfi
cəhət yoxdur. Ölkəmizdə fəaliyyəti
qeyri-şəffaf olan ictimai birliklər və fondlar müəyyənləşdirilməlidir.
Eyni zamanda, bu qurumların maliyyə mənbələri
aydınlaşdırılmalıdır.
İctimai birliklərin və
fondların maliyyə mənbələrindən
aldıqları vəsaitlərin xərclənməsi istiqamətləri
aydın olmalıdır. Təklif edilən müddəalarda
Azərbaycanın milli maraqlarının, təhlükəsizliyinin
qorunması önə çəkilir. Dini, milli və irqi zəmində
ayrı-seçkilik yaratmaq məqsədilə təsis edilən
qeyri-hökumət təşkilatlarının fəaliyyətinin
yasaq edilməsi Azərbaycan Respublikası
Konstitusiyasının və Avropa konvensiyasının tələblərindən
irəli gəlir. Bu dəyişikliklərin "Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar)
haqqında" qanuna əlavə edilməsi də zəruridir.
Hesab edirəm ki, qanuna təklif edilən düzəlişlər
müasir dövrün tələbləri baxımından da
vacibdir.
- Bu qanuna əlavə və
dəyişikliklərin qəbul edilməsi qeyri-hökumət
təşkilatlarının inkişafına hansı töhfələri
verəcək?
- İctimai birliklərin
və fondların fəaliyyətində şəffaflıq əsaslı
şəkildə təmin olunacaq. Bir məsələni də
xüsusi vurğulamaq istəyirəm ki, 2008-ci ildə Azərbaycan
dövləti və ayrı-ayrı təşkilatlar tərəfindən
ictimai birliklərin və fondların hesabına təxminən
15 milyon manat vəsait köçürülüb. Bu vəsaitlər
hansı istiqamətlər üzrə sərf edilir? Bax, bu
aydınlaşacaq. Ölkəmiz elə bir coğrafi məkanda
yerləşir ki, belə məsələlərdə
xüsusi diqqət və həssaslıq tələb olunur. Ayrı-ayrı
dövlətlərin və bir sıra beynəlxalq təşkilatların
ölkəmizdə xüsusi maraqları mövcuddur. Onlar
maraqlarını təmin etmək üçün bəzi
hallarda ictimai birliklərdən və fondlardan məqsədli
şəkildə istifadə edirlər. Bu baxımdan hesab edirəm
ki, belə hallara qarşı ciddi mübarizə aparmaq
üçün bir sıra vacib addımlar
atılmalıdır. Qanuna nəzərdə tutulan əlavə
və dəyişikliklər ictimai birliklərin və
fondların fəaliyyətində şəffaflığın
təmin edilməsinə səbəb olacaqdır.
Bəzi təşkilatlar
qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərin
Milli Məclisdə qəbul edilməsinə narazılıq
bildirirlər. Bu məqsədlə keçirilən tədbirlərdə
iştirak edənlərin əksəriyyəti dövlət
qeydiyyatından keçməyən qeyri-hökumət təşkilatlarının
nümayəndələridir. Bu bir daha sübut edir ki, bəzi
qeyri-hökumət təşkilatları ayrı-ayrı xarici
ölkələrdən aldıqları maliyyə vəsaiti ilə
siyasi partiyalara yardım edirlər. Mən mətbuat vasitəsilə
bir sıra qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin fikirləri ilə tanış
oldum. İctimai birliklərin fəaliyyətində şəffaflığın
təmin edilməsi tələbləri ilə
razılaşmayan şəxslər əlavə və dəyişikliklərin
guya qanuna zidd olduğunu iddia edirlər. Əgər onların
fəaliyyəti milli maraqların reallaşmasına yönəlibsə,
niyə bundan qorxurlar? Qanuna təklif edilən əlavə və
dəyişikliklər Azəbaycanın bütün
qeyri-hökumət təşkilatlarının
inkişafına yönəldilmiş düzəlişlərdir.
Son illər
respublikamızda ictimai birliklərə və fondlara dövlət
qayğısı daha da gücləndirilib. Bir çox ölkələrdən
fərqli olaraq Azərbaycanda "Prezident yanında QHT-lərə
Dövlət Dəstəyi Şurası" yaradılıb. İctimai
birliklər və digər qurumlar həmin fonddan maliyyələşirlər.
Eyni zamanda, bu təşkilatlara maliyyə yardımı ilbəil
artırılır. Onların normal fəaliyyət göstərməsi
üçün təminat və təchizat məsələləri
həll edilib. Bu baxımdan da qanunvericilikdə müəyyən
əlavə və dəyişikliklərin edilməsinə
ehtiyac var.
Anar RASİMOĞLU
Azərbaycan.- 2009.- 25
iyun.- S. 6.