Ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı ali təhsilin, biznesin, cəmiyyətin qarşılıqlı əlaqələri

 

Bazar iqtisadiyyatı mexanizminin təməl prinsiplərindən biri də biznes əmək bazarı və təhsil xidmətidir. Onlar arasında harmoniya iqtisadi tərəqqinin vacib şərtidir. Lakin reallıq göstərir ki, keçid iqtisadiyyatı dövrünü yaşayan ölkələrdə ali təhsil müəyyən dərəcədə qapalı xarakter daşıyır və onun əmək bazarı ilə qarşılıqlı əlaqəsi zəifdir. Bu, özünü ali təhsil müəssisələri məzunlarının aldıqları ixtisasa uyğun işədüzəlmə göstəricilərinin aşağı olmasında, onların ixtisas nomenklaturalarının biznesin tələblərinə uyğun gəlməməsində və s. məsələlərdə büruzə verir.

Müasir biznes çevik və dinamikdir, o, işaxtaranlar qarşısında yeni tələblər qoyur. İşaxtaranların ixtisası biznesin tələblərinə uyğun olmalıdır, onlar öz ixtisaslarını daim artırmağa, qeyri-müəyyən anlarda fəaliyyət göstərməyə, müstəqil qərar verməyə hazır olmalıdırlar.

İşəgötürənlərin müasir şəraitdə mütəxəssislərə tələbi fundamental "bilik" termini rakursundan daha çox "bacarmaq", "qabiliyyət", "hazır olmaq" terminlərinin əks etdirdiyi fəaliyyət üsuluna yönəlmişdir. Söhbət özünün iş keyfiyyəti və vərdişləri ilə yüksək nəticələr əldə edə bilən mütəxəssislərdən gedir. Amma müşahidələr göstərir ki, işəgötürənlərin ehtiyacları və iş yerlərinə iddiaçılar qarşısında qoyduqları tələb ilə ali təhsil müəssisələrində mütəxəssis hazırlığının keyfiyyəti arasında disbalans mövcuddur.

Keçid iqtisadiyyatlı ölkələrdə özünü göstərən bu vəziyyət Azərbaycana da xasdır. Odur ki, ölkənin ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını sürətləndirmək və prosesin səmərəliyini təmin etmək, ali təhsilin məzmununu Bolonya tələblərinə uyğun qurmaq, iqtisadiyyatın inkişaf istiqamətlərinə müvafiq olaraq yüksək hazırlığa malik kadrlara tələbatı ödəmək məqsədilə Prezident İlham Əliyev 22 may 2009-cu il tarixində "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nı təsdiq etmişdir. Proqramda qarşıya qoyulan məqsəd və vəzifələr Azərbaycan ali təhsilinin inkişafında əsaslı keyfiyyət dəyişmələrinə zəmin yaradır. Dövlət Proqramı Azərbaycanda ali təhsil müəssisələri, biznes və cəmiyyətin vəhdət halında birgə fəaliyyətinin daha yeni və daha yüksək formasını tələb edir və dövlətin milli inkişaf siyasətinin əsas istiqamətlərindən biridir. Onun başlıca məqsədi belə fikir yürütməyə əsas verir ki, təhsilin, xüsusilə də ali təhsilin islahatı Azərbaycanda iqtisadi və sosial inkişafı informasiya cəmiyyətinin tələblərinə uyğun təmin etməlidir.

Dövlət Proqramı peşə hazırlığının bir çox inkişaf istiqamətlərini - ali təhsil ixtisaslarının Avropa ixtisas təsnifatına və əmək bazarının tələblərinə uyğunlaşdırılmasını, ali təhsil müəssisələrinin akkreditasiya və reytinqini, tələbələrin biliyinin qiymətləndirilməsi sisteminin yaradılmasını, əlavə peşə hazırlığının səmərəli sisteminin qurulmasını, menecment, iqtisadiyyat və hüquq ixtisaslarının tədris planlarının sertifikatlaşdırılmasını, ali təhsil subyektləri ilə kommersiya təşkilatları arasında sıx işgüzar əlaqələrin təşkilini, işəgötürənlərin və digər sosial əməkdaşların təhsil sahəsində daha aktiv iştirakını və nəhayət, ali təhsil müəssisələrinin elmi-tədqiqat bazasının möhkəmləndirilməsini özündə əks etdirir.

Təcrübə göstərir ki, peşə təhsili və təliminin modernləşdirilməsi, açıq və məsafədən təhsil, idarəedici kadr hazırlığı və sosial tərəfdaşlıq istiqamətləri əsas fəaliyyət sahəsi seçilməklə hər bir istiqamət üzrə ixtisaslaşmış mütəxəssislər qrupunun yaradılması daha çox səmərə verir. Bu mənada idarəedici kadrların hazırlanması üçün mühüm tələblər irəli sürülür. Həmin sıraya menecer və korporativ müştərilərin hazırlığı ilə məşğul olan təhsil müəssisələri arasında daha səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsini, təhsil müəssisələrində strateji marketinq üsullarının tətbiqi və təkmilləşdirilməsini, müvafiq kadr hazırlığı şəbəkəsinin möhkəmləndirilməsini, bazar tələbatının mütəmadi müzakirəsi məqsədilə daxili əlaqələrin genişləndirilməsini, eyni zamanda, idarəedici kadr hazırlığı sahəsində təcrübə mübadiləsi və monitorinq mexanizminin yaradılmasını aid etmək olar. Amma unutmaq olmaz ki, bütün bunların həyata keçirilməsi təhsil müəssisələri, kommersiya strukturları və bütövlükdə cəmiyyətdən xüsusi hazırlıq tələb edir. Bu zaman əsas amil böyük, orta və kiçik biznesin nə dərəcədə öz fəaliyyətlərinin biliyə əsaslanmalı olduğuna, mürəkkəb və kompromissiz rəqabət mühitində öz mövcudluğunun yalnız ali təhsil müəssisələri və elmi-tədqiqat təşkilatları ilə əməkdaşlıqda mümkünlüyünə əminliyidir. Nəzərə almaq lazımdır ki, biliyə əsaslanan iqtisadiyyatda rəqabətlilik və keyfiyyətli həyat bizneslə ali təhsil arasındakı səmərəli bilik mübadiləsindən asılıdır. Bu sahə kifayət qədər əhatəli olmadıqda iqtisadiyyatın bir çox aparıcı baza sahələri müasir tələblərə cavab verən kadrların çatışmazlığı üzündən rəqabətə davam gətirməyərək sıradan çıxır və illərlə toplanmış təcrübə məhv olur.

Müasir iqtisadi fəaliyyətdə daha geniş biliklər cəmləşdiyindən biliyin yaradılması, yayılması və ötürülməsi prosesinə daha çox müxtəlif səviyyəli mütəxəssis və ekspertlər cəlb edilir. Burada həlledici sözü, şübhəsiz ki, universitetlər deməlidir və onlar artıq biznes-cəmiyyət birliyinin yaradılması prosesinə cəlb olunmanın zəruriliyini hiss edirlər. Lakin nəzərə almaq lazımdır ki, universitetlərdə bir çox professor-müəllim heyəti biznesin bugünkü tələblərinə uyğun fəaliyyət göstərə bilmir və həmin səbəbdən bizneslə ali təhsil müəssisələri arasındakı əlaqələrin intensiv inkişafına təkan vermək qabiliyyətində deyil. Bundan əlavə, universitetlə biznes strukturlarının missiya və məqsədlərindəki mövcud fərqlər də bu əlaqələrin inkişafında məhdudiyyət yarada bilər. Məsələn, universitetlərin elmi-tədqiqat işlərinin nəticələrini dərc etdirməsi bəzi hallarda şirkətlərin kommersiya sirlərinin aşkarlanması təhlükəsi baxımından münaqişəyə gətirib çıxarır. Təbii ki, bu uyğunsuzluğu biliyin yaradılması və yayılması prosesinin iştirakçıları birlikdə aradan qaldırmalıdırlar.

Bizneslə əlaqələr genişləndikcə yeni istiqamətlərin meydana gəlməsi, yeni təşkilati strukturların yaranması və s. universitetlərin idarə edilməsində çətinliklər yaradır. Beynəlxalq təcrübədə belə çətinlikləri aradan qaldırmaq üçün biznes nümayəndələri universitetin idarəçiliyində müxtəlif formalarda iştirak edir və hətta bir çox hallarda marketinq strukturunun rəhbəri təyin olunur. Eyni qayda ilə universitetlərin də nümayəndələri biznes strukturlarının rəhbərliyində iştirak edirlər. Bundan başqa, universitetlərin biznes strukturları ilə birbaşa və ya mövcud şəbəkə (sənaye-ticarət palatası, agentliklər, assosiasiyalar və s.) vasitəsilə əlaqələrinin qurulması təcrübəsi də mövcuddur və getdikcə ikinci forma daha geniş yayılmağa başlayıb. Bu, əsasən onunla bağlıdır ki, mövcud şəbəkə daxilində təhsilin səviyyəsinin monitorinqi və marketinqi birgə səylər nəticəsində daha keyfiyyətli və miqyaslı aparıla bilir. Burada diqqət göstərilməli ən vacib amil intellektual mülkiyyətin qorunması məsələsidir. Nəzəri olaraq təhsil və elmi-tədqiqat fəaliyyəti bütövlükdə intellektual mülkiyyət obyektidir və bir çox hallarda elmi-tədqiqatların nəticələri kommersiya əhəmiyyətli olsa da, mövcud patentləşdirmə mexanizminin və nəşr imkanlarının məhdudluğu səbəbindən onlar potensial tələbatçıya çatdırıla bilmir. Ona görə də ali məktəblərin birgə tədqiqat və kommersiya fəaliyyəti genişləndikcə tədqiqatların nəticələrinin qorunması zərurəti artır. Amma bu zaman nəzərə almaq lazımdır ki, müvafiq qoruma mexanizmi yaradılmadıqda bizneslə əlaqə zəifləyər və ali məktəbin intellektual mülkiyyəti qeyri-rentabelli olar.

Qloballaşma dövründə ölkələrarası və ölkədaxili təbəqələşmənin güclənməsi də təhsil sistemi qarşısında yeni tələblər qoyur. Belə ki, bəzi inkişaf etməkdə olan dövlətlərdə sürətlənən inkişafla inkişaf etmiş ölkələrdə iqtisadi artımdakı zəifləmə paralel getdiyindən ölkə daxilində diferensiasiya tədricən dərinləşir. Belə hal həm də cəmiyyətdə dinamik qeyri-bərabərlik yaradır. Bu zaman müvafiq biliyi və təhsili az olan insanlar təbəqəsi bir qayda olaraq daha çox zərər çəkir. Məsələn, 1973-1993-cü illərdə ABŞ-da müvafiq ixtisası olmayan insanların əməkhaqqı 30 faiz azalmışdı. Fransada isə müvafiq təhsili olmayanlar arasında işsizliyin səviyyəsi 3 faizdən 20 faizə qədər yüksəlmişdi.

İxtisassız əməyə tələbatın azalmasının başlıca səbəblərindən biri də qloballaşma, ticarətin coğrafiyasının genişlənməsi və ixtisaslaşma nəticəsində inkişaf etməkdə olan ölkələrdə rəqabətin güclənməsidir. İxracın idxalı üstələməsi, xüsusilə də xammalın deyil, hazır məhsulun, elmin, texnologiyanın ixracının xüsusi çəkisinin artıq olması iqtisadi inkişafın müsbət amili kimi xarakterizə olunur. Lakin təcrübə göstərir ki, aqreqasiya olunmuş şəkildə ixracın 100 dolları idxalın 100 dollarına nisbətən daha az iş yeri yaradır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, az əməkhaqqı ilə müşayiət olunan kütləvi ixtisassız "ucuz" işçi qüvvəsinin mövcudluğu biznesin innovasiya yönümlüyünü - ehtiyaclığını azaldır, onu ekstensiv inkişafa kökləyir ki, bu da elmə, texnologiyaya, əməyə, qənaətə əsaslanan iqtisadi inkişaf modelinə olan stimulu aşağı salır. Ona görə də ölkələrin iqtisadi və sosial cəhətdən inkişaf etməsi bu ölkələrdə və həm də onların təmsil olunduğu regionlarda təhsilin siyasətinin köklü şəkildə dəyişməsinə gətirib çıxarır.

İqtisadi artıma köklənmiş biliyin inkişaf etdirilməsi, əmək bazarının genişlənməsi, sosial əlaqələrin güclənməsi və mühitin dəyişməsi siyasi elitanın təhsil sisteminə, onun səmərəliyinin artırılmasına daha geniş yer ayırmasına və diqqət yetirməsinə səbəb olur. Bununla da təhsilin iqtisadi və sosial siyasətin tərkib hissəsinə çevrilməsinin ölkələrin rəqabətlilik səviyyəsinin yüksəldilməsinin zəruri elementi olduğu bir daha təsdiqlənir.

Qloballaşmanın aqreqasiya olunmuş tarixi mərhələlərinin təhlili göstərir ki, təhsil sistemi güclü olan ölkələr qloballaşma və beynəlmiləlləşmədə daha böyük təsir gücünə malik olur.

Təhsil sistemi çevik olmayan ölkələrin isə müstəqil təhsil və müstəqil iqtisadi siyasət aparmaq imkanları getdikcə azalır və onlar asılı vəziyyətə düşür. Bu səbəbdən ölkənin təhsil sistemində əməkdaşlığa açıqlıq, dinamiklik və adaptasiya olunmaq, vahid horizontal idarəetmə şəbəkəsinə girmək və bu şəbəkəyə yeni elementlər daxil etməklə onun tərkib hissəsinə çevrilmək imkanlarını artırmaq lazımdır. Ölkənin təhsil sisteminin Bolonya və Lissabon prosesini qəbul etməsi bu istiqamətdə atılmış ən vacib addımdır.

Müasir mərhələdə Avropanın iqtisadi və sosial inkişafı regionda təhsil siyasətini kökündən dəyişib. İnteqrasiya prosesi getdikcə güclənir, iqtisadi və siyasi inteqrasiya ilə yanaşı, əsası təhsil olan sosial inteqrasiya daha real xarakter alıb. Bu proses regionda vahid təhsil siyasəti sahəsində qərarlar qəbul etmək məqsədilə ümumi idarəetmə institutunun formalaşmasını zərurətə çevirib. Çünki Avropa Birliyinə üzv dövlətlərin demək olar ki, hər birində avtonom olaraq müxtəlif təhsil islahatları aparılır, təhsilin keyfiyyətinin artırılması, iqtisadi inkişafın tələblərinə uyğunlaşdırılması və s. üçün müvafiq qərarlar qəbul edilirdi. Nəticədə üzv ölkələrin təhsil sistemləri arasında uyğunsuzluq getdikcə dərinləşirdi. Məhz bu problemləri həll etmək üçün Avropa məkanında vahid təhsil siyasəti aparmaq məqsədilə 1998-ci ildə Avropanın dörd aparıcı dövlətinin - Böyük Britaniya, Almaniya, Fransa və İtaliyanın təhsil nazirlərinin görüşündə Bolonya prosesinin əsası qoyuldu. Artıq 1999-cu ildə 29 dövlət tərəfindən Bolonya bəyannaməsi imzalandı və hər bir üzv dövlətin hökmən əməl etməli olduğu tədbirlər sənəddə əksini tapdı. Bu gün artıq Bolonya bəyannaməsini imzalamış ölkələrin sayı 46-ya çatıb və 2005-ci ildən onların arasında Azərbaycan da var. Bolonya prosesi xüsusi qrup tərəfindən koordinasiya edilir və 2010-cu ilə qədər Avropa məkanında "vahid təhsil sferası" formalaşdırmaq məqsədi daşıyır.

2000-ci ilin martında isə Lissabonda Avropa Şurası tərəfindən öz mahiyyəti etibarı ilə daha ambisiyalı proqram qəbul edildi. Lissabon proqramında Avropa məkanında biliyə əsaslanmış dünyada ən rəqabətli və dinamik inkişaf edən iqtisadi sistemin yaradılması məqsədi qoyulub. Bunun üçün Avropa Şurası tərəfindən təhsil sistemi qarşısında üç strateji - təhsilin və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, onların səmərəliyinin artırılması və müyəssərliyinin genişləndirilməsi kimi məqsəd qoyulub.

Bolonya prosesi bazar tələbatını təmin etmək məqsədilə ali təhsilin üç səviyyəli (bakalavr, magistr və doktor) kadr hazırlığını nəzərdə tutur və bu tipli hazırlıqla yanaşı, kadrların sosial iş mühitinin çevik dəyişən tələblərə uyğunlaşmasında mobilliyini təmin edir.

Bolonya prosesinə qoşulandan sonra Azərbaycanda da təhsil islahatları aparılır. Təhsil haqqında yeni qanun, eyni zamanda, "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" Prezidentin 2008-ci il 31 yanvar tarixli sərəncamının icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən ali təhsil ixtisasları üzrə yeni təsnifat hazırlanıb. Bu təsnifat üzrə ölkədə üç növ ali təhsil müəssisəsi (ATM) var: universitet, akademiya, institut. Təhsil proqramlarının məzmunu, tədris yükünün həcmi tələbələrin səviyyəsi barədə tələblər dövlət təhsil standartları ilə müəyyənləşir. Ölkədə 49 ATM fəaliyyət göstərir ki, onlardan 15-i özəl sektora aiddir. Ölkə ATM-lərində təhsil alan tələbələrin sayı (bakalavr, magistr) 136590 nəfərdir 189956 nəfərə 1 universitet düşür. Dövlət ali məktəblərində ödənişli ödənişsiz təhsil növləri mövcuddur. Dövlətin mərkəzləşdirilmiş qəbul imtahanlarında uğur göstərənlər ödənişsiz təhsil alır. Bütün bu göstəricilərə baxmayaraq, Azərbaycanda ali təhsilin kütləviliyi sahəsində həm inkişaf etmiş, həm MDB ölkələri ilə müqayisədə gerilik müşahidə edilir. Bu gerilik hər 10 min vətəndaşa düşən tələbələrin sayı, ali təhsildə çalışan işçilərlə tələbələrin sayı arasında olan nisbətdə özünü daha ciddi göstərir.

Yeri gəlmişkən, bir çox ölkələrdə yenidən kadr hazırlığı qlobal böhrandan çıxış tədbirləri siyahısına ən böyük ümidverici amil kimi daxil edilir. Məsələn, böhranla mübarizə üçün dünya ölkələrinin və beynəlxalq təşkilatların ayırdıqları 14 trilyon dolların bir hissəsi əhalinin dəstəklənməsinə sərf olunur ki, bu da bilavasitə təhsillə bağlıdır. Yəni, bu vəsait hesabına işsizlər yenidən ixtisaslaşdırılır, iş yerlərinin ixtisar olunmaması barədə bizneslə razılıq əldə edilir, təhsilə qoyulan investisiyalar artırılır və s. Bu da səbəbsiz deyil. Çünki iqtisadi böhran iqtisadiyyatın strukturunda olduğu kimi, bütövlükdə əmək resurslarında, o cümlədən onun strukturunda da dəyişiklik yaradır. Bu isə öz növbəsində əmək resurslarının bölgüsünə təsir edir.

Odur ki, ölkənin ali təhsil sisteminin qarşısında duran vacib məsələlərdən biri də əmək prosesində məşğul işçilərin peşəkarlıq səviyyəsinin yüksəlməsində onların iştirak və imkanlarının artırılmasıdır. Aydındır ki, bu sahədə dövlət sektorunda çalışan işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi işi dövlət qurumlarının nəzdində fəaliyyət göstərən tədris mərkəzləri və bu tipli tədris müəssisələri vasitəsilə müasir tələblərə uyğun təşkil edilib. Lakin özəl sektorda çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılması üçün nə ali təhsil sistemi, nə də işəgötürənlər tərəfindən formalaşdırılmış ixtisaslaşmış təkmilləşmə və yenidən hazırlanma sistemi yaradılıb.

Ona görə də bu sahədə boşluq mövcuddur. Məlumdur ki, dövlət peşə hazırlığını tamamilə maliyyələşdirmək imkanına malik deyil. Onun bu sahədə fəaliyyətinə çevik və daha adekvat reaksiya göstərməsi üçün bütün maraqlı tərəflərin əlbir fəaliyyətinə böyük ehtiyac var. Bundan əlavə, iqtisadi inkişafın indiki mərhələsində böyük bizneslə ali təhsil sisteminin əlaqəsi müasir tələblərə cavab vermir. Demək olar ki, heç bir, o cümlədən dövlət və özəl ali məktəblərdə böyük biznesin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi himayədarlar şurası, ali məktəblərdə kadr hazırlığı aparılan ixtisaslar üzrə böyük biznesin müvafiq aparıcı mütəxəssislərdən ibarət "dəyirmi masa"ları yoxdur. Belə qurumların mövcudluğu isə dünyanın ən aparıcı universitetlərində vacib idarəedici və təşkiledici strukturlar sayılır və həm universitetlərin maddi-texniki bazasının genişləndirilməsində, həm də strateji inkişafının təmin edilməsində, ixtisas proqramlarının təkmilləşdirilməsində onların iştirakı böyük səmərə verir. Bütün hallarda ali təhsil sisteminin əmək bazarında hansı peşənin daha lazımlı olduğunu müəyyən etmək metodologiyasına yiyələnməsi və struktur işsizliyin qarşısını almaq imkanına qabil olması çox əhəmiyyətlidir. Təcrübə göstərir ki, bu problemin aradan qaldırılması və ya heç olmasa qabaqlayıcı tədbirlərin görülməsi üçün dövlət səviyyəsində zəruri tədbirlərin əlaqələndirilməsini təmin edən yenidən hazırlanma proqramı qəbul edilməlidir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə istər qanunvericilik səviyyəsində, istərsə də inzibatçılıqda təhsil siyasətinin əsas iki tərkib hissəsi - dövlət və özəl təhsil sistemlərinin tətbiqinə icazə verildi. Artıq kifayət qədər zaman keçib və ölkəmizdə bütün sahələrdə olduğu kimi, bu sahədə də həm səviyyəsi və həm də miqyasına görə ciddi islahatlar aparılıb, pozitiv nəticələr əldə olunub. Bununla belə, dünya təhsil xidməti bazarında mövcud olan uyğunsuzluqlar (təhsil sistemində biznesin tələbatına çevik reaksiyanın olmaması, təhsil sisteminin texniki təlim vasitələrinin köhnəlməsi, peşəkar təhsil standartlarının yeni tələblərə adaptasiyasının zəifliyi və s.) Azərbaycanda da mövcuddur və bəzi hallarda daha qabarıqdır. Bu səbəbdən dövlət başçısının 22 may 2009-cu il tarixdə təsdiq etdiyi "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" vaxtında atılmış addımdır. Proqramda biznes ilə təhsilin əməkdaşlığının öz əksini tapmış əsas istiqamətlərini belə qruplaşdırmaq olar: peşə təhsili standartlarının birgə hazırlığı; yeni və genişləndirilmiş təkmilləşdirmə proqramının hazırlanması; firmaların aparıcı mütəxəssislərinin mühazirə, seminar, ustad dərslərinin təşkili; karyera günlərinin təşkilində iştirak; dövlət sifarişinə analoji olaraq məqsədli kadr hazırlığının bilavasitə maliyyələşdirilməsində iştirak; biznes strukturlarının öz təhsil proqramlarını həyata keçirməsi, tədris mərkəzləri yaratması və məktəblərə maliyyə dəstəyi verməsi.

Bu sənədin qəbulu da sübut edir ki, son illər təhsil məsələlərinə dövlətin və biznesin münasibəti çox yaxınlaşıb. Hər iki tərəf belə hesab edir ki, təhsil yüksək səviyyəli əmək prosesini təmin etməlidir. Məhz bu məqsədlə təsdiq olunmuş dövlət proqramının icrası zamanı müvafiq təhsil şəbəkəsinin yaradılmasına xüsusi diqqət yetirilməlidir.

İnkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, yanacaq enerjidaşıyıcılarının (neft və qaz) dünya bazarında yüksək qiymətə malik olması iqtisadiyyatın şaxələnmə intensivliyinin azalmasında, onun sahə və ərazi strukturunun formalaşmasında ləngimə və bununla birlikdə məşğul işçi qüvvəsinin peşə tərkibinin inkişafında bir durğunluq yaradır. Bu isə innovasiya iqtisadiyyatının tələblərinə uyğun gəlmir. Həmçinin təhlükənin miqyası peşə hazırlığı qarşısında ciddi məsələlər qoyur ki, onun da həllində həm təşkilati, həm də maliyyələşmə baxımından dövlətin, xüsusi sektorun və cəmiyyətin hər bir üzvünün birgə fəaliyyətinə əsaslanan kompleks yanaşma tələb olunur.

Peşə hazırlığında sertifikatlaşdırma və akkreditasiya yolu ilə institusional tələblər sisteminin yaradılması və təmin edilməsinə nəzarət dövlətin səlahiyyətlərinə aiddir. Lakin bu prosesdə biznes struktur və birliklərinin iştirakı müasir inkişaf mərhələsinin və "vicdanlı rəqabət" mühitinin vacib tələblərindən biridir.

Sosial-iqtisadi inkişaf strategiyasının zəruri tərkib hissələrindən biri iqtisadi sistemin, o cümlədən onun sahələrinin ayrı-ayrı peşə qrupları üzrə kadr tələbatının proqnozunu müəyyən etməkdir. Bu isə öz növbəsində iqtisadiyyatın strukturlaşma prosesində peşə hazırlığı və yenidən hazırlanma sisteminin ahəngdarlığını təmin etməyə imkan yaradır. Habelə, yenidən hazırlanma və peşəkarlıq səviyyəsinin artırılması sahəsində bilavasitə iş yerlərində və müvafiq təhsil strukturlarında şəraitin yaradılması və prosesin təşkilində hökumətlə biznesin birgə fəaliyyəti və fəaliyyətlərinin uzlaşdırılması vacibdir.

Çox təəssüf ki, ölkəmizdə böyük biznesin kadr hazırlığı sahəsində iştirakı, onun maliyyələşdirilməsi sahəsində fəaliyyəti və təhsil sistemi ilə əlaqələri hələlik arzu olunan səviyyədə deyil. Bunun başlıca səbəbi biznesin təhsil sahəsinə kütləvi cəlb edilməsinin normativ-hüquqi bazasının demək olar ki, yaradılmamasıdır. Eyni zamanda, ali təhsildə tətbiq olunan müxtəlif ixtisasları əhatə edən proqramların keyfiyyətinin qiymətləndirilməsində peşəkar birliklərin və biznesin iştirakı yox dərəcəsindədir. Halbuki bu cür əlaqələrin səmərəliyinin nümunələri bir çox inkişaf etmiş ölkələrdə mövcuddur. O cümlədən, burada dövlətin tənzimləyici addımları təhsil xərclərinin ödənilməsində öz vəsaitləri ilə iştirak edən təsisçilərin və bu vəsaitin alıcılarına vergi güzəştlərinin verilməsi və həmin prosesin şəffaf nəzarət mexanizminin qurulması çox əhəmiyyətli olardı. Eləcə də biznes strukturlarının təhsil proqramlarının təkmilləşdirilməsində, ixtisas və ixtisaslaşma istiqamətlərinin müəyyən olunmasında təhsilin keyfiyyətinin qiymətləndirilməsi sahəsində iştirakının təmin olunması heç də onların maliyyə vəsaitləri ilə iştiraklarından az əhəmiyyət daşımır. Qeyd etmək lazımdır ki, hazırda mövcud hüquqi, vergitutma və inzibati normalar biznesin qeyd olunan fəaliyyət istiqamətlərini məhdudlaşdırır. Halbuki təkcə vergi stimulunun mövcud olduğu ölkələrdə biznes subyektləri öz mənfəətlərinin 0,7-12 faizini yalnız öz əməkdaşlarının təhsilinə ayırır.

Artıq aparıcı şirkətlər və biznes strukturları iqtisadi inkişafın ləngiməsində yüksək peşə hazırlığına malik işçi qüvvəsi çatışmazlığının təsirini hiss edirlər. Digər tərəfdən məlumdur ki, cəmiyyətdə gəlirlərin qeyri-bərabər paylanması nəticəsində əhalinin əksər hissəsi müvafiq təhsil xərclərini ödəmək imkanında olmur ki, bu da insan kapitalına investisiya qoyuluşunu və onunla birlikdə iqtisadi artım tempini aşağı salır. Eyni zamanda, ölkədə mövcud maliyyə-kredit sistemi, bank sektoru və girov mexanizmi istər normativ-hüquqi baza və istərsə də təşkilati baxımından əhalinin istədiyi təhsil xərclərini təmin etmək üçün kredit almaq imkanını məhdudlaşdırır.

Halbuki bir çox sahələrdə özəl sektorla dövlətin tərəfdaşlıq əlaqələri 10 ildən artıq bir müddətdir ki, davam edir və çox səmərəli təcrübə toplanmışdır. Təhsil sahəsində də belə əməkdaşlığın qurulması artıq zərurətə çevrilmişdir.

 

 

Akif MUSAYEV,

Azərbaycan Universitetinin

rektoru, iqtisad elmləri doktoru,

AMEA-nın müxbir üzvü

 

Azərbaycan.- 2009.- 25 iyun.- S. 6.