Məktəb kitabxanalarının işindəki problemlər
"Azərbaycan" qəzeti
məktəb kitabxanalarının uğurları və
qarşıda duran problemlərlə bağlı Səbail
Rayon İcra Hakimiyyəti ilə birlikdə "dəyirmi
masa" keçirmişdir. Qəzetin 21 may 2009-cu il tarixli
nömrəsində dərc edilmiş "Kitaba həsrət
oxucu, yoxsa oxucuya həsrət kitabxanalar" sərlövhəli
"dəyirmi masa"da kitabxana işinin
canlandırılması, onların təchizatının
yaxşılaşdırılması, gənclərdə
kitaba marağın artırılması ilə bağlı
bir sıra maraqlı mülahizə və təkliflər irəli
sürülmüşdür. Eyni zamanda, məktəb
kitabxanalarının işində mövcud problemlərin həlli
və çatışmazlığın aradan
qaldırılması ilə əlaqədar tədbirlərin
görülməsi də qeyd olunmuşdur.
Yazı tədbir
görülmək üçün Təhsil Nazirliyinə
göndərilmişdir. Nazir müavini İradə
Hüseynova tərəfindən redaksiyamıza daxil olan cavab məktubunda
problemin ciddi araşdırıldığı bildirilmiş və
kitabxana fondunun qorunub saxlanılması, zənginləşdirilməsi
istiqamətində mühüm addımlar
atıldığı, bu sahəyə dövlət tərəfindən
böyük diqqət və qayğının göstərildiyi
xüsusi vurğulanmışdır. Cavab məktubunda deyilir:
Son dövrlərdə
dövlət başçısı cənab İlham Əliyev
tərəfindən kitab və kitabxana işinə dair
imzalanmış "Azərbaycanda kitabxana işinin
yaxşılaşdırılması haqqında" sərəncam
və "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
Proqramı" strateji əhəmiyyətli sənədlərdir.
Burada kitabxana işi, onun cəmiyyətdə tutduğu
mövqeyi, müasir informasiya cəmiyyəti şəraitində
kitabxanaların vəzifələri, gələcək
inkişaf istiqamətləri və perspektivləri müəyyənləşdirilmişdir.
Bu sənədlər kitabxana işinin yaxın gələcək
üçün inkişaf proqramıdır.
Həyata keçirilən
tədbirlər nəticəsində ümumtəhsil məktəblərinin
kitabxanalarının infrastrukturu xeyli yeniləşmiş, yeni
nəsil dərsliklər və elmi, pedaqoji, bədii ədəbiyyatların
hesabına kitab fondu zənginləşdirilmişdir. Bu gün
yeni tikilən və ya təmir edilən bütün məktəblərin
kitabxanaları müasir tələblərə cavab verir. Heydər
Əliyev Fondu tərəfindən kitabxanalarımız
çoxlu sayda əyani vəsaitlərlə təmin
olunmuşlar. Bu iş hazırda davam etməkdədir. Dövlət
və qeyri-dövlət təşkilatlarının xətti
ilə pilot-layihələr çərçivəsində
cari ildə seçmə yolu ilə dayaq kitabxanalar müəyyənləşdirilmiş,
onların maddi-texniki bazasının
yaxşılaşdırılması nəzərdə
tutulmuşdur.
Respublika Prezidentinin 6
oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı"nın, həmçinin Nazirlər
Kabinetinin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq
edilmiş "Məktəb kitabxanalarının maddi-texniki
bazasının möhkəmləndirilməsi və müasir
informasiya texnologiyaları ilə təchizatına dair Tədbirlər
Planı"nın icrasını təmin etmək məqsədilə
Təhsil Nazirliyində müxtəlif tədbirlərin həyata
keçirilməsi planlaşdırılmış və
artıq onun icrasına başlanılmışdır. Bura
kitabxanaların ensiklopedik və sorğu-məlumat xarakterli ədəbiyyatlarla
təminatı, kitabxanalarda ədəbiyyatların
saxlanılmasının təhlükəsizliyi
üçün müvafiq otaqların ayrılması, məktəb
kitabxanaları ilə bağlı normativ sənədlərin
hazırlanması, məktəb kitab fondlarının
kataloqunun yaradılması, kitabxanaların əsaslı təmiri,
modernləşdirilməsi və avadanlıqlarla təchiz
olunması daxildir. Eyni zamanda, qeyri-ixtisas təhsilli
kitabxanaçıların ixtisasartırma kurslarına cəlb
edilməsi, məktəblilərin kitabxanaya, mütaliəyə
cəlb olunması işini daha da yaxşılaşdırmaq məqsədilə
disput və sərgilərin keçirilməsi, kitab müzakirəsi,
poeziya gecələri kimi tədbirlərin genişləndirilməsi,
işğal olunmuş rayonların məktəb
kitabxanalarının bərpasının təşkili və
s. kimi məsələlər də nəzərdə
tutulmuşdur.
Təhsil Nazirliyi məktəb
kitabxanalarının işindəki problemlərin həlli və
çatışmazlıqların aradan qaldırılması
istiqamətində fəaliyyətini davam etdirməkdədir.
İ.HÜSEYNOVA,
nazir müavini
Azərbaycan.- 2009.- 25 iyun.- S.8.