Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul qaydaları
1. "Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanununa müvafiq olaraq dövlət qulluğuna vətəndaşlar
müsabiqə və ya müsahibə əsasında qəbul
edilirlər.
2. Digər qanunvericilik
aktları ilə tənzimlənən hallar istisna olmaqla, bu
Qaydalar dövlət orqanlarında dövlət qulluğuna
müsabiqə vasitəsilə qəbul, o cümlədən
müsabiqənin elan edilməsi, keçirilməsi və onun
yekunlarına dair müvafiq qərar qəbul edilməsi məsələlərini
tənzimləyir.
3. On altı
yaşına çatmış, irqindən, milliyyətindən,
dinindən, dilindən, cinsindən, sosial mənşəyindən,
əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən,
ictimai və digər birliklərə mənsubiyyətindən
asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə
uyğun peşə hazırlığına malik olan və Azərbaycan
Respublikasının dövlət dilini sərbəst bilən,
habelə dövlət qulluğuna qəbul edilmək
üçün qanunvericiliklə müəyyən olunmuş
şərtlərə cavab verən Azərbaycan
Respublikasının vətəndaşları dövlət
qulluğuna qəbul edilmək üçün müsabiqəyə
buraxılırlar.
4. Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət
orqanlarında inzibati vəzifələrin
altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələr
üzrə dövlət qulluğuna qəbul üçün
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya (bundan
sonra - Komissiya) müsabiqə elan edir. Elan Komissiyanın rəsmi
internet saytında və digər kütləvi informasiya vasitələrində
verilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar
istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi
üçün müsabiqənin elan edilməsinə yol
verilmir. Elanda vakant vəzifənin adı, bu vəzifəni
tutmaq istəyən vətəndaşlar qarşısında
qoyulan tələblər, o cümlədən dövlət
qulluğunda işləmək üçün lazım olan
şərtlər göstərilir.
İnzibati vəzifələrin
altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin
tutulmasının ümumi şərtləri Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilir və həmin vəzifələri
tutan dövlət qulluqçularının vəzifə təlimatları
müvafiq dövlət orqanlarının rəhbərləri
tərəfindən bu şərtlərə uyğun olaraq
hazırlanır.
5. Dövlət
qulluğuna qəbul edilmək üçün vətəndaşlar
(bundan sonra - namizədlər) müsabiqə elan edilən
gündən etibarən 30 gün ərzində
aşağıdakı sənədləri Komissiyaya təqdim
edirlər:
5.1. ərizə;
5.2. şəxsiyyəti
təsdiq edən sənədin surəti;
5.3. kadrlar uçotunun
şəxsi vərəqəsi;
5.4. ali təhsil
haqqında sənədin surəti;
5.5. əmək
kitabçasının surəti (olduğu halda);
5.6. ixtisas dərəcəsini
təsdiq edən sənədlərin surəti (olduğu
halda);
5.7. sağlamlıq
haqqında arayış;
5.8. dövlət
qulluqçularının bəzi kateqoriyaları
üçün qanunvericilikdə nəzərdə
tutulmuş digər sənədlər.
Sənədlərin surətləri
müəyyən edilmiş qaydada təsdiq edilir.
6. Namizədlərin sənədlərinin
qəbulu aşağıdakı qaydada keçirilir:
6.1. sənədlərin
qəbulu üçün müəyyən edilmiş müddət
başa çatdıqdan sonra daxil olan sənədlər
(göstərilən müddət üçün poçtla
göndərilən sənədlər istisna olmaqla) qəbul
edilmir;
6.2. Komissiya sənədlərin
tamlığını, onların qanunvericiliklə və bu
Qaydalarla müəyyən edilmiş şərtlərə
uyğunluğunu yoxlayır;
6.3. təqdim olunmuş
sənədlər yoxlanılarkən onlar natamam olduqda və
ya bu Qaydalara uyğun olmadıqda, habelə sənədlərdə
uyğunsuzluq aşkarlandıqda, həmin sənədlər 5
iş günü müddətində namizədlərə
qaytarılır və qeyd olunan hallar aradan
qaldırıldıqdan sonra müəyyən olunmuş
müddət çərçivəsində qəbul edilir.
Namizədlərin sənədləri
qəbul edildikdən sonra qanunvericiliklə müəyyən
olunmuş qaydada onların dövlət qulluğuna qəbul
edilməsinin mümkün olub-olmaması qabaqcadan
yoxlanılır.
Dövlət
qulluğuna qəbul edilmək üçün qanunvericiliklə
müəyyən edilmiş şərtlərə cavab verməyən,
habelə bilərəkdən yanlış məlumatlar
vermiş namizədlər müsabiqədən kənarlaşdırılır.
Namizəd müsabiqədən
kənarlaşdırıldıqda, ona Komissiya tərəfindən
5 iş günü müddətində müsabiqədən kənarlaşdırılmasının
səbəbləri izah olunan rəsmi cavab verilir.
7. Müsabiqə test
imtahanından və müsahibədən ibarət olur.
8. Test nümunələrinin
hazırlanması, ekspertizası, təsdiqi, test
imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin
aparılması qaydaları və keçid balları inzibati
vəzifələrin təsnifatı nəzərə
alınmaqla Komissiya tərəfindən müəyyən
edilir.
Test imtahanının
müəyyən edilmiş qaydada keçirilməsi məqsədi
ilə Azərbaycan Respublikasının Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası və digər qurumlar cəlb
edilə bilər. Bu halda həmin qurumlar test imtahanının
keçirilməsi üçün öz səlahiyyətləri
daxilində zəruri tədbirləri görməlidir.
9. Test imtahanının
nəticələri haqqında məlumat Komissiyanın rəsmi
internet saytında və digər kütləvi informasiya vasitələrində
verilir. Namizədin tələbi əsasında ona 2 gün
müddətində test imtahanında topladığı bal
haqqında təsdiq edilmiş formada arayış verilir.
10. Test imtahanından
müvəffəqiyyətlə çıxan namizədlər
müsahibəyə buraxılırlar.
11. Müsahibənin
keçirilməsi üçün Komissiya tərəfindən
müsahibə komissiyası yaradılır.
Müsahibə
komissiyasına müvafiq dövlət orqanlarının və
Komissiyanın nümayəndələri daxil olur. Onun tərkibinə
habelə müvafiq sahələr üzrə alim və mütəxəssislər
də cəlb edilə bilər. Müsahibə
komissiyasının reqlamenti, müsahibənin keçirilməsi,
qiymətləndirilmənin aparılması qaydaları və
keçid balları Komissiya tərəfindən müəyyən
edilir.
Komissiya müsahibənin
keçirildiyi yer və vaxt barədə 5 gün əvvəlcədən
namizədlərə məlumat verir. Müsahibəyə
buraxılan namizədlərin siyahısı müsahibəni
aparan müsahibə komissiyasının rəhbərinə hər
dəfə müsahibə keçirilən gün müsahibə
başlanmazdan əvvəl verilir.
Müsahibə
başlanarkən müsahibə komissiyasının rəhbəri
tərəfindən namizədlərin siyahısı elan edilir
və müsahibə komissiyasının üzvlərindən
etirazları olub-olmaması soruşulur. Yaxın qohumluq və
ya şəxsi yaxınlıq münasibətində olduqda,
müsahibə komissiyasının üzvü özünə
etiraz verir. Namizəd əsaslar olduqda, müsahibə
komissiyasının hər hansı bir üzvünə etiraz
edə bilər. Belə etiraz müsahibə başlanmazdan əvvəl
olmalıdır.
Hər bir namizədlə
müsahibə fərdi qaydada ən azı 20 dəqiqə
aparılır və müsahibənin nəticələri
balla qiymətləndirilir.
12. Müsahibənin nəticələri
haqqında məlumat Komissiyanın rəsmi internet saytında
və digər kütləvi informasiya vasitələrində
verilir. Namizədin tələbi əsasında ona 2 gün
müddətində müsahibənin nəticəsi üzrə
topladığı bal haqqında Komissiya tərəfindən
təsdiq edilmiş formada arayış verilir.
13. Test imtahanından və
müsahibədən müvəffəqiyyətlə
çıxmış namizədlər müsabiqədən
keçmiş hesab edilirlər.
14. Komissiyanın rəhbəri
ona təqdim edilən test imtahanının və müsahibənin
keçirilməsi barədə arayışa əsasən
müsabiqənin yekununa dair müvafiq qərar qəbul edir.
Elan olunmuş müsabiqədə
iştirak edərək test imtahanından və müsahibədən
müvəffəqiyyətlə keçmiş namizədlər
vakant vəzifəyə təyin edilmək üçün
müvafiq dövlət orqanının rəhbərinə təqdim
olunurlar. Dövlət orqanının rəhbəri namizədlərin
təqdim olunduğu gündən 10 iş günü müddətində
qəbul etdiyi müvafiq qərar barədə Komissiyaya məlumat
verməlidir.
Vakant vəzifəyə
təyin olunmaq üçün dövlət orqanının rəhbərinə
təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş
şəxslər iki il müddətində Komissiyada ehtiyat
kadr kimi saxlanılır və həmin müddət ərzində
dövlət orqanlarında analoji vakant vəzifə olduqda, həmin
vəzifəyə təyin olunmaq üçün müvafiq
dövlət orqanının rəhbərinə Komissiya tərəfindən
müəyyən edilmiş qaydada təqdim olunurlar.
Müəyyən
olunmuş iki il bitdikdən sonra onlar ehtiyat kadrlar
siyahısından çıxarılırlar.
15. Komissiya müsabiqənin
yekununa dair müvafiq qərar qəbul edildiyi gündən iki
il müddətində test imtahanının və müsahibənin
keçirilməsi ilə bağlı sənədlərin, o
cümlədən namizədlərin cavab kartlarının
saxlanılmasını təmin edir.
16. Test imtahanının
və ya müsahibənin nəticələri ilə razı
olmayan namizəd həmin nəticələr Komissiyanın rəsmi
internet saytında yerləşdirildiyi gündən 10 iş
günü müddətində Komissiya tərəfindən təşkil
edilmiş apellyasiya komissiyasına şikayət verə bilər.
Apellyasiya komissiyası şikayətçinin cavab
kartını, müvafiq arayışı və digər
materialları ərizəçinin iştirakı ilə
müqayisə edib araşdırır. Şikayətin baxılması
nəticələrinə dair müvafiq qərar
çıxarılır. Namizəd bu qərardan inzibati qaydada
və (və ya) məhkəməyə şikayət verə
bilər.
17. Müsabiqənin
keçirilməsi ilə əlaqədar bütün xərclər
dövlət büdcəsində bu məqsədlər
üçün nəzərdə tutulmuş vəsaitlər
dairəsində maliyyələşdirilir.
Azərbaycan.- 2009.- 25 iyun.- S. 3.