Bakıda Mərkəzi Klinik Xəstəxananın
ambulatoriyası açılmışdır
İyunun 25-də Bakıda
Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasının
açılışı olmuşdur.
Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva açılışda
iştirak etmişlər.
Mehriban xanıma gül
dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev
binanın fasadına və ətrafdakı
abadlaşdırılmış binalara baxdı.
Dövlətimizin
başçısı ambulatoriyanın
açılışını bildirən lenti kəsdi və
səhiyyə ocağı ilə yaxından tanış oldu.
Prezident İlham Əliyev
və xanımı əvvəlcə ambulatoriyanın yerləşdiyi
binanın əvvəlki və indiki vəziyyətini, burada
aparılmış təmir və yenidənqurma işlərinin
gedişini əks etdirən videogörüntülərə
baxdılar.
Məlumat verildi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin sifarişçisi olduğu ambulatoriyanın yenidən qurulması layihəsini Türkiyənin "Medikal Mimari Tasarım ve Danışmanlık Tic. Ltd" şirkəti hazırlamış, yenidənqurma işlərini "Seren İndustrial Construction Services Ltd" MMC həyata keçirmişdir.
Ambulatoriyanın yerləşdiyi bina 1895-ci ildə inşa olunmuşdur. Burada ötən ilin martında başlanmış yenidənqurma işləri ən müasir standartlara uyğun aparılmışdır. Tikintinin ümumi sahəsi 4200 kvadratmetrdir.
Əsaslı təmir işləri aparılarkən binanın əvvəlki memarlıq üslubu saxlanılmış, həyata keçirilən tədbirlər zamanı müasir memarlıq üslubuna da geniş yer verilmiş və hər iki üslub peşəkarlıqla uzlaşdırılmışdır. Üçmərtəbəli binanın yükdaşıyan divarları dəmir-beton konstruksiyalarla gücləndirilmişdir. İnşaat işlərində Türkiyə, ABŞ, Almaniya, İtaliya və digər ölkələrin tikinti materiallarından istifadə olunmuşdur. Binada Yaponiya istehsalı olan 2 müasir lift quraşdırılmışdır.
Ambulatoriyada quraşdırılmış tibbi avadanlıq da dünyanın ən inkişaf etmiş ölkələrinin istehsalıdır.
Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.
Prezident İlham Əliyev və xanımı ambulatoriyanın birinci mərtəbəsində əməliyyat bölməsinə baxdılar. Prezident yanında Xüsusi Tibb Xidmətinin rəisi Cəmil Əliyev məlumat verdi ki, burada daha çox göz əməliyyatları aparılacaqdır və xəstələr ambulator şəraitdə 24 saat ərzində evə buraxılacaqlar. Əməliyyat olunmuş xəstələr evlərinə ambulatoriyanın avtomobilləri ilə yola salınacaq və onlar evdə də nəzarətdə saxlanılacaqlar. Əməliyyat bölməsində ən müasir avadanlıq, o cümlədən xəstəni tam monitorizə edə bilən anesteziya cihazı, Yaponiya istehsalı olan "Topcon" mikroskopu vardır. Əməliyyatdan sonra xəstələrin vəziyyəti gözləmə otağındakı monitorla müşahidə altında saxlanılır. Yığcam olmasına baxmayaraq, əməliyyat bölməsində bütün normativlərə əməl olunmuş, sterilləşdirmə, anbar, həkim otaqları, xəstələrin gözləmə zalı vardır.
Uşaq mərkəzində ümumi pediatriya, endokrinologiya, qastroenterologiya, immunologiya, allerqologiya, hematologiya, nefrologiya, kardiologiya, neonatologiya və təcili yardım xidmətləri fəaliyyət göstərir. Burada peyvənd, yeni doğulmuş uşaqların müayinəsi otaqları vardır.
Ambulatoriyanın qadın mərkəzi ilə tanışlıq zamanı bildirildi ki, burada süni mayalanma, ginekologiya, mamalıq, prenotal diaqnostika, mammologiya, mammoqrafiya, endokrinologiya və urologiya xidmətləri təklif olunur. Mərkəzin 3 müayinə otağı lazımi avadanlıqla, o cümlədən ABŞ-ın "General Elektric" şirkətinin 4D proqramı yüklənmiş ultrasəs cihazı, ana bətnindəki uşağın ürək döyüntüsünü ölçmək üçün cihaz, rəqəmli mammoqrafiya cihazı ilə təchiz edilmişdir.
Ən müasir avadanlıqla təchiz edilmiş və tam avtomatlaşdırılmış laboratoriyada müxtəlif növ analizlərin aparılması mümkündür. Laboratoriyada yüksək həssaslığa, olduqca böyük test həcminə malik və tibbi heyətin müdaxiləsi olmadan təhlil apara bilən "Vitros 5" biokimya cihazı və digər avadanlıq vardır.
Burada, həmçinin qan bankı və qanalma məntəqəsi də fəaliyyət göstərir.
Təcili tibbi yardım şöbəsində xəstələrə monitorla nəzarət, əməliyyatdan çıxmış və xroniki xəstələrə evdə hər növ tibbi xidmət, ev şəraitində qanın götürülməsi, rentgen, ultrasəs müayinəsi, exokardioqrafiya, elektrokardioqrafiya xidmətləri təklif olunur. Nəzərdə tutulmuşdur ki, bir neçə avtomobillə təchiz edilmiş təcili tibbi yardım xidməti daha çox evdə xəstələrə xidmət göstərsin. Bunun üçün səyyar rentgen və ultrasəs cihazları vardır.
Ambulatoriyada tibbi görüntüləmə mərkəzi fəaliyyət göstərir ki, burada sümük densitometriyası, rəqəmli flüroskopiya və rentgenoqrafiya, maqnit-rezonans görüntüləmə cihazı, 32 kəsikli kompüter tomoqrafiyası, ultrasəs müayinəsi aparılır.
Birinci mərtəbədə bunlardan əlavə, sterilləşdirmə, yardımçı və texniki xidmət otaqları vardır.
Səhiyyə ocağının ikinci mərtəbəsindəki ürək mərkəzində kardiologiya, elektrokardioqrafiya, exokardioqrafiya, transezofageal exokardioqrafiya, fetal exokardioqrafiya, stress-test xidmətləri göstərilir. "Holter" cihazının köməyi ilə xəstələrin davamlı olaraq 24 saat elektrokardioqramması çıxarılır. Bundan əlavə, xəstənin təzyiqini davamlı olaraq 24 saat ərzində ölçmək üçün cihazlar da vardır. Bu cihazlar 24 saat ərzində xəstənin bədənindəki dəyişiklikləri yaddaşında saxlayır.
Nevrologiya mərkəzində beyin qan dövranı pozulmalarının, nevroz və baş ağrılarının, osteoxondrozun müalicəsi, spinal əməliyyatlar aparılır, habelə elektroensefaloqrafiya, elektromioqrafiya, psixoterapiya xidmətləri göstərilir.
Ambulatoriyanın terapiya mərkəzi ilə tanışlıq zamanı qeyd olundu ki, burada hematologiya, endokrinologiya, allerqologiya, tibbi onkologiya, dermatologiya, nefrologiya üzrə xidmətlər təklif olunur, daxili xəstəliklərin və ağciyər xəstəliklərinin müayinə və müalicəsi aparılır.
Səhiyyə ocağının stomatologiya kabinetində müayinə zamanı xəstəni monitorla yoxlamaq imkanı olan avadanlıq, rəqəmli rentgen cihazı vardır. Burada hər xəstə üçün sterilləşdirilmiş ayrıca alətdən istifadə olunur.
Məlumat verildi ki, göz sağlamlığı və xəstəlikləri mərkəzində ultrasonoqrafiya, ultrasəs biometriya xidmətləri, görmə sahəsinin, göz dibinin, çəpgözlüyün kompüterlə müayinəsi, göz təzyiqinin, kornea qalınlığının ölçülməsi xidmətləri, habelə kornea və qlaukoma xəstəliklərinin müalicəsi, katarakta, göz yaşı kanalları, göz qapağı və konyunktiva əməliyyatları aparılır. Mərkəzdə gözün təzyiqini kontaktsız ölçmək üçün xüsusi cihaz vardır.
Müayinələrin nəticələri və cavab otağında da xidmət ən müasir səviyyədə təşkil edilmişdir. Bildirildi ki, müayinədən keçən xəstələr haqqında məlumatlar xüsusi sistem vasitəsilə ambulatoriyanın əməkdaşlıq etdiyi dünyanın nüfuzlu tibb mərkəzlərinə, universitetlərinə göndərilir və oradan müvafiq rəy alınır.
Mədə-bağırsaq xəstəlikləri bölümündə monitorla təchiz edilmiş "Olimpys" videoqastroskop və sterilə cihazları quraşdırılmışdır.
Mobil "Otopront" endoskopik müayinə cihazı ilə təchiz edilmiş qulaq-burun-boğaz xəstəlikləri bölmələrində də ən yüksək səviyyədə müayinə və müalicə aparılır. Urologiya kabinetində ultrasəs cihazı, böyrəyin təzyiqini ölçmək üçün xüsusi avadanlıq vardır.
Müasir avadanlığın quraşdırıldığı fizioterapiya mərkəzi toxuma və oynaq xəstəlikləri, bel-boyun ağrıları olan, insult keçirən, zədə alan xəstələrin müalicəsi və reabilitasiyası üçün nəzərdə tutulmuşdur.
Ambulatoriyanın üçüncü mərtəbəsinin sahəsi 324 kvadratmetrdir. Katiblik, inzibati otaqlar, iclas zalı və arxiv bu mərtəbədə yerləşir.
Səhiyyə ocağında tibbi heyət üçün istirahət otaqları, kafe fəaliyyət göstərir.
Ambulatoriyanın ən müasir standartlara cavab verdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, respublikamızın bütün bölgələrində bu cür tibb ocaqları yaradılır, mövcud müalicə müəssisələri yenidən qurulur.
PREZİDENT İLHAM ƏLİYEV dedi: Bölgədə buna bənzər bir ambulatoriya tapmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, bu tibb müəssisəsi hansı vəziyyətdə idi, - bu barədə filmlərə aşağıda baxdıq, - dağılmış vəziyyətdə idi. Bu gün isə bu tibb müəssisəsi ən müasir standartlara cavab verir. Əsas odur ki, burada xidmət yüksək səviyyədə olsun. Əminəm ki, belə də olacaqdır.
Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran MUSAYEV səhiyyə sisteminin inkişafına göstərilən qayğıya görə təşəkkür edərək dedi: Cənab Prezident, icazənizlə bir məqamı da qeyd etmək istəyirəm ki, Mərkəzi Klinik Xəstəxananın kollektivi sizin açılışını etdiyiniz bu ambulatoriyada tam 24 saat ərzində xidmət göstərməyə hazır vəziyyətdədir. Bütün gördüyünüz bu şöbələrdə, bölmələrdə biz öz xidmətimizi göstərəcəyik.
PREZİDENT İLHAM ƏLİYEV: İndi bütövlükdə Azərbaycanda səhiyyə xidmətinin səviyyəsi qalxır. Nəinki Bakıda, bölgələrdə də yeni xəstəxanalar, tibb mərkəzləri açılır. Əlbəttə ki, bu ambulatoriya hazırda ən yüksək standartdır, tikilən, bərpa olunan başqa tibb ocaqları da həm xarici görünüşü, həm də ki, səviyyə baxımından buna uyğun olmalıdır.
Məhz müasir avadanlığın tətbiqi hesabına indi ölkəmizdə ən çətin cərrahi əməliyyatların aparılmasının mümkün olduğunu vurğulayan dövlətimizin başçısı dedi: Mən demişəm, bu avadanlıq, vaxtaşırı dəyişməlidir. Çünki dünya səhiyyə sənayesi elədir ki, hər il hansısa yenilik meydana çıxır. Bu gün burada quraşdırılan bütün diaqnostika avadanlığının hamısı ən son modellərdir. Amma iki-üç ildən sonra köhnələcək bu avadanlığı, misal üçün, başqa yerlərə təhvil vermək, bu ambulatoriya üçün yeni, ən müasir avadanlıq gətirmək olar.
KAMRAN MUSAYEV: Bəli, Cənab Prezident, köhnələcək avadanlığı sizin icazənizlə dəyişdirib yenisini quraşdırarıq. Sizin göstərişinizlə Mərkəzi Klinik Xəstəxananın da bütün avadanlığı yeniləndi. Həqiqətən, doqquz ildir ki, fəaliyyət göstərən xəstəxanamızda avadanlığın təzələnməsinə çox böyük ehtiyac yaranmışdı. Cənab Prezident, ona görə də mən sizə öz kollektivimiz adından bir daha minnətdarlığımı bildirirəm.
PREZİDENT İLHAM ƏLİYEV: Azərbaycan vətəndaşları ən gözəl tibbi xidmət almalıdırlar. Çalışırıq ki, bunu etmək üçün bütün infrastruktur yaradılsın. O ki qaldı xidmətin səviyyəsinə, o artıq sizdən asılıdır. Bilirəm ki, bu sahədə böyük uğurlarınız var. İstəyirəm ki, Azərbaycanın bütün bölgələrində ən yüksək tibbi xidmət göstərilsin. Artıq bölgələrdə yaradılan tibb müəssisələrinin açılışından sonra görürük ki, Bakıya axın bir az azalıb. Eyni zamanda, biz tibbi yardıma ehtiyacı olan insanların sayını da müəyyən etdik. İndi bütün bölgələrdə dializ aparatları var. Əvvəllər Bakıya 300-400 kilometr yol gəlməli, getməli idilər. Bəziləri dözmürdü, həyatdan gedirdi. İndi demək olar ki, hər bir bölgədə dializ aparatları insanların ömrünü uzadır.
Prezident İlham Əliyev ambulatoriyada aparılan əsaslı təmir və yenidənqurma işlərinin yüksək səviyyədə olduğunu vurğuladı, əlavə tapşırıq və tövsiyələrini verdi, kollektivə uğurlar arzuladı.
Sonda dövlətimizin başçısı ambulatoriyanın təcili tibbi yardım maşınlarına baxdı.
AzərTAc
Azərbaycan.-
2009.- 26 iyun.- S. 1.