Azərbaycan Prezidenti İlham Əliyev Dənizkənarı Milli Parkda abadlıq yenidənqurma işləri ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Dənizkənarı Milli Parka gələrək, burada həyata keçirilən abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur.

1909-cu ildən Bakıda dənizkənarı bulvar kimi tanınan bu parkda da 1970-ci illərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə paytaxtda yaşıllaşdırma və abadlaşdırma tədbirləri vüsət alanda geniş quruculuq tədbirləri həyata keçirilmişdir. Bakı şəhəri sakinlərinin, eləcə də paytaxtımıza gələn qonaqların ən çox sevdiyi istirahət guşələrindən biri olan dənizkənarı bulvara 1998-ci il dekabrın 29-da Prezident Heydər Əliyevin Sərəncamı ilə Milli Park statusu verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev dənizkənarı bulvarın xalqımızın tarixi, mədəniyyəti və ekoloji təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə alaraq 2008-ci il yanvarın 10-da Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında Fərman imzalamışdır.

Həmin Fərmana və Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhərində parkların və xiyabanların yenidən qurulması ilə bağlı tapşırıqlarına uyğun olaraq Dənizkənarı Milli Parkın da əsaslı şəkildə abadlaşdırılmasına başlanılmışdır. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva parkda həyata keçirilən abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olmaq üçün buraya gəldilər.

Prezident İlham Əliyevə görülən işlərlə bağlı məlumat verildi. Qeyd olundu ki, 3 kilometr 700 metr uzunluğu olan Dənizkənarı Milli Parkın ərazisi həyata keçiriləcək yeni tədbirlər planından sonra 25 kilometrə qədər uzanacaqdır. Görülən abadlıq işlərindən sonra parkın yaşıllıq zolağının ərazisi də xeyli genişləndiriləcəkdir. Ötən dövr ərzində parkda yüksək standartlara uyğun şəkildə abadlıq işlərinin həyata keçirildiyi bildirildi.

Dövlətimizin başçısı və xanımı burada inşa edilən qoşa fəvvarələrə baxdılar, əhaliyə iaşə xidməti göstərəcək obyektlərlə maraqlandılar, əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmiş "Mirvari" kafesi ilə tanış oldular. Prezident və xanımı kafenin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotoalboma baxdılar. Təmir və yenidənqurmadan sonra burada əhalinin istirahəti üçün hər cür şəraitin yaradıldığı qeyd edildi.

Azərbaycan Prezidenti və xanımı estakadada həyata keçirilən yenidənqurma işləri ilə də maraqlandılar. Dənizkənarı Milli Park boyu sahilbərkitmə işləri ilə tanış olan dövlətimizin başçısı görülən işlərin yüksək keyfiyyətlə aparılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 26 iyun.- S. 2.