Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də
Latviyanın ətraf mühit naziri Raymonds Veyonisin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Səfərinin
uğurla keçdiyini vurğulayan Latviyanın ətraf
mühit naziri Raymonds Veyonis bu gün səhər Latviya
hökuməti ilə Azərbaycan hökuməti arasında ətraf
mühitlə bağlı əməkdaşlığa dair
razılaşma imzaladıqlarını dedi. Razılaşmanın
əhəmiyyətinə toxunan qonaq bildirdi ki, əgər
indiyə kimi Latviya və Azərbaycan maliyyə, iqtisadi və
digər sahələrdə əməkdaşlıq edirdisə,
bu razılaşmadan sonra iki ölkə arasında əlaqələr
daha da genişlənir. O qeyd etdi ki, hazırkı qlobal iqlim dəyişikliyini
nəzərə alsaq ətraf mühitin mühafizəsi məsələləri
bu gün ciddi xarakter daşıyır və gündəlik həyatımıza
daha çox təsir edir.
Dövlətimizin
başçısı Azərbaycan ilə Latviya arasında
ikitərəfli münasibətlərin təkcə iqtisadi və
siyasi istiqamətlərdə deyil, yeni sahələri əhatə
etməklə genişləndiyinin əhəmiyyətini
vurğuladı. Ətraf mühitin mühafizəsi məsələsinin
ölkəmiz üçün prioritet məsələ
olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki,
Abşeron yarımadasında, Xəzər dənizi
zonasında, o yerlərdə ki neft və qaz hasil olunur, həmin
ərazilər ekoloji təhlükəsizlik baxımından
xüsusi yanaşma tələb edir. Azərbaycanın digər
ərazilərində isə bu cür təhlükələrin
olmadığını, əksinə yaxşı iqlimin və
təbii şəraitin mövcudluğunu qeyd edən dövlətimizin
başçısı bildirdi ki, Bakı və Abşeron
yarımadasında iki yüz ilə yaxın bir müddət ərzində
neft hasil olunsa da, ekoloji məsələlərə uzun illər
əhəmiyyət verilməyib. Azərbaycan dövləti bu
istiqamətdə çoxlu işlərin görülməsini
planlaşdırır.
AzərTAc
Azərbaycan.- 2009.- 26 iyun.- S. 2.