Dövlətçilik siyasətinin idarəçilik təcrübəsinin əbədiyaşar örnəyi

 

"Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir. Mən imzaladığım fərman və sərəncamlarda, çoxsaylı müxtəlif tədbir və görüşlərdə həmişə vəzifəli şəxslərdən, səlahiyyət sahiblərindən tələb etmişəm ki, insanların ehtiyac və qayğılarına diqqətlə yanaşsınlar, problemlərini həll etsinlər, təşəbbüskarlıq nümayiş etdirsinlər. Bütün dövlət qulluqçularına mənim münasibətim də, ilk növbədə, onların bu meyarlara və vəzifə öhdəliklərinə nə dərəcədə cavab vermələri ilə müəyyən olunur".

 

İlham ƏLİYEV

 

Hər bir cəmiyyətin demokratik inkişafının vacib şərtlərindən biri də dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasıdır. Xalq hakimiyyətinin ən optimal modeli sayılan demokratiya məhz hər bir fərdin hüquq və azadlıqlarının uca tutulduğu dövlətdə özünə möhkəm intişar tapır. İctimai maraqların ifadəçisi olan hakimiyyət sosial sifariş hüdudlarından bir addım da kənara adlamır, fəaliyyətində daim mütərəqqi ruhlu qanunlara əsaslanır və xalqa təmənnasız xidməti ümdə məqsədə çevirir. Bu məqsədin reallaşdırılması, ilk növbədə, monolit, güclü və peşəkar komanda formalaşdırılması yolu ilə dövlət idarəçiliyinə yeni ruh, müasirlik və demokratizm elementlərinin gətirilməsindən keçir.

Azərbaycanlı milli düşüncə sistemində də hakimiyyətə münasibət məhz bu meyarlarla müəyyənləşmiş, insanlarımız ədalətli və sivil cəmiyyətə qovuşmağın yeganə yolunu ölkəyə rəhbərlik edən lider və onun formalaşdırdığı komandanın fəaliyyətində axtarmışlar. Demokratik dəyər və ideallara daxilən bağlı olan xalqımız bu istəyini məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında gerçəkləşdirmək, mütərəqqi tarixi dövlətçilik ənənələrini idarəçilikdə tətbiq etmək imkanı qazanmışdır.

Hakimiyyətin milli xarakteri xalqın genefondunun, adət-ənənələrinin, dəyərlər sisteminin qorunub saxlanılması baxımından son dərəcə vacib amildir. Vətən, millət təəssübkeşliyi olmayan, xalqının taleyini düşünməyən və sxematik idarəçilikdən kənara çıxa bilməyən kosmopolit düşüncəli dövlət məmurunun cəmiyyət üçün doğuracağı təhlükənin miqyasını təsəvvürə gətirmək heç də çətin deyil. Tarixi reallıqlara istinadla bildirək ki, hələ ötən əsrin 30-cu illərində "vətənə xəyanət" damğası ilə bir çox xalqlara, o cümlədən azərbaycanlılara qarşı törədilmiş kütləvi repressiyalar keçmiş imperiyanın gerçək mahiyyətini üzə çıxarmaqla yanaşı, dövlət idarəçiliyində antimilli kadrların yerləşdirilməsinin gerçək fəsadları barədə dolğun təsəvvür yaradır. Bu da təsadüfi deyil ki, 50-ci illərdə dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətə başlayan ümummilli lider Heydər Əliyev respublikanın bir sıra strateji sahələrinə başqa xalqların nümayəndələrinin rəhbərlik etməsindən narahatlıq keçirir, fürsət düşdükcə kadrların milliləşdirilməsi məsələsi ətrafında müzakirələrin açılmasına çalışırdı. Dahi öndər yaxşı bilirdi ki, həmin illərdə azərbaycanlılaşmaya yol məhz xalqın əleyhinə işləyənləri "təmizləmədən" keçir.

1969-cu ilin iyul ayında ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə irəli çəkilməsi isə nəinki fiziki və mənəvi terrora məruz qalan milli təfəkkürü qoruyub saxladı, eyni zamanda, kadrların ümumxalq mənafeyinə nəzərən seçimində yeni mərhələnin əsasını qoydu. Ulu öndərin uzaqgörənliyi, müdrikliyi və idarəetmədəki zəngin biliyi ölkənin bütün sahələr üzrə inkişafına zəmin yaratdı, illər keçdikcə Azərbaycan ittifaq məkanında qabaqcıllar sırasına yüksəldi. Məhz Heydər Əliyevin gərgin zəhməti sayəsində 1969-1982-ci illərdə respublikada iqtisadiyyatın güclü təməli qoyuldu. Respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etdirilməsi, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi müvəffəq ola bilərdi.

Kəndləri qəsəbələrə, qəsəbələri şəhərlərə çevirən böyük tarixi şəxsiyyət müasir tipli məktəblər, səhiyyə ocaqları, mədəniyyət evləri, ictimai-iaşə obyektləri inşa etdirdi, şəhərlərdə yeni fabrik və zavodların açılışı ənənə halına çevrildi. Respublika sənayesinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər ölkədə inqilabi dəyişikliklərə gətirib çıxardı.

Azərbaycanın böyük sənaye potensialına malik olduğunu çox yaxşı bilən ulu öndərin bu sahəyə göstərdiyi xüsusi qayğının nəticəsində xalq təsərrüfatının bu sahəsinin inkişafında əsaslı dönüş yarandı. Əgər 1969-cu ildə ölkədə sənaye obyektlərinin sayı 735 idisə, 1982-ci ildə onların sayı 1048-ə çatdı. 14 il ərzində respublikada 300-dən artıq yeni sənaye obyektinin yaradılmasına nail olundu. Böyük strateqin bütün fəaliyyəti, xalqın milli dirçəlişi, milli qürur hissinin oyanması ideyasına əsaslanırdı. 14 illik fəaliyyəti ərzində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və təhsil, mədəniyyət və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanın keçmiş müttəfiq respublikalar sırasında ən öncül yerlərdən birini tutmasına gətirib çıxardı. Heydər Əliyev bu fəaliyyəti ilə tək həmin dövrün Azərbaycanı və vətəndaşları üçün deyil, eyni zamanda, gələcək müstəqil Azərbaycan dövlətinin davamlı inkişafının bünövrəsini, yetişən gənc nəslin firavan həyatının təməlini qoydu.

Böyük strateq Heydər Əliyev ədalətli rəhbər kimi ilk gündən qanunçuluq və hüquq qaydalarının zəifləməsi ilə əlaqədar cəmiyyətdə baş qaldırmış məmur özbaşınalığına, habelə rüşvətxorluq və korrupsiya elementlərinə qarşı kəskin mübarizəyə başladı. Ulu öndərin şəxsiyyət kimi böyüklüyü həm də onun imperiyanın tüğyan etdiyi bir dövrdə düzgünlük və haqq-ədalət tərəfdarı kimi çıxış etməsində, zəiflərin, məzlumların müdafiəsinə qalxmasında, qanunun aliliyini daim rəhbər tutmasında özünü göstərir. Ötən əsrin 70-ci illərində xüsusi imtiyazlara malik vəzifə mənsublarının övladlarının hüquq fakültəsinə qəbulunu yasaqlayan ümummilli lider, əslində, təhsil sistemində özünü qabarıq göstərən neqativ tendensiyalara qarşı amansız mübarizəyə qalxmış, imkansız və kasıbların Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmasına imkan yaradan şəffaf mühitin formalaşmasına nail olmuşdu.

Böyük öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində kasıb və imkansız ailələrin övladlarının respublikada və onun hüdudlarından kənarda yüksək təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının bariz ifadəsidir. Məhz həmin dövrdən etibarən yüksək ixtisaslı kadrlar hazırlayan bir sıra ali təhsil ocaqları açılmış, Azərbaycan SSR-in Elmlər Akademiyasının fəaliyyətində ciddi dönüş yaranmış, habelə milli kadr potensialının gücləndirilməsi məqsədilə gənclərin keçmiş SSRİ-nin ali məktəblərinə göndərilməsi prosesi geniş vüsət almışdır. Bu baxımdan, 70-ci illərdə Azərbaycanda milli hərbi kadr hazırlığı istiqamətində həyata keçirilən kompleks tədbirlər diqqəti xüsusilə cəlb edir.

Məlumdur ki, sovet hakimiyyəti illərində azərbaycanlılar sırf milli zəmində hərbi kadr hazırlığına və SSRİ hərbi elitasına yaxın buraxılmırdılar. Belə bir zamanda Heydər Əliyevin Bakıda Cəmşid Naxçıvanski adına hərbi ali məktəbin yaradılması təşəbbüsü üzərində xüsusi israr etməsi, özünəməxsus qətiyyəti və iradəsi hesabına buna nail olması, sözün əsil mənasında, fədakarlıq idi. Həmin dövrdən Azərbaycanda hərbi kadr hazırlığı sistemli mahiyyət daşımağa başlamış, gənclərdə bu sahəyə maraq güclənmişdi. Bundan başqa, Azərbaycanın xüsusi xidmət orqanlarında milliyyətcə azərbaycanlı olan kadrların yerləşdirilməsi prosesi daim Heydər Əliyevin diqqət mərkəzində olmuşdu.

Ümummilli lider Moskvada, keçmiş SSRİ dövlətinin rəhbərlərindən biri kimi fəaliyyət göstərdiyi dövrdə də doğma Azərbaycanı unutmamış, onun inkişafı və çiçəklənməsi, əhalisinin rifah halının daha da yüksəlməsi üçün çalışmışdı. Onun bacarığı, siyasi dünyagörüşü, istedadı, idarəçilik məharəti ittifaq rəhbərliyinin diqqətindən yayınmadı və ümummilli lider böyük bir dövlətin ən ali rəhbərliyində aparıcı şəxslərdən biri oldu. O, dövlətin daxili və xarici siyasətini müəyyənləşdirən əsas şəxslərindən idi. Bu yüksək vəzifəni icra edərkən də doğma Vətəninə və xalqına əvvəlkindən də artıq bir məhəbbətlə xidmət etdi. Bütün fəaliyyəti boyu "...azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycanı təmsil etdiyimə görə özümü çox xoşbəxt sayıram" - sözlərini qürurla, fəxrlə səsləndirən ulu öndər məhz milli mənsubiyyətinə görə ətrafındakıların, xüsusilə, ittifaq rəhbərliyinin qısqanclığına səbəb oldu.

Onlar artıq Heydər Əliyevin getdikcə artan nüfuzundan, türk dünyasının liderinin Kremlə rəhbərlik etməsinin bir addımlığında olmasından ciddi təşviş keçirirdi. Ona görə də Heydər Əliyevin əleyhinə kampaniya başlandı. Lakin ümummilli lider elə böyük qüdrət və nüfuz sahibi idi ki, ona yönəldilmiş bütün təxribatlar yalnız pərdəarxası aparılırdı. Hətta SSRİ-nin başçısının Heydər Əliyevlə aşkar mübarizə aparmağa cəsarəti çatmırdı. Ancaq o vaxt Kremldaxili intriqalar elə geniş və məkrli miqyas almışdı ki, ümummilli lider istefa ərizəsi yazmalı oldu. Azərbaycan xalqına üz vermiş bütün faciələr, itkilər də məhz bundan sonra başlandı. Ölkəmizə qarşı hansısa addımı atmağa cürəti çatmayan qüvvələr fəallaşdılar. Heydər Əliyevin istefasından sonra güclü dayağını və müdafiəçisini itirmiş Azərbaycan xalqının haqq səsini eşidən olmadı. Xalqın haqlı tələblərinə baxılmır, ermənilərin əli ilə mərkəzi televiziya və mətbuat səhifələrində Azərbaycanın ünvanına səsləndirilən böhtanların ardı-arası kəsilmirdi. Bu kampaniyaya başçılıq edən mərkəzi hakimiyyətin millətlərarası ədavəti qızışdırmaq cəhdi, ermənilərə münasibətdə tərəfkeşliyi getdikcə daha qabarıq şəkildə özünü büruzə verirdi.

Ümumiyyətlə, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində yaranmış tarixi şərait Azərbaycanın qarşısında son dərəcə ağır və mürəkkəb tarixi vəzifələr qoyurdu. Xalqımız böyük bir imperiyanın çöküntüləri altında öz varlığını qoruyub saxlamalı, müstəqil dövlətini qurmalı, on illər boyu içərisində yaşadığı totalitar rejimdən demokratiyaya keçməli, dağılmış iqtisadiyyatını bərpa etməli, tarixi torpaqlarına edilən düşmən təcavüzünə qarşı durmalı, ərazi bütövlüyünü qoruyub saxlamalı idi. Həmin dövrdə Azərbaycanda sözün tam mənasında, bir xaos, hərc-mərclik yaşandıqca ərazilərimiz düşmən təcavüzünə məruz qaldıqca, ölkə viran olub dağıldıqca insanların şüurunda, qəlbində xalqı arxasınca apara biləcək bir lider obrazı canlanırdı. Bu lider müdrik şəxsiyyət Heydər Əliyev idi!

Ulu öndərin nüfuzu qarşısında öz niyyət və planlarının puç ola biləcəyini dərk edən Azərbaycanın xarici düşmənləri və daxili bədxahları nəyin bahasına olursa-olsun, onu öz ölkəsinin siyasi hakimiyyətinə qoymamaq üçün xalqla onun arasında keçilməz sədd qurmağa çalışırdılar. Lakin dönməz iradəsi və xalqına olan sonsuz sevgisi ilə Heydər Əliyev Moskvada da, Bakıda da onun qarşısını kəsən bütün sədləri qırdı. 1991-ci ilin əvvəllərində o, Azərbaycan parlamentinin deputatı kimi gərgin fəaliyyətə başladı. Çıxışlarının əsas məğzi Dağlıq Qarabağ probleminin həlli ilə bağlı rəsmi Bakının daha cəsarətli mövqe tutması, əhalinin müdafiəsinin təşkilini dövlətin öz üzərinə götürməsi idi. Yeni ittifaq müqaviləsinə qoşulmaq üçün keçirilən referenduma qarşı çıxan Heydər Əliyev həmin zaman Azərbaycanın müstəqilliyinin yeganə tərəfdarı kimi çıxış edirdi.

Bakıda intriqalar, vəzifə davası iyrənc xarakter aldığı dövrdə Heydər Əliyev Naxçıvana qayıtdı. Ulu öndər Naxçıvan sakinlərinin uzunmüddətli təkidli tələblərindən sonra muxtar respublikanın Ali Məclisinə rəhbərlik etməyə razılıq verdi. Məhz müdrik şəxsiyyətin cəsarəti və qətiyyəti sayəsində Naxçıvan Azərbaycanın müstəqillik mübarizəsinin ideya və real fəaliyyət mərkəzinə çevrildi. İlk dəfə Naxçıvanda dövlət atributları qəbul olundu, bayrağımız rəsmi formada dalğalandı, "Sovet Sosialist" sözlərindən imtina edildi, Sovet qoşunları ərazidən çıxarıldı, sərhəd məntəqələrində Azərbaycan bayrağı ucaldıldı. Bununla da Heydər Əliyev Azərbaycan məkanında əsl müstəqillik və layiqli dövlətçilik nümunəsi formalaşdırdı.

Ulu öndər Heydər Əliyevin bir sözünü də xüsusi xatırlatmaq istərdim: "İdarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz". Təssüflər olsun ki, müstəqillik qazandığım tarixi dövr də daxil olmaqla 80-ci illərin sonlarından 1993-cü ilin iyununa qədər idarəçilik təcrübəsi olmayanların dövlətə rəhbərlik cəhdinin ağrı və itkilərini vətəndaş olaraq həyatımızda yaşadıq. Heç bir idarəçilik təcrübəsinə malik olmayan, heç bir idarəçilik məktəbi keçməyən meydan "qəhrəmanları" dövlət vəzifələrinə gətirildi. Onlara yüz minlərlə Azərbaycan vətəndaşlarının taleyi etibar edildi. Xüsusilə, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə səriştəlilik, peşəkarlıq, intellektual imkanlar deyil, qaragüruha meyillilik, küçələrdə, meydanlarda, iclas zallarında daha yüksəkdən qışqırmaq vərdişi, özünü lider sayanlara nə dərəcədə yaxınlıq amili kadrların seçimi üçün əsas "meyar"a çevrildi. Bununla, onlar səriştəsiz hakimiyyətlərinin labüd iflasını bir qədər də yaxınlaşdırdılar.

1993-cü ildə Azərbaycanda siyasi böhran dərinləşəndə respublikada hakimiyyətə tabe olmayan qüvvələr baş qaldırdı və ölkədə vətəndaş müharibəsi yetişəndə xalqın nəzərləri yenidən Heydər Əliyevə dikildi. Bu zaman ümummilli liderin siyasi hakimiyyətə qayıdışını yalnız xalq tələb etmirdi. Öz qətiyyətsizliyi, prinsipsizliyi, qorxaqlığı və ixtilafları ilə ölkəni uçurum qarşısında qoyan hakimiyyət rəhbərləri də yeganə nicat yolunu ulu öndərin qayıdışında görürdülər. Heydər Əliyev ömrünün qalan hissəni də xalqa, Vətənə, millətin tərəqqisinə həsr etmək üçün hakimiyyətə qayıtdı və qurduğu dövlətin davamlı şəkildə dağıdılması prosesinin qarşısını aldı, xalqın ondan gözlədiyi Qurtuluş missiyasını reallaşdırdı.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, dövlət idarəçiliyi sistemində də haqq-ədalət yerini tutdu. İkinci hakimiyyəti dövründə də Heydər Əliyevin kadr korpusu peşəkarlardan, dövlətinə və xalqına sədaqətli məmurlardan təşkil edilmişdi. Kadr potensialının formalaşdırılması istiqamətində əvvəlki onilliklərdə başladığı fəaliyyəti artıq açıq-aşkar davam etdirmək imkanı qazanan ümummilli lider bu prosesi həm də dünya standartlarına, yeni dövrün tələblərinə əsasən aparmaq istiqamətində misilsiz xidmətlər göstərdi. Tədris prosesində əldə edilən ilkin nəzəri biliklər iş prosesində mənimsənilən təcrübə ilə birləşərək, dövlət idarəçiliyində effektiv fəaliyyətlə davam etdirilməyə başladı. Özü də bu proses birbaşa Heydər Əliyevin nəzarəti altında həyata keçirilirdi. Heydər Əliyev məmurun peşəkar və hüquqi-mənəvi öhdəliklərə riayət edən kadr kimi formalaşma prosesində onun yalnız mükəmməl bilik, təkmil təcrübə mənimsəməsi ilə kifayətlənmir, o, kadrın milli-mənəvi dəyərlərə bağlılığını və bu öhdəliklərə yüksək dəyərlər nümayiş etdirərək sadiqlik göstərməsini də başlıca şərtlərdən sayırdı. Kadrların seçilməsi, əvəzlənməsi, yüksəldilməsi, işdən kənarlaşdırılması, yaxud cəzalandırılması kimi məqamlarda daim ədalət prinsipinə əsaslanan Heydər Əliyevin son illərdə bu prosesə xüsusi, əlahiddə yanaşması hər kəsin xatirindədir. Azərbaycanın müxtəlif bölgələrində keçirdiyi görüşlərdən aldığı təəssüratlar, əhali ilə sıx ünsiyyəti nəticəsində əldə etdiyi informasiyalar Heydər Əliyevin kadr siyasətində əksini tapırdı.

Qısa vaxt ərzində dövlət quruculuğu sahəsində uğurlu işlər görüldü. Qarşıda duran mürəkkəb vəzifələrin həyata keçirilməsi, ordu quruculuğunu nizama salmaq, formalaşdırmaq üçün 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs barədə saziş imzalandı. Bu, çox böyük əhəmiyyət kəsb edirdi. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün stimul yaradıldı. Münaqişənin nizamlanmasında sülh yoluna, danışıqlar vasitəsinə üstünlük verən dövlət başçısı BMT, ATƏT, BMT Təhlükəsizlik Şurasının və böyük dövlətlərin imkanlarından səmərəli istifadə olunmasını vacib hesab edirdi. Bu sahədə beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verilməsi ilə yanaşı, milli ordunun gücləndirilməsi, ölkəmizin müdafiə qüdrətini və hərbi potensialını daha da artırmaq prioritet vəzifələrdən biri kimi qarşıya qoyulmuşdu. Məhz bu məqsədlə 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Azərbaycanda milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Qısa müddət ərzində vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edildi, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə hər an sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradıldı.

Heydər Əliyevin rəhbərliyi və şəxsən iştirakı ilə 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu dövlətçiliyimizin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan oldu. Azərbaycan dövlət idarəçilik sistemində islahatların aparılması barədə verilmiş fərman səmərəli dövlət qulluğu sisteminin formalaşdırılması istiqamətində çox böyük əhəmiyyət kəsb etdi. Yeni Konstitusiyanın qəbulundan sonra müstəqil dövlətin müstəqil müasir dünya tələblərinə cavab verən demokratik, sivil, hüquqi dövlət quruculuğu üçün zəruri olan qanunvericilik bazası yaradıldı. Bütün sahələr üzrə müvafiq hüquqi aktlar qəbul edildi. Belə mühüm aktlardan biri də 2000-ci ildə qəbul olunaraq 2001-ci ilin 1 sentyabrından qüvvəyə minən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu olmuşdur.

Ümummilli lider dövlət idarəçiliyində beynəlxalq təcrübə ilə yanaşı, yerli xüsusiyyətlərin də nəzərə alınmasını vacib sayırdı. Bu məqsədlə Heydər Əliyevin 3 yanvar 1999-cu il tarixli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması haqqında fərmanı dövlətçiliyimizin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi işinə mühüm töhfə idi. Ulu öndərin bu müdrik qərarı dövlət xidməti sisteminə istedadlı, bacarıqlı, zəkalı və mənəviyyatca təmiz olan gənclərin cəlb olunması, bunun üçün onlara yüksək səviyyəli müasir təhsilin verilməsi istəyindən irəli gələn bir addım idi. Ulu öndərin yaratdığı İdarəçilik Akademiyasının əsas vəzifəsi dövlət strukturlarını dövrün, zamanın tələbləri səviyyəsində idarə edə biləcək gənclərdən ibarət mütəxəssis kadrlar hazırlamaqdan, həmçinin mövcud kadrların, dövlət məmurlarının ixtisasının artırılmasından ibarətdir.

Mən Dövlət İdarəçilik Akademiyasına rektor təyin edilərkən ümummilli liderin dediyi sözlər heç vaxt yadımdan çıxmaz. Heydər Əliyev dönə-dönə qeyd etdi ki, bizə müstəqil Azərbaycan üçün müasir idarəçi, yeni tərzdə düşünən, yeni təfəkkürlü mütəxəssis kadrlar lazımdır. Tapşırdı ki, bu sahədə beynəlxalq təcrübəni öyrənin. Azərbaycanın yerli şəraitini, milli xüsusiyyətlərini də unutmayın. Bu, ümummilli liderin milli-mənəvi dəyərlərimizə nə qədər bağlı bir şəxsiyyət olduğunu göstərirdi. Bu, öz xalqına, millətinə, milli-mənəvi dəyərlərə bağlı bir şəxsiyyətin arzuları idi.

Biz, Dövlət İdarəçilik Akademiyasının rəhbərliyi, professor-müəllim kollektivi ulu öndərin qarşımıza qoyduğu məsul vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Çalışırıq ki, böyük tarixi şəxsiyyətin yaratdığı bu elm ocağının işi, fəaliyyəti dahi insanın adına layiq olsun. İdarəçilik Akademiyası milli ideologiyamıza xidmət etməklə, bu ideologiyanın formalaşdırılması, genişləndirilib inkişaf etdirilməsi və təbliği işində də mühüm rol oynasın. Bu elm ocağında kadrlar milli ruhda, adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə sədaqət, hörmət ruhunda hazırlanırlar. Bu, bizim müstəqilliyimizin əbədiliyinin qorunması və milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsində çox şərəfli və vacib işdir. Ümummilli lider milli ideologiya məsələlərindən söhbət açarkən xüsusi olaraq vurğulayırdı: "Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapmışdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət-ənənələrimizdir. Bu, bizim milli-əxlaqi mentalitetimizdir, bu, bizim bütün başqa mənəvi dəyərlərimizdir. Biz bunların hamısı ilə fəxr etməliyik".

İdarəçilikdə siyasi varislik ənənəsi həm də kadrların seçilməsi və dəyərləndirilməsi ilə bağlı mütərəqqi ənənələrin qorunub saxlanılmasını və inkişaf etdirilməsini nəzərdə tutur. Sevindirici haldır ki, 2003-cü ilin oktyabrında xalqın böyük etimadını qazanaraq Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev ulu öndərin kadr siyasətini də yeni dövrün tələblərinə uyğun, böyük uğurla davam etdirir. Dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip indi də öz qüvvəsindədir. "Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır" - bu sözlərin müəllifi cənab İlham Əliyevin xarizmasına olan kütləvi inam da məhz onun belə idarəetmə prinsiplərinə yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir.

Dövlət quruculuğu məsələləri dövlət başçısı İlham Əliyevin daim diqqətdə saxladığı prioritet vəzifələrdən olmuşdur. Cənab İlham Əliyevin son beş illik fəaliyyətində xalqa layiqli xidməti hər bir məmurun qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş, dəyərli kadrları irəli çəkmiş, səlahiyyətlərinin öhdəsindən gələ bilməyənləri vəzifədən azad etmişdir. Son illər bir sıra yeni dövlət qurumlarının yaradılması da dövlət idarəçiliyini çevik və səmərəli mexanizmlər əsasında gerçəkləşdirmək istəyindən irəli gəlir.

Ötən müddətdə qlobal enerji, nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsi, regionların tərəqqisi, əyalətlərdə yeni iş yerlərinin açılması, urbanizasiya prosesinin səviyyəsinin azaldılması, sosial-infrastrukturun yenilənməsi, yerlərdəki problemlərin aradan qaldırılması məqsədilə imzaladığı sənədlərin icrası vəziyyəti ilə tanış olmaq, sıravi insanlarla ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən ardıcıl səfərlər də cənab İlham Əliyevin fəaliyyətinin üstün istiqamətlərindən biri kimi diqqəti çəkir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır. Xalqı seçkidən-seçkiyə yada salan bəzi siyasi qüvvələrdən fərqli olaraq, Azərbaycan Prezidentinin bölgələrə səfərləri kampaniyaçılıqdan tamamilə uzaq olub onun təkmil idarəçilik üslubunun mahiyyətindən irəli gəlir.

Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli "Dövlət qulluqçularının Peşə bayramı gününün təsis edilməsi haqqında" sərəncamı ilə 23 iyunun respublikamızda dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır. Bu əlamətdar tarix dövlət qulluqçularının cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, onları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir. Prezident komandasının hər bir üzvü üzərinə düşən tarixi məsuliyyəti dərk etməli, fəaliyyətini hər zaman cənab İlham Əliyevin elan etdiyi mütərəqqi prinsiplər əsasında qurmalıdır.

Bu gün müstəqil dövlətimizin dünya birliyində tanınmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da əməyi xüsusi qeyd olunmalıdır. Ölkəmizin elm, təhsil, mədəniyyət, səhiyyə və digər vacib sahələrinin inkişafında, dünyada daha geniş şəkildə təbliğ olunmasında, tanınmasında Heydər Əliyev Fondunun, xüsusən, fondun prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti xalq tərəfindən yüksək qiymətləndirilir. Bu, belə də olmalıdır. Çünki Mehriban xanım Əliyeva da Heydər Əliyev siyasi məktəbindən dərs alıb.

Biz əminik ki, Heydər Əliyev siyasi kursu Azərbaycanda daim davam edəcək və dahi rəhbərimizin müəllifi olduğu milli inkişaf strategiyası müstəqil dövlətimizi dünyanın inkişaf etmiş qüdrətli dövlətləri səviyyəsinə qaldıracaq. Nə qədər ki, müstəqil Azərbaycan dövləti mövcuddur, bu dövlətin memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev də dünya azərbaycanlılarının qəlbində, tariximizdə və türk dünyasında əbədi yaşayacaqdır.

 

 

Seyfəddin QƏNDİLOV,

Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının rektoru,

əməkdar elm xadimi, professor

 

Azərbaycan.- 2009.- 26 iyun.- S. 5.