Dünya İrs Komitəsinin qərarı ilə İçərişəhər təhlükədə olan ümumdünya İrs Siyahısından çıxarılmışdır

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mərbuat xidmətindən bildirmişlər ki, iyunun 22-də İspaniyanın Sevilya şəhərində YUNESKO-nun Dünya İrs Komitəsinin 33-cü sessiyası öz işinə başlamışdır.

Sessiyada ölkəmizi idarənin rəisi Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Tədbirdə digər məsələlərlə yanaşı, dünya şəhərsalma sənətinin nadir nümunəsi olan İçərişəhərin qorunub saxlanılması istiqamətində görülən tədbirlər də müzakirə olunmuşdur.

Məlum olduğu kimi, 2000-ci ildən YUNESKO-nun Dünya İrs Siyahısında olan İçərişəhər 2003-cü ildə 21 ölkənin nümayəndələrindən ibarət Dünya İrs Komitəsinin qərarı ilə məhv olmaq təhlükəsi olan Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Bu qərarın qəbulunda 2000-ci ilin noyabrın 25-də Bakı şəhərində baş vermiş güclü zəlzələnin nəticələri, İçərişəhərdə vahid idarəetmə sisteminin və lazımi nəzarətin olmaması üzündən memarlıq abidələri üçün təhlükə yaradan qeyri-qanuni tikinti işləri, İçərişəhərin qorunması və inkişaf planının olmaması az rol oynamamışdır. Qərarla bağlı Komitə Azərbaycan hökumətinə görülməli tədbirlərə dair öz tövsiyələrini təqdim etmişdi.

İçərişəhərin Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətini, qorunub saxlanılmasının vacibliyini, Qoruğun idarə olunmasının təkmilləşdirilməsinə və mərkəzləşdirilməsinə ciddi zərurətin yarandığını nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" 2005-ci il 10 fevral tarixli Sərəncam imzalamış və bundan sonra məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanmışdır. İdarənin fəaliyyəti müddətində ərazidəki bütün tikinti işləri dayandırılmış, nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı müvafiq işlər görülməyə başlanmış, abidə və tarixi binaların inventarlaşdırılması aparılmışdır.

Ölkə başçısının tapşırığı ilə İçərişəhərin ərazisində yüksək peşəkarlıqla və gözəl memarlıq üslubunda aparılan təmir-bərpa və abadlıq işləri təbii və insan amillərinin təsiri nəticəsində acınacaqlı vəziyyətə düşmüş bina və abidələrə ikinci həyat bəxş etmiş, İçərişəhərin tarixi mənzərəsinin bərpasında əvəzsiz rol oynamışdır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva İçərişəhərdəki tarixi və memarlıq abidələrinin bərpasını daim diqqət mərkəzində saxlamış, zəngin maddi-mədəniyyət nümunələrinin üzə çıxarılmasında və bütün dünyada tanıtdırılmasında böyük iş görmüşdür. Onun dəstəyi ilə beynəlxalq ekspertlər cəlb olunmaqla ilk dəfə İçərişəhərin konservasiyası üzrə Master Plan hazırlanmışdır.

Azərbaycana bir neçə dəfə səfər etmiş YUNESKO-nun və digər beynəlxalq təşkilatlarının ekspert qrupları hazırladıqları hesabatlarda Dünya İrs Komitəsi tərəfindən verilmiş tövsiyələrin yerinə yetirilməsini, o cümlədən qoruğun idarə olunması üçün ayrıca dövlət qurumunun yaradılmasını və ona müvafiq səlahiyyətlərin verilməsini xüsusilə qeyd etmiş, abidələrin mühafizəsi ilə bağlı görülən tədbirləri yüksək qiymətləndirmişlər.

Son bir neçə ay müddətində İçərişəhərin idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində əlavə addımların atılması, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının yaradılması barədə qərarın qəbul edilməsi və konservasiya üzrə Master Planın təqdimat mərasiminin keçirilməsi ekspertlərin rəylərində müsbət hal kimi qeyd edilmiş və Azərbaycan dövləti tərəfindən İçərişəhərin Təhlükədə olan Ümumdünya İrsi Siyahısından çıxarılması üçün verilmiş bütün tövsiyələrin yerinə yetirildiyi təsdiqlənmişdir.

Dünya İrs Komitəsinin 33-cü sessiyasının gündəliyinə əvvəlcədən İçərişəhərin məhv olmaq təhlükəsi olan Ümumdünya İrs Siyahısından çıxarılması məsələsinə 2010-ci ildə baxılması barədə qərar layihəsi daxil edilmişdi. Lakin Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Cabbarov tərəfindən İçərişəhərdə görülmüş işlər haqqında ətraflı məlumatın verilməsindən və müvafiq sənədlərin təqdim edilməsindən sonra ilkin qərar layihəsi dəyişdirilmiş və Komitəyə daxil olan bütün 21 ölkənin təmsilçiləri iyunun 25-də yekdilliklə İçərişəhərin Təhlükədə olan Ümumdünya İrsi Siyahısından çıxarılmasına səs vermişlər. Qərarda, həmçinin mədəni irsin qorunmasında Azərbaycanın əldə etdiyi uğurlar təqdirəlayiq hesab edilmiş və digər ölkələrə nümunə kimi göstərilmişdir. Qəbul edilmiş qərar sessiya iştirakçılarının alqışları ilə qarşılanmışdır.

Sessiya öz işini iyunun 30-dək davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 26 iyun.- S. 13.