Astanada Avratlantik Tərəfdaşlıq
Şurasının təhlükəsizlik
məsələlərinə dair 3-cü forumu keçirilmişdir
Forumda NATO-nun
üzvü olan 28, tərəfdaşı olan 22 ölkənin
yüksək səviyyəli nümayəndələri
iştirak etmişlər.
Ölkəmizi bu tədbirdə
Milli Məclis Sədrinin birinci müavini, NATO Parlament
Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin
rəhbəri Ziyafət Əsgərovun
başçılığı ilə deputat Jalə Əliyeva
və NATO yanında Azərbaycan nümayəndəliyinin
başçısı Kamil Xasıyevdən ibarət nümayəndə
heyəti təmsil etmişdir.
Tədbirdə Mərkəzi
Asiyada və Qafqazda təhlükəsizlik problemləri, Əfqanıstanda
vəziyyətin sabitləşməsi məsələləri,
problemin həllində dünya ölkələrinin və
qonşu dövlətlərin rolu, enerji təhlükəsizliyi,
Qara dəniz regionunda əməkdaşlığın
genişləndirilməsi, insan hüquqları və digər
məsələlər müzakirə edilmişdir.
Forumda "Enerji təhlükəsizliyi:
Xəzər dənizi və Qara dəniz regionunda əməkdaşlıq"
mövzusunda məsələ müzakirə olunan qrupda Ermənistanın
NATO-dakı nümayəndəsi "regionun enerji layihələrindən
kənarda qaldıqlarını və bundan əziyyət
çəkdiklərini" bildirmişdir. O demişdir:
"Ermənistan bütün neft və qaz layihələrindən
kənarda qalmışdır və çox istərdik ki, bu
layihələrdə iştirak edək".
Ziyafət Əsgərov
cavab olaraq bildirmişdir ki, Ermənistanın bütün
regional layihələrdən kənarda qalmasında Azərbaycan
deyil, məhz bu ölkənin özü günahkardır. Ermənistan
özünün işğalçılıq siyasətinin
girovuna çevrilib və ona görə də layihələrdə
iştirak edə bilmir. Siz işğalçı dövlətsiniz,
torpaqları azad edin, işğaldan əl çəkin, ondan
sonra sizinlə əməkdaşlığı müzakirə
edə bilərik.
Z.Əsgərov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, problemin həllində
Azərbaycanın sülh təşəbbüsləri barədə
də məlumat vermişdir.
Qazaxıstanın
energetika və mineral ehtiyatlar nazirinın müavini Aset Maqauov,
ABŞ-dan olan politoloq Zeyno Baran Avropanın enerji təminatında
Azərbaycanın rolundan danışmışlar.
Forumun "Regional
perspektivlər: Qafqazda həll olunmayan münaqişələrin
həllinin perspektivləri" mövzusundakı seminarda
Türkiyənin NATO-dakı nümayəndəsi Ünal
Çevikgöz Dağlıq Qarabağ münaqişəsinə
toxunaraq demişdir ki, münaqişə həll olunmayınca,
Türkiyə Ermənistanla hər hansı diplomatik
danışıqların aparılmasına razılıq verməyəcəkdir.
Kamil Xasıyev isə
çıxışında bildirmişdir ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi yalnız və
yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həllini tapa bilər.
Jalə Əliyeva enerji
layihələrinin icrasında Azərbaycanın rolundan danışmışdır.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Astana
Azərbaycan.- 2009.- 26 iyun.- S. 6.