Regionların su təchizatı
və kanalizasiya sistemi yaxşılaşdırılacaq
İyunun 25-də Milli Məclisin
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin
iclası olmuşdur. Komitə sədrinin müavini Elton Məmmədov
"Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və
Azərbaycan Respublikası Hökuməti arasında
"Kiçik şəhərlərdə su təchizatı və
kanalizasiya layihəsi"nə dair Kredit Sazişinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun
layihəsi barədə məlumat vermişdir. O bildirmişdir
ki, regionlarda su təchizatının və kanalizasiya sisteminin
yaxşılaşdırılması, mövcud infrastrukturun
yenilənməsi əsas məsələlərdəndir. Regionların
inkişafına dair birinci dövlət proqramında olduğu
kimi, ikinci dövlət proqramının icrası müddətində
də bu sahədə xeyli iş görüləcək.
"Kiçik şəhərlərdə
su təchizatı və kanalizasiya layihəsi" də bu məqsədə
xidmət edir. Layihənin ümumi dəyəri 452 milyon
dollardır. Bu məbləğin 108 milyon dollarını Azərbaycan
hökuməti öz üzərinə götürüb. Layihə
çərçivəsində 61 şəhər və rayon
mərkəzində su təchizatı və kanalizasiya
sisteminin yaxşılaşdırılması
üçün tədbirlər həyata keçiriləcək.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə
imzalanmış Kredit sazişinə əsasən ayrılacaq
vəsaitlə Şirvan, Salyan, Neftçala, Xaçmaz, Bərdə,
Yevlax, Xızı, Qusar, Qobustan və Naftalanda su təchizatı
və kanalizasiya qurğularının tikintisi, su
borularının satınalınması və
quraşdırılması işləri həyata keçirləcək.
Kredit sazişi 2009-cu il mayın 29-da Bakıda
imzalanmışdır.
Komitə üzvləri
layihə çərçivəsində görüləcək
işlərin regionların sosial-iqtisadi inkişafına
töhfələr verəcəyini qeyd etdilər.
İclasda iştirak edən
"Azərsu" Səhmdar Cəmiyyətinin "Sukanal"
Elmi-Tədqiqat Layihə İnstitutunun direktor müavini Əhməd
Məmmədov layihə barədə fikirlərini bildirdi.
Sonda Kredit sazişi
ratifikasiya olunmaq üçün Milli Məclisin plenar
iclasına çıxarılması tövsiyə edildi.
Azərbaycan.- 2009.- 26 iyun.- S. 6.