Çörəyimiz bol olacaq

 

Göylərin tacı günəş üfüqdən təbəssümlə boylanır, dünyanı nura qərq edirdi. Səhərin yovşan ətri qarışmış təmiz havasını udduqca Vəliyəddin kişinin varlığına qeyri-adi bir rahatlıq hopurdu. Özünəməxsus ləngərli yerişi ilə çiynində bel mehr saldığı, ona doğmadan-doğma olan, ailəsinin çörək təknəsi, ümid yeri hesab elədiyi torpaq sahəsinə tələsirdi. Tələsməyi səbəbsiz deyildi. Kombayn bu gün onun sahəsinə düşəcəkdi. Beli götürmüşdü ki, zəminin kənarındakı dərin arxı doldursun, kombaynın, traktorların zəmiyə rahat daxil olmağını təmin etsin.

Aylardan bəri bu yolu gündə neçə dəfə gedib-gəlmiş, öz dili ilə desək, əriş-arğac etmişdi. Torpağa toxum düşəndən bəri dincliyi, rahatlığı ərşə çəkilmişdi elə bil. Məhsulun taleyi üçün narahat hisslər keçirmədiyi bircə an da belə olmazdı. Əslində bu, təbii bir narahatlıq idi.

Ailəsinin ruzusu torpaqdan, ona icarəyə verilmiş bu sahədən çıxırdı. Torpaqdan çıxan ruzi isə asan başa gəlmir. Bunun üçün gərək zəhmət çəkəsən, tər tökəsən. Atalar demişkən, gərək torpağı öldürəsən ki, o da səni dirildə. Vəliyəddin kişinin həyatda ən çox nifrət etdiyi ələbaxımlıqdır.

Laçın dağlarının vüqarını qanında, canında yaşadan Minkəndin sayılıb-seçilən ağsaqqallarından olan Vəliyəddin Məmmədov söz düşəndə deyir ki, kişi ölər, amma dolanışıq üçün, bir tikə çörək üçün əyilməz, bir kimsəyə əl açmaz. Başçısını itirmiş, kişisiz qalmış ailəyə ərzaq yardımı verilsə, yeri var. Yoxsa bığıburma kişilər oturub çayxanalarda səhərdən-axşama kimi nərd, domino oynayırlar. Dövlətdən, yaxud hansısa bir beynəlxalq humanitar təşkilatdan yardım gələndə qarğa-quzğun kimi tökülüşürlər. Belə mənzərəyə baxanda xəcalətimdən tər tökürəm. Adam insafını itirməz, dövlət bizə bol-bol qayğı göstərir. Ev, məktəb, xəstəxana tikir, yol, su çəkir, dolanmaq üçün torpaq sahəsi verir. Üstəlik, əkib-becərmək üçün büdcəsindən yardım da edir. Bundan o yanası qalır bizim qeyrətimizə. Prezident İlham Əliyevin göstərişi ilə Qarqar çayından bizim obalara su kanalı çəkildi. Qədirbilən el-oba sevimli rəhbərimizin bu qayğısına cavab olaraq kanala ad da verdilər - "Qayğı kanalı". İndi bu kanal əsrlər boyu ilan mələyən, susuzluqdan sinəsi cadar-cadar olmuş çöllərə yeni həyat gətirir. Yovşandan, biyandan, qarağandan başqa bir şey bitirməyən göz işlədikcə uzanan bu geniş düzlər indi başdan-başa taxıl zəmiləri, bostan-tərəvəz əkinləridir. Kimin ürəyində təpər, qanında qeyrət var, qolunu çırmayıb irəli durur. Yaxşı işləyənlər yaxşı da qazanır, firavan dolanırlar. İşləməkdən, zəhmət çəkməkdən qorxmuram. Zəmiləri heç kəsə etibar etmirəm. Vaxt olub ki, bu ağsaqqal yaşımda bəzən əlimə bel götürüb zəmiləri suvarmışam da. Becərmə, yemləmə işlərində də işin çətininin qulpundan yapışmışam. Eyni zamanda mala, heyvana da baxıram. İki oğlum var. Onlar bu yaşda işləməyimə qıymırlar. Amma işləməyə vərdiş eləmişəm. Bekar qalanda sıxılıram. Dolanışıq sarıdan heç bir korluğumuz yoxdur. Külfətin ehtiyacından artıq olan taxılı, yağı, pendiri satır, düşəndə Bakıda məskunlaşmış qohum-qardaşa pay da göndəririk. Elə zənn etməyin ki, dərdimiz-odumuz yoxdur. Vallah, burada şahlar kimi yaşasaq da, bizə qızıldan saraylar verilsə də, Laçın həsrətini unuda bilmirik. Amma ümidsiz də deyilik. Dövlətimizin başçısı İlham Əliyevə çox inanırıq. İnanırıq ki, hansı yolla olur-olsun Qarabağı qaytaracaq. Biz gözü yolda qalan dağlara qovuşacağıq. Prezidentimizin müdrikliyi, qətiyyəti belə düşünməyə əsas verir.

Bu da günəşdən rəng, torpaqdan bərəkət almış dolu sünbüllü taxıl zəmisi. Vəliyəddin kişi yolun yorğunluğuna baxmayaraq işə başladı. Nəzərində tutduğu arxı doldurdu. Zəmiləri suvararkən bu arxdan istifadə etmişdilər. Dəfələrlə təkrar olunan suvarma zamanı su torpaq arxı yuyub xeyli dərinləşdirmiş, maşın-traktor üçün keçilməz etmişdi. Onu narahat edən maneəni aradan qaldırandan sonra Vəliyəddin kişi sahədən bir az aralıdan keçən arxın sərin suyunu ovuclayıb üz-gözünə vurdu. Qamətini düzəldib qəsəbədən gələn yola diqqətlə baxdı. Bilirdi ki, kombaynçılar şeh götürülməmiş biçinə başlamırlar. Lalın dilini anası bilən kimi, bunun da səbəbini kombayn işlədənlər bilir. Arxın köbərində, göy otların üstündə uzanıb vaxt var ikən bir az dincəlmək istədi. Əllərini daraqlayıb başının altına qoydu. Səmada bir əlçim də bulud yox idi. Göylərin mavi rəngi asimanın sonsuzluğunu qəribə şəkildə tamamlayırdı.

Haradasa yaxında turac ötdü. Vəliyəddin kişinin üzü işıqlandı elə bil. Hələ Laçında ikən turac, kəklik oxuyanda heyrətlə qulaq kəsilərdi. Turacın sehrli nəğməsi fikrinə, xəyalına qanad verdi sanki. Cismi aranın bu qızmar düzündə, suyu şırıltı ilə axıb keçən arxın kənarında idi. Ruhu isə Laçın dağlarını dolaşır, Minkəndin qarlı zirvələrini, durnagözlü buz bulaqlarını gəzirdi...

Ay Allah, nə bəxtəvər günlər idi. Kişilər elliklə Güllü gədiyə ot biçininə çıxmışdılar. Əlvan çiçəklərin ətri təzəcə biçilən yaşıl otların iyinə qarışıb sözlə ifadəsi mümkün olmayan qeyri-adi bir rayihə yaratmışdı. Dəryazların ağzından çıxan ot vərləri elə səliqə ilə sıralanırdı ki, sanki zərgər vurmuşdu bu naxışları. Dağlarda ot biçini həmişə haylı-küylü olurdu. Bir tərəfdə qazan asıb biçinçilərə yemək hazırlayırdılar. Böyük samovar da öz zümzüməsində olardı. Uşaqlar gün vurmasın deyə başlarına ağ çalma bağlamış biçinçilərə su, ayran daşımaqdan yorulmazdılar.

Gecələr yuxusundan çıxmayan Laçın sevgisi səhərin bu vədəsində Vəliyəddin kişini beləcə sirli-sehrli bir aləmə aparmışdı. Son vaxtlar yaman xəyalpərəst olmuşdu. Doğma yurd yerlərinin xiffətini bərk çəkirdi. Hər dəfə də dünyanı dolaşan fikri axırda gəlib ağrılı bir məqamda qərar tutardı. Doğulub boya-başa çatdığı ev, qayğısız uşaqlığının keçdiyi kənd gəlib durardı gözünün qabağında. Bir səhnəni isə heç vaxt unuda bilmirdi. Tufanlar oynayan fikirli başla son dəfə doqqazdan çıxanda Bozdarın qeyri-adi bir səslə hürməsi hələ də qulaqlarından kəsilmir.

Doqqazdan dönüb itin zəncirini açdı. Bozdar ayrılıq məqamının yetişdiyini duyurmuş kimi Vəliyəddinin ayaqlarına döşəndi. Qəribə səslər çıxarıb zingildədi. Sonra sakitləşib şöngüdü, mənalı baxışlarla sahibinə tamaşa etməyə başladı. İtin gözlərindən yaş axdığını görəndə Vəliyəddin özünü saxlaya bilməyib kürəyini yaxınlıqdakı iri qoz ağacının gövdəsinə söykədi.

Qılçaları qatlandı. Dizlərini qucaqlayıb oturdu. Elə bil içi ovulub tökülürdü. Neyləsə , özünü saxlaya bilmədi. Çiyinləri elə qalxıb enirdi ki, sanki güclü bir pəhləvan onu tutub silkələyirdi. Hönkürtüsü eşidilməsə , gözlərində yaş görünməsə , ağlayırdı. İçin-için, xısın-xısın ağlayırdı. Göz yaşları üzünə yox, ürəyinə axırdı. Bozdarın ayrılığına dözməyin ikiqat zülm olduğunu düşünüb onu da özüylə götürdü. Sonralar qubarlananda saatlarla oturub Bozdara tamaşa edirdi. İti qoyub gəlmədiyi üçün təskinlik tapırdı. Məcburi köçkün kimi məskunlaşdıqları yeni məkanda Bozdara xüsusi qayğı, fərqli baxım ailənin bütün üzvlərində adi vərdişə çevrilmişdi...

Kombaynın gurultusu Vəliyəddini xəyaldan ayırdı. Ayağa qalxıb üzünü gənc mexanizatora tutdu:

- A bala, gözləməkdən səbrim tükəndi, gəlib çıxın də.

Kombaynçı ağsaqqal fermerin narahatlığına son qoymaq üçün inamla dedi:

- Vəliyəddin əmi, heç narahat olma, bax, bu təzə kombaynla sənin yerini elə biçəcəyəm ki, bir sünbül də itkiyə getməsin. Sağ ol, yaxşı məhsul yetişdirmisən. Daha buradan o yanası bizlikdi.

Vaxtı itirmək olmazdı. Laçın rayon "Aqroservis" müəssisəsinin rəhbəri Xəyyam Hətəmov bir neçə sünbül qırıb ovcunda ovxaladı. Nar dənəsi kimi iri buğdalar köynəyindən asanlıqla ayrıldı. Üzünü göstəriş gözləyən kombaynçıya tutub təbəssümlə dedi:

- , indi meydan sizindi, başlayın, işiniz avand olsun.

Kombayn zəmiyə girib yavaş-yavaş irəlilədikcə sanki Vəliyəddin kişinin çiyinlərindən ağır bir yük götürülürdü. Zəmilərin bu günü üçün o qədər zəhmət çəkmiş, tər axıtmışdı ki...

Kombaynın arxasınca gedib adəti üzrə biçinin keyfiyyətini yoxladı. Görəndə ki, yerə bir dən də düşmür, sünbülün hamısı döyülüb təmizlənir, rahatlıq tapdı. Fikrində hesablama da apardı. Axıra kimi belə itkisiz biçə bilsək, 40 sentnerə söz yoxdu. 50 hektarın taxılını yığıb-yığışdırmaq olmayacaq. Şükür Allaha, çörəyimiz bu il də bol olacaq.

Bu il Laçının qış yataqlarında taxıl biçininə mütəşəkkil başlanıb. Arpa əkilmiş 1875 hektar sahədə biçin uğurla başa çatıb. Bütövlükdə hər hektardan 30 sentnerdən çox məhsul götürülüb ki, bu da yaxşı nəticə hesab olunur. 1145 hektar sahədə isə bol buğda yetişdirilib. Biçilən ilk hektarların yüksək məhsuldarlığı bu il taxılçıların böyük nailiyyətlər qazanacağından soraq verir.

İndi zəmilərdə 8 ədəd kombayn işləyir. Alxaslı, Sonasor, Minkənd, Ağbulaq, Malıbəy obalarında taxıl biçini müvəffəqiyyətlə davam etdirilir. Buğda istehsalçılarına artan dövlət dəstəyini Laçın kəndliləri hədsiz razılıqla qarşılayır, qayğıya sanballı əmək töhfələri ilə cavab verməyə çalışırlar.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2009.- 26 iyun.- S. 7.