Salyan Olimpiya Kompleksi səmərəli fəaliyyət göstərir

 

Hər gün gənclər, yeniyetmələr çiynində idman çantası Salyan Olimpiya Kompleksinə gəlir, burada məşq edir, fiziki hazırlıqlarını möhkəmləndirirlər. Artıq digər yaşdan olan adamlar da yolunu buradan salır, idmanın müxtəlif növləri ilə məşğul olur, asudə vaxtlarını mənalı keçirirlər.

Bu kompleksin açılışı 2008-ci il sentyabr ayının 8-də olmuşdur. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak edərək demişdir: "Bildiyiniz kimi, Azərbaycanda olimpiya idman komplekslərinin tikintisi çox geniş vüsət alıbdır. Ölkəmizin müxtəlif bölgələrində belə gözəl idman obyektleri tikilir. Son illər ərzində 13 idman kompleksi istismara verilmişdir. Salyan idman kompleksi 14-dür və növbəti illərdə 20-dən çox olimpiya kompleksi tikiləcəkdir. Bu, sadəcə olaraq, idman infrastrukturu deyil, eyni zamanda, turizmin inkişafı üçün, rayonların inkişafı üçün gözəl şərait yaradır. Burada gözəl mehmanxana və digər qurğular tikilibdir. Yəni, bir sözlə, burada idmanla məşğul olmaq üçün, peşəkar idmançılar üçün və eyni zamanda Salyan rayonunun sakinləri üçün hər cür şərait vardır. Mən çox istəyirəm ki, Azərbaycanda istismara verilmiş bütün yeni idman qurğularında daimi proses getsin, yəni uşaqlar, gənclər burada idman bölmələrində məşq etsinlər, öz fiziki hazırlıqlarını daha da yüksək səviyyəyə qaldırsınlar".

Dövlət başçısının bu tövsiyələrinə daim əməl olunur. Kompleksin qapıları həmişə açıqdır. İdmana diqqət və qayğını görən yeniyetmələr, gənclər buraya həvəslə gələrək müntəzəm məşqlər edir, yüksək nəticələr əldə etmək üçün var qüvvə ilə çalışırlar. Məhz bunun nəticəsidir ki, Salyanda idman getdikcə kütləvi hal alır. Kompleksin icraçı direktoru Zaur Ağayevlə söhbətdən məlum oldu ki, hazırda kompleksdə 10 bölmə: uşaq futbolu, uşaq voleybolu, cüdo, sərbəst güləş, qaydasız döyüş, boks, kikboksinq, karate, stolüstü tennis və üzgüçülük bölmələri fəaliyyət göstərir. Həmin bölmələrdə 300 nəfərə yaxın uşaq və gənc məşğul olur. Onların yaşı 5-dən 25-ə qədərdir. Rayonun ən qabaqcıl məşqçi müəllimləri kompleksə işə götürülmüşdür. Kompleksin xidmətindən istifadə edənlər üçün aylıq ödəniş haqqı isə 5-10 manat arasındadır. Şəhid və məcburi köçkün ailələrinin uşaqları, idman nailiyyətləri olan yeniyetmələr ödənişdən azaddırlar.

Uşaq futbolu və voleybolu bölmələrində də məşqlər pulsuzdur. Salyan Rayon Gənclər və İdman İdarəsi ilə sıx əlaqə vardır. Vaxtaşırı olaraq burada idmanın müxtəlif növləri üzrə turnirlər keçirilir. Kompleksdə keçirilən uşaq futbolu, "Şən startlar" yarışları məktəblilər arasında böyük sevinc doğurmuşdur. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar 9 şəhər və rayonun yeniyetmə stolüstü tennis ustaları öz qüvvələrini bu olimpiya kompleksində sınamışlar. Bu yarışma sözün əsl mənasında gözəl idman bayramına çevrilmişdi.

İcraçı direktorla məşq gedən bir neçə bölməyə baş çəkdik. Üzgüçülük uşaq və gənclərin ən çox xoşladığı bölmədir. Burada qayda-qanunlara ciddi riayət edilir. Uşaqlar tibbi müayinədən keçdikdən sonra bölməyə qəbul olunurlar. Hər dəfə məşqdən əvvəl xüsusi otaqda duş qəbul etdikdən sonra onlar hovuza buraxılırlar. 35 nəfər uşaqla üzgüçülük müəllimi Məhərrəm Abuşov məşğul olur.

Məşqçi-müəllim M.Abuşov perspektivli uşaqların - Əliağa Salahov, Şahin Hüseynov və Təbriz Qədirovun adını xüsusi çəkdi.

Kompleksdəki digər bölmələrdə də məşqlər gedirdi. Uşaqlar açıq havadakı süni otörtüklü meydançada məşqçinin tapşırıqlarını səylə yerinə yetirirdilər. Uşaq futbolu bölməsinin məşqçi-müəllimi Heydər Ağayevlə də söhbət etdik. O, uşaqlar arasında futbola böyük marağın olduğunu qeyd etdi. Bildirdi ki, onun rəhbərlik etdiyi bölmədə 42 uşaq var. Onlar məşqlərə həvəslə gəlir, oyun texnikasını həvəslə öyrənirlər.

Kompleksdə stolüstü tennis bölməsinə idman ustası, Avropa və dünya çempionatlarının iştirakçısı Mehman Səmədov rəhbərlik edir. Bu bölmədə 20 yeniyetmə məşğul olur. Ən kiçiklərinin - Hidayət Sadıqov və Nihad Səmədzadənin 5 yaşı var. Bölmədəki uşaqların ilk nailiyyətləri də ürəkaçandır. Tennisçilərdən ibarət komanda bu yaxınlarda keçirilən ümumtəhsil məktəblərinin V spartakiadasında üçüncü yeri tutmuşdur.

Digər bölmələrdə də müntəzəm olaraq məşqlər, oyunlar keçirilir. Beləcə, Salyan Olimpiya Kompleksi səmərəli fəaliyyət göstərir.

Yeri gəlmişkən, "Nurgün" şirkətlər qrupu Salyanın "Muğan" futbol komandasının maliyyələşdirilməsini öz üzərinə götürmüşdür. Bütün bunlar bunu deməyə əsas verir ki, Salyanda idman sahəsində əldə olunan nailiyyətlər getdikcə çoxalacaq, haqqında söhbət açdığımız bu idman kompleksində məşq edən yeniyetmələrin, gənclərin bir çoxunun qələbə sorağı tezliklə uzaq-uzaq ellərdən gələcəkdir.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2009.- 26 iyun.- S. 7.