Son dövrlər iqtisadi
cəhətdən sürətlə inkişaf edən
Oğuzda turizmin inkişafı istiqamətində də xeyli
iş görülmüş, o cümlədən tarixi abidələrin
bərpasına və tədqiqinə diqqət
artırılmışdır.
Özü də bu
işlər rayonda müasir idman kompleksi, mədəniyyət
və istirahət infrastrukturlarının yaradılması ilə
paralel görülür.
Oğuz RİH
başçısı Aydın Əlihüseynov söhbət
zamanı bildirdi ki, ötən ilin iyul ayından rayon ərazisində
arxeoloji tədqiqat üçün kəşfiyyat işləri
başlanıb. Hazırda AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun əməkdaşları Yaqublu kəndi ərazisindəki
14 kurqanda tədqiqat işləri aparırlar. Artıq 9
kurqanın yerüstü əlamətləri bəllidir və
maraqlı nəticələr əldə edilmişdir.
İlk tədqiq edilən
kurqan qədim tunc dövrünün sonlarına aiddir. Təqribən
3 min il bundan əvvəl Azərbaycanın qədim sakinlərinin
dini, mifologiyası, dünyagörüşü,
iqtisadiyyatı, xarici və daxili ticarət əlaqələri,
metaləritmə, metalişləmə, silah sənətkarlığının
müxtəlif sahələrinin yüksək inkişaf səviyyəsini
şərtləndirən bir çox nümunələr
üzə çıxmışdır.
Yaqublu kəndində
özümüz də bunların şahidi olduq. Yeri gəlmişkən,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Şəki-arxeologiya-folklor
qrupunun fəaliyyəti Balakən-Zaqatala-Qax-Şəki-Oğuz
rayonlarının ərazilərini əhatə edir. Arxeoloji dəstənin
rəhbəri, baş elmi işçi Nəsib Muxtarov və
elmi işçi İntizar Bədəlova ilə iş
üstündə görüşdük. Nəsib müəllim
bildirdi ki, ən kiçik kurqanın diametri 64 metrdir. Kurqandan
çıxan maddi mədəniyyət nümunələri
göstərir ki, həmin dövrdə Azərbaycanda
güclü dövlət olub. Hindistan, Misir, Mesopotamiya,
Aralıq dənizi hövzəsi, Əfqanıstan və s.
yaxın-uzaq ellərlə mədəni ticarət əlaqələri
saxlanılıb. Eyni zamanda, ərazidə həm oturaq, həm
də köçəri maldarlıq çox inkişaf edib.
Kurqandakı qəbirlər
orta və son tunc dövrü inancları haqqında da yeni
materiallar verir. Bu materiallar eradan əvvəl II minilliyin
ortalarında Azərbaycan mifologiyasının, dini və
dünyəvi elmlərin öyrənilməsinə
yardımçı olmaqla bərabər, həm də
folklorumuzun tədqiqi üçün böyük əhəmiyyətə
malikdir.
Kurqanlar yerləşən
ərazinin ətrafında - Zəmindərə adlı yerdə
eradan əvvəl II minilliyin sonundan ərəb
işğallarına qədər olan uzun bir dövrdə
yaşayış olduğu üzə çıxır. Burada
insan məskənləri, nekropollar dərənin hər iki tərəfində
bir-birinə çox yaxın məsafədə qeydə
alınır.
Kurqanlardan tapılan əlvan
metaldan ibarət zinət əşyaları hökmdarlıq, yəni,
hakimiyyət rəmzi sayılır. Şərq
mifologiyasına bağlı "Fatma bağı" sinə
bəzəyi və s. əşyalar daha qədim mifoloji
qaynaqlara söykənir.
Bu ərazidə mərhum
arxeoloq Saleh Qazıyev də ötən əsrin 50-60-cı illərində
tədqiqat işləri aparıb və eneolit, tunc və antik
dövrə aid yaşayış məskənləri, qəbir
abidələri qeydə alıb.
Kərimlidəki
hökmdar kurqanları daha dərindən tədqiq edilərsə,
turizmin yolunu buraya istiqamətləndirmək olar. Yəqin ki,
bu, belə də olacaq. Axtarışların gedişi, üzə
çıxan tapıntılar bunu deməyə əsas verir.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2009.- 26
iyun.- S. 7.