Güclü Azərbaycan Ordusu müstəqil dövlətçiliyimizin əsas təminatçısıdır

 

Biz ordumuzun gücünə güvənməliyik. Məhz bu məqsədlə son illər ərzində mütəmadi qaydada ordu potensialının gücləndirilməsi üçün praktiki tədbirlər görülübdür. Bu gün bizim ordumuz bölgədə ən qüdrətli ordudur. Azərbaycanda istənilən vəzifəni icra etməyə qadir olan silahlı birləşmələr fəaliyyət göstərir və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün biz lazım olan halda hərbi gücdən də istifadə edə bilərik. Bu, bizim suveren hüququmuzdur. Beynəlxalq hüquq normaları da bizə bu imkanı verir.

Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və hər an hazır olmalıyıq ki, öz doğma torpağımızı düşməndən silahlı yolla azad edək.

 

İlham Əliyev

 

İyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün artıq 11-ci ildir ki, ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.

Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı.

1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində ulu öndər bu barədə demişdir: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən xalq cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik".

Təcrübədən və tarixdən məlumdur ki, ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. O da məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Müasir Azərbaycan dövlət müstəqilliyinə 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.

Ulu öndər Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə ulu öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Bu dahi insanın AXC-Müsavat dövründə yaradılmış və daha çox ayrı-ayrı şəxslərin, bəzi siyasi partiyaların konyunktur maraqlarına, dövlət çevrilişi məqsədlərinə xidmət edən silahlı dəstələri buraxmaqla, onların fəaliyyətini qanundankənar elan etməklə başladığı ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başlamışdı. Başlanğıcını 1993-cü il noyabrın 2-dən - ulu önlərin xalqa müraciətindən götürən və tarixə Heydər Əliyevin ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və mərkəzi komandanlığa tabe olan hərbi birləşmələr nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldılar, 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, Murovda yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdilər.

Heydər Əliyevin 1994-cü il yanvarın 24-də cəbhəyə yola düşən yeni hərbi hissənin şəxsi heyətinə xitabən dediyi "Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır" sözlərini unutmayan, ulu öndərin bu xeyir-duasından ruhlanan zabitlərimiz, əsgərlərimiz, gizirlərimiz və çavuşlamız o dövrdə sinələrini düşmən pulemyotunun qarşısına verməklə, əldə qumbara düşmən tankının altına atılmaqla əsil qəhrəmanlıq nümunələri göstərdilər.

1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacib və tarixi əhəmiyyətli bir mərhələdir. Heydər Əliyevin təşəbbüsü və Türkiyə ilə imzalanmış protokola əsasən 1997-ci ildən ulu öndərin adını daşıyan indiki Azərbaycan Ali Hərbi Məktəbi yaradılmış və burada hərb elminin dünyanın ən qabaqcıl standartları tətbiq edilməklə tədris olunmasına başlanılmışdır. 2001-ci ildən bu məktəb Azərbaycan Ordusunu müasir standartlara uyğun yeni proqram əsasında hazırlanmış zabitlərlə təmin edir.

Silahlı Qüvvələrimizin strukturuna daxil olan müxtəlif qoşun növlərini peşəkar hərbi kadrlarla təmin etmək üçün Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Hərbi tibb fakültəsi də yaradılmışdır. Bu hərbi təhsil müəssisələri ordumuza ehtiyac duyulan bütün hərbi mütəxəssisləri hazırlamaq imkanına malikdir.

Hərbi təhsildən danışanda yada düşən məktəblərdən biri də əsası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə qoyulmuş Cəmşid Naxçıvanski adına hərbi liseydir. Heydər Əliyevin səyi nəticəsində bu məktəbin yaradılması Azərbaycanın hərbi təhsil tarixində yeni bir səhifə açmışdır. İndi hərbi lisey kimi fəaliyyət göstərən bu məktəbin o zaman təsis edilməsi respublikamızda milli zabit kadrları hazırlığının yüksəlməsinə, azərbaycanlıların hərb sənətinə marağının artmasına təkan vermişdir. Hazırda liseyin məzunları arasından yetişən generallar, onlarla yüksək rütbəli zabit respublikamızın Silahlı Qüvvələrində, Daxili Qoşunlarda, Sərhəd Qoşunlarında, milli təhlükəsizlik orqanlarında vətənə xidmət edirlər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdir: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir".

Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezideni, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bütün bu məsələləri daim diqqətdə saxlayan Prezident İlham Əliyev ordumuzun daha da güclənməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasını əsas vəzifə kimi qarşıya qoymuşdur. Qeyd edək ki, 2007-ci ildən dövlət büdcəsindən müdafiə məqsədləri üçün ayrılan vəsaitin miqdarı 1 milyard dolları ötmüşdür. Hazırda bu vəsaitin miqdarı 2 milyard dollara çatıb. Bu vəsait hesabına Azərbaycan Ordusu sürətlə güclənir, yeni texnikalar, təyyarələr alınır, ən müasir silah-sursat ordunun arsenalına daxil edilir, hərbi hissələrdə komplektləşdirilmiş silah-sursat və texnika daha müasirləri ilə əvəz olunur. Orduya ayrılan vəsaitin artımı həm də hərbi qulluqçuların - generalların, baş və kiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, maaşlarının artırılması, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması deməkdir. Maddi imkanlar artdıqca bu istiqamətdə görülən işlərin həcmi də yüksələcəkdir.

Azərbaycanın hərbi büdcəsinin milyardlarla dollar səviyyəsində ölçülməsi ilə Prezident İlham Əliyevin daha bir vədi real həyata vəsiqə aldı: Ölkəmizin hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabər oldu.

Cənab Prezidentin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkəmizin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca hərbi sahədə həyata keçirilən tədbirlərin miqyası daha da genişlənəcəkdir: "Azərbaycanın hərbi potensialının möhkəmlənməsi çox sürətlə gedir. Biz hərbi xərclərə böyük diqqət göstəririk... Çox böyük sayda hərbi texnika, təyyarələr, silah-sursat alınır və bu siyasət davam etdiriləcəkdir".

Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü münasibətilə iyunun 24-də keçirilən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi silahlı qüvvələrimizin strukturunu təşkil edən bütün qoşun növlərinin döyüş hazırlığının yüksək olması ilə yanaşı, onların arsenalına daxil olan hərbi texnikaların modern texnologiyaya əsaslandığını, müasir döyüş standartlarına tam cavab verdiyini bir daha nümayiş etdirdi. Təlimin əsas mərhələsini izləyən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev generallar, zabitlər, əsgərlər və gizirlərlə görüşündə bildirdi ki, hər an müharibəyə hazır olmalıyıq: "Biz müharibə şəraitində yaşayırıq, buna görə də biz ilk növbədə, ordu quruculuğu ilə məşğul olmalıyıq və məşğul oluruq. Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və hər an hazır olmayılıq ki, öz doğma torpağımızı düşməndən silahlı yolla azad edək".

Ötən il Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi münasibətilə keçirilən möhtəşəm parad Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirdi. Bu parad həm də xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramın təntənəsi və gözəl nümunəsi idi. Çünki Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir.

İndi Azərbaycanda ordu quruculuğu özündə silahlı qüvvələrin daha da modernləşdirilməsini ehtiva etdirməklə uğurla həyata keçirilir. Ulu öndərin öyüd-nəsihətlə dediyi "...Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir" sözləri müdrik bir tövsiyə kimi ordu quruculuğu prosesində uca tutulur.

Azərbaycanın NATO ilə uğurlu əməkdaşlığı da Azərbaycan Ordusunun modernləşməsində mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycanın NATO ilə əməkdaşlığının əsası 1994-cü ildə, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması ilə qoyulmuşdur.

Son 15 ildə Azərbaycan hərbçiləri NATO-nun hərbi təlimlərində, sülhyaratma əməliyyatlarında, seminarlarında fəal iştirak etmiş, ən müasir hərbi təcrübələri mənimsəmişlər. 2004-cü ildə isə Azərbaycanın NATO-nun "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı"na qoşulması barədə razılıq əldə olunmuşdur. Bu sənədin Azərbaycanla NATO arasında münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynaması günümüzün reallığıdır. 2008-ci ilin sonunda bu əməliyyat planının ikinci mərhələsi başlamışdır. Bu plana qoşulmağımız da Azərbaycan Ordusunun müasir, o cumlədən NATO standartlarına uyğunlaşdırılmasına mühüm töhfələr verir.

NATO ilə Azərbaycan arasında olan əməkdaşlığa əsasən bu gün ölkəmizin Silahlı Qüvvələrinin müasir standartlara uyğunlaşdırılması istiqamətində islahatlar uğurla həyata keçirilir. Həmçinin hərbçi kadrların yetişdirilməsində də artıq neçə ildir ki, NATO standartları əsas götürülməkdədir. Ölkəmizdə dəfələrlə səfərdə olan NATO rəsmiləri Silahlı Qüvvələrdə aparılan islahatlardan razılıqlarını ifadə etmişlər.

Ordumuzun qüdrətlənməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin müharibə yolu ilə həll ediləcəyi təqdirdə sözsüz ki, ölkəmizin üstünlüyünü artırır. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt - nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcəkdir. "Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe barədə dəfələrlə rəsmi bəyanatlar da verilibdir. Mən də öz çıxışlarımda bəyan etmişəm - Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu başlıca şərtdir. Bunun kənarında heç bir razılaşma, heç bir saziş mümkün deyildir. İşğalçı qüvvələr zəbt olunmuş torpaqlardan çıxmalıdır", - deyə dövlətimizin başçısı bəyan etmişdir.

Ölkəmiz Dağlıq Qarabağın erməni işğalı altında qalmasına imkan verməyəcək və gec-tez istənilən yolla torpaqlarımızı düşməndən azad edəcəkdir. Bu yollardan biri də müharibədir...

Güclü və qüdrətli ordumuzun olması dövlət müstəqilliyimizi qorumaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əsas amildir. Azərbaycan Ordusu dövlətimiz və xalqımız qarşısındakı ən şərəfli missiyasını yerinə yetirmək - torpaqlarımızı işğaldan azad etmək üçün istənilən an ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə hazırdır.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2009.- 26 iyun.- S. 8.