Milli Ordu quruculuğunun
ilk hərbi məktəbləri
1918-ci il mayın 28-də
qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının
İstiqlal Bəyannaməsində aşağıdakı sətirlər
yer almışdı: "Azərbaycan özünü xarici
müdaxilələrdən müdafiə etmək və daxili
düşmən qüvvələri zərərsizləşdirməkdən
ötrü nizami orduya malik olmalı, özünün
Silahlı Qüvvələrini yaratmalıdır. Çünki
müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi
həmişə yadellilərin təhlükəsi altında
yaşamağa məhkumdur".
Elə həmin gün
Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə
Xosrov bəy Sultanov təyin edilir. Xosrov bəy bu vəzifəni
iyunun 11-dək daşıdı. Həmin il oktyabrın 6-dan
dekabrın 26-na qədər hərbi işlər üzrə məsələləri
İ.Ziyadxanov həll edirdi. Bu arada Nazirlər Kabineti hərbi nazirliyin yaradılması haqqında qərar qəbul edir. Müvəqqəti olaraq hərbi
nazir vəzifəsinə
Fətəli xan Xoyski təyin olunur. 1918-ci il dekabrın 26-da rus ordusunda xidmət etmiş, artilleriya general-leytenantı Səməd bəy Mehmandarov Azərbaycanın
hərbi naziri, general-leytenant Əliağa
Şıxlinski nazir müavini, general-leytenant Süleyman Sulkeviç isə Baş Qərargah rəisi təyin edilir.
General Şıxlinski
ordu quruculuğunın və strukturunun planını
hazırlamışdı. Ordu quruculuğu planına
müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər
ordunun ən mühüm struktur bölmələri və hissələri
yaradılıb başa çatdırılmalı idi. Həmin
müddət ərzində üç polkdan ibarət iki
piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin
daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri,
tərkibində üç polk olan süvari diviziyası, hava
dəstəsi və dəmiryolu batalyonu təşkil edilməli
idi. Odur ki, vaxt itirmədən hərbi məktəbin təşkil
edilməsi qərara alınır.
1918-ci ilin mart ayında
hərbi məktəb
açılır. Poruçik
Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov məktəbə
rəis təyin edilir. Bu, o vaxtlar idi ki, ölkədə vəziyyət
gündən-günə gərginləşirdi,
qırğınların sayı artır, hər an müharibə
təhlükəsi gözlənilirdi. Azərbaycanın isə
nə mütəşəkkil ordusu, nə də
silah-sursatı var idi. Ona görə də ordu quruculuğu
proqramının həyata keçirilməsində hökumət
çətinlik çəkirdi. Çar Rusiyasının hərbi
siyasətində bir çox xalqlarla bərabər azərbaycanlılara
qarşı da qərəzli münasibət olmuşdu. Bəzi
istisnaları çıxmaqla azərbaycanlılar hərbi məktəblərə
qəbul edilmir, ordu sıralarına
çağırılmır, yalnız hərbi vergi verirdilər.
Bu səbəbdən də nə Azərbaycanın
formalaşmış hərbi hissələri, təcrübəli
zabitləri, nə də kifayət qədər silah-sursatı
var idi. Yalnız Qafqaz atlı diviziyasının tərkibinə
daxil olan azərbaycanlı atlı polku var idi. Ölkəmiz
üçün belə bir ağır vaxtda rus və
daşnak birləşmələri tam silahlanmış vəziyyətdə
qapımızın astanasında dayanmışdı. Artıq
mart soyqırımı da baş vermişdi.
Bu dəhşətli hadisədən sonra yeni yaradılan hərbi
məktəbin Bakıdan Gəncəyə
köçürülməsi qərara alınır. 1918-ci il
aprelin 2-də Gəncə məktəbinin bazası əvvəlcə
dəmiryol məktəbinə gətirilir. Bir müddət
burada məktəb çox çətin şəraitdə fəaliyyət
göstərir. Bu vaxt Azərbaycan Demokratik
Respublikasının dəvətilə Nuru paşa 300 nəfərlik
təlimatçı qrupla Gəncəyə gedir. Osmanlı hərbçilərindən
Atif bəy bu hərbi məktəbin rəisi olur. Cahangir bəy
isə Atif bəyin köməkçisi təyin edilir. Hərbi
təhsil ocağı bundan sonra praporşiklər məktəbi
adlanır.
Daşnak
Şaumyanın başçılıq etdiyi rus-erməni birləşmələri
ölkədə at oynadır, Gəncə istiqamətinə
irəliləyirdi. Məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin
Milli Ordusunu qırıb bütün Azərbaycanı
işğal etmək idi. Hacıqabulda da vəziyyət getdikcə
ağırlışırdı. Odur ki, Gəncə hərbi
məktəbinin heyəti Hacıqabulun mühafizəsi
üçün polkovnik Maqalovun rəhbərliyi altında
silahlı dəstəyə cəlb edildi. Məktəbdə tədris
müvəqqəti olaraq dayandırıldı.
Lakin sonralar Gəncədəki
hərbi məktəb yenidən fəaliyyətə
başladı. Qəbul norması 100 nəfər olsa da, orada
oxumaq istəyən azərbaycanlıların sayı getdikcə
artırdı. Yeni qaydaya əsasən, məktəbdə təhsil
alanlar yunker adlanırdılar. Təlim prosesinə türk hərbi
qüvvələrinin zabitləri cəlb olunmuşdu. Məktəbə
yenə də polkovnik Atif bəy rəhbərlik edirdi.
1918-ci ilin oktyabrında
Gəncə Hərbi Məktəbinin ilk
buraxılışı oldu. Buraxılış mərasimində
iştirak etmək üçün Nəsib bəy Yusifbəyov,
Əliağa Şıxlınski, Qafqaz İslam Ordusunun qərargah
rəisi Nazim bəy, Nuru paşanın atası Hacı Əhməd
paşa və dövrün başqa görkəmli şəxsləri
Gəncəyə toplaşırlar. Oktyabrın 27-də
axşam gənc yunkerlər şəhər kənarındakı
təlim meydanına yığışırlar. Burada onlar
buraxılış imtahanı verəcəkdilər. Bu məqsədlə
əvvəlcədən xəndəklər, səngərlər
qazılmış, süni maneələr
yaradılmışdı. Həmin gün səhər tezdən
Bakıdan gələn qonaqlar, habelə Gəncə camaatı
da təlim meydanına toplaşmışdılar. Fərəhli,
həyəcanlı anlar idi. Azərbaycan Korpusunun komandiri Əliağa
Şıxlinksi nizamla sıraya düzülmüş gənc
yunkerləri salamladıqdan sonra buraxılış imtahanı
başlayır. Proqram çox geniş idi. Yunkerlər 20-yə
yaxın məsələ üzrə imtahan verirdilər. Günortadan
sonra imtahan başa çatdı və müdavimlər
sınaqdan çox uğurla çıxdılar. Həmin
gün axşam Gəncə şəhər rəhbərliyi
bu şərəfli tarixi gün münasibətilə ziyafət
verdi.
1918-ci il dekabrın 1-də
Gəncə Hərbi Məktəbinin statusu dəyişdirilir
və yenidən praporşiklər məktəbi adlanır. Sonralar
həmin məktəbin bazasında hərbiyyə məktəbi
açılır, istehkamçılar məktəbi
yaradılır. İstehkamçılar məktəbi əvvəlcə
Gəncədə, sonra isə Hacıkənddə fəaliyyət
göstərir. Bundan başqa, hərbi dəmiyolçular və
hərbi feldşer hazırlayan məktəblər də təşkil
olunur, hərbi zavodlar fəaliyyətə başlayır. Yeni
yaradılan praporşiklər məktəbi bütün Azərbaycanı
əhatə edir və orada tam təhsilli hərbi kadrlar
yetişdirilir. Onların təhsili, təyinatı ilə hərbi
nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarov
şəxsən məşğul olur. Nazirin 22 mart 1919-cu ildə
imzaladığı bir sənəddə deyilir: "Gəncə
praporşiklər məktəbinin 50 nəfərdən
çox məzununa əziz Novruz bayramı ərəfəsində
praporşik rütbəsi verilsin, onlar xidmət
üçün birinci Azərbaycan diviziyasına,
üçüncü Gəncə süvari alayına, əlahiddə
Zaqatala batalyonuna, birinci yüngül artilleriya diviziyasına və
üçüncü ləzgi süvari alayına göndərilsinlər.
Gəncə praporşiklər məktəbini əla bitirdiklərinə
görə praporşik İsrafil ağa Şıxlinskiyə,
Bahadır bəy Vəkilova, Musa ağa Şəmsəddinskiyə,
Nəsim bəy Sultanova, Həmid Mustafayevə, Süleyman xan
Sultanov-Əlsuluya bayram münasibətilə pul
mükafatı verilsin".
Xalq Cümhuriyyəti əsgərlərin
döyüş hazırlığının yüksəldilməsi
ilə yanaşı onların müvafiq tibbi
hazırlığına da xüsusi diqqət yetirirdi. Bu məqsədlə
1918-ci il noyabrın 15-də ümumi qərargahın tərkibində
hərbi-tibbi idarə fəaliyyətə başlayır. Bakıda,
Gəncədə və Xankəndidə hərbi xəstəxanalar
təşkil edilir. Qoşun hissələrində tibbi xidmətin
yaxşılaşdırılması üçün hərbi
nazirin 1919-cu il 22 yanvar tarixli əmri ilə bütün hərbi
hissələrin nəzdində iki aylıq sanitar kursları
yaradılır. Hərbi feldşer məktəbinə ilkin hərbi
hazırlıq keçmiş əsgərlər, həmçinin
hərbi xidmətə yararlı sayılan 30 yaşınadək
gənclər qəbul edilirdi. Dərslər Azərbaycan dilində
aparılırdı. Səməd bəy Mehmandarov Milli Ordu
quruculuğunda milliliyə, ana dilinin qorunub saxlanmasına
xüsusi diqqət yetirirdi. Onun bir əmrində göstərilir
ki, orduda danışıq və dəftərxana işi Azərbaycan
dilində aparılmalıdır. Əmrdə deyilir:
"Sırada, eləcə də sıradan kənarda olarkən
əsgərlər ana dilində salamlaşmalı,
görüşərkən "salam" deyilməli,
cavabı "əleyküm salam" olmalıdır. Bütün
zabitlərə əmr edirəm, təltif zamanı əsgərlərə
deyilməlidir: "Mərhəba", əsgər cavab verməlidir
"Çox sağ ol".
Müstəqil dövlətçiliyin
təhlükəsizliyini qorumaq üçün hökumət
ordu quruculuğuna mümkün olan qədər vəsait
ayırırdı. 1919-cu ildə müdafiə xərclərinə
ayrılan vəsait ümumi büdcənin 27,7 faizini təşkil
edirdi.
Daxili və xarici
düşmənlərin təzyiqi ilə yaranmış gərgin
vəziyyətlə əlaqədar hökumət 1918-ci il 19
iyun tarixli qərarı ilə ölkədə hərbi vəziyyət
elan etdi. Hərbi dövr üçün qanunların tətbiqi
haqqında qərar qəbul edildi. Həmin qərara əsasən
mövcud mürəkkəb hərbi-siyasi şəraitlə əlaqədar
hakimiyyətə silahlı müqavimət, strateji obyektlərdə
oğurluq, soyğunçuluq, milli hisslərin təhqiri, əhalinin
müxtəlif təbəqələrinin bir-birinə
qarşı qızışdıran yalan məlumatların və
şayiələrin yayılması, qadınlara qarşı təcavüz
əməlləri və digər qanunazidd hallar müharibə
dövrünün qanunlarına əsasən mühakimə
edilməli idi.
1918-ci il dekabrın 5-də
Azərbaycan Xalq Cümhuriyyətinin qərarına əsasən
Gəncə Dairə Məhkəməsi nəzdində hərbi
məhkəmə yaradılır. Ümumiyyətlə,
qısa dövr ərzində Gəncədə ölkənin
müdafiə qüdrətinin möhkəmləndirilməsi və
qanunçuluğun qorunması üçün zəruri
sayılan bütün strukturlar təşkil olunmuşdu. Dövrün
mövcud çətinliklərinə baxmayaraq, Nuru
paşanın və başqa türk zabitlərinin köməyilə
Azərbaycanda sayı təqribən 40 minə çatan Milli
Ordu yaradıldı.
Bu ordu ölkənin ən
ağır dövründə Azərbaycan torpaqlarını
daxili və xarici düşmənlərdən qoruyub
saxladı. Çox təəssüf ki, 1920-ci ildə Azərbaycan
Xalq Cümhuriyyətinin süqutu haqqında qısaca söhbət
açdığımız hərbi məktəblərin də
fəaliyyətinə son qoyuldu.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2009.- 26 iyun.- S. 9.