Gənc əsgərlər təlimlərdə çeviklik göstərirlər

 

Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik.

 

Heydər ƏLİYEV

 

Həqiqi hərbi xidmətə çağırılmış gənclərimiz müstəqil Azərbaycan dövləti qarşısında Vətən borcunu yerinə yetirməyi özlərinə böyük şərəf hesab edirlər. Azərbaycan xalqının milli mentalitetində yaşayan vətənpərvərlik duyğusu ordumuzun ləyaqət simvoluna çevrilib.

Hərbi xidmətə çağırılmış hər bir gənc ordu həyatına qədəm qoyduğu ilk günlər təlim və tədris prosesində müəyyən çətinliklərlə üzləşsə də, özünü dözümlü, dəyanətli aparır. Ordu həyatının ümumi ahənginə təzə-təzə uyğunlaşan gənc əsgərlərin çoxu valideynlərinin tez-tez hərbi hissəyə gəlib onlarla maraqlanmalarını qürurlarına sığışdırmır. Son illər gənclərin böyük həvəslə hərbi xidmətə yollanması da məmnunluq yaradır. Onlar Milli Orduda hərbi xidmətdə olmağı özlərinə, ata və analarına hörmət və ehtiram gətirən amil kimi dəyərləndirir, bundan qürur hissi keçirirlər. Bunun başlıca səbəbi odur ki, ümummilli lider Heydər Əliyevin Milli Ordu quruculuğu sahəsindəki tövsiyələri, ideyaları öz bəhrəsini verməkdədir.

Bu gün Silahlı Qüvvələrimiz digər sahələrdə olduğu kimi, hava məkanının sayıqlıqla qorunmasına da böyük əhəmiyyət verir. Hava sərhədlərinin müdafiə məsələlərinə xüsusi diqqət yetirilir, fasiləsiz olaraq müşahidələr aparılır, hava hədəflərinin aşkarlanması daim nəzarətdə saxlanılır. Hissə komandanlığının zabit və çavuşlar qarşısında qoyduğu əsas məsələlərdən biri də budur ki, əsgərlər əsas təlim vərdişləri ilə yanaşı, döyüş silahından istifadə etməyi də mükəmməl öyrənsinlər. Batareya və bölük komandirlərinin vaxtaşırı keçirdikləri təlim məşğələləri çox faydalı olur. Bu zaman əsgərlər həm nəzəri biliklərini artırır, həm də təcrübi vərdişlərə alışırlar.

Hərbi texnikanın, döyüş silahlarının "dilini" hər bir əsgərə mükəmməl öyrətməklə onlara verilən əmr və tapşırıqların vaxtında, həm də yüksək peşəkarlıqla yerinə yetirilməsinə zəmin yaratmış olur. Fiziki hazırlıgı, hərbi təlim və məşğələlərdə fəallığı ilə fərqlənən əsgərlər çavuşlar hazırlanan məktəbə göndərilir.

Hissəmizdə əsgərlərin asudə vaxtlarının mənalı keçməsinə də xüsusi diqqət yetirilir. Maraqlı konsertlər, incəsənət adamları, yazıçı və şairlərlə görüşlər onların ürəyincə olur. Əsğərlik həm də fiziki sağlamlıq və fiziki tərbiyə məktəbidir. Futbol və voleybol meydançalarımız, qaçış zolaqları, xüsusi idman zalımız hər cür avadanlığa malikdir.

Əsgərlərimiz arasında idman yarışlarının keçirilməsi, fərqlənənlərin mötəbər turnirlərə qatılması, mükafatlandırılması ənənəyə çevrilib. Əsgərlərin əksəriyyəti hərbi təlimlərdə olduğu kimi, ictimai işlərdə də fəallıq göstərir, hissənin idman şərəfini ləyaqətlə qoruyurlar. İdman yarışlarında ölkəmizin müxtəlif rayonlarından olan gənc əsgərlər arasındakı tanışlıq sonralar xoş ünsiyyətə və unudulmaz dostluğa çevrilir.

Uğurlarımızla kifayətlənmirik. Dövr tələb edir ki, hərbi bilik və bacarığımızı daha da artıraq. Ölkəmizdə sabitlik və sakitlik hökm sürsə də, cəbhə bölgələrindəki atəşkəs tez-tez bədxah qonşularımız tərəfindən pozulur... Erməni məkri, Dağlıq Qarabağ problemi xalqımızı hələ də narahat etməkdədir. Əsgərlərimiz bunu yaxşı bilir. Onu da yaxşı bilirlər və inanırlar ki, Qarabağ problemi ədalətli həllini tapacaq, məcburi qaçqın və köçkünlərimiz öz doğma dədə-baba yurdlarına qayıdacaqlar. O gün uzaqda deyil. Ölkəmizin gündə-günə artan iqtisadi qüdrəti, ordumuzun gücü bunu inamla deməyə əsas verir.

 

 

Eldəniz DAŞDƏMİROV,

"N" hərbi hissəsinin

tərbiyə işləri üzrə zabiti

 

Azərbaycan.- 2009.- 26 iyun.- S. 9.