Mətbuatın İnkişafına Dövlət
Dəstəyi Fondu ilkin sənədləri hazırlayaraq fəaliyyətə
başladı
Vətəndaş cəmiyyəti
quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən
Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və
mətbuat azadlığının təmin edilməsi ilə
bağlı bir sıra beynəlxalq konvensiyalara və
sazişlərə qoşulmuşdur. Ölkə Konstitusiyasının 50-ci
maddəsi ilə hər kəsin informasiya əldə etmək
hüququ təsbit edilir. Demokratik inkişafın qarantı
kimi mətbuatda özünütənzimləmə
funksiyasını həyata keçirən Mətbuat
Şurasının yaradılması mətbuat nümayəndələrinin
öz öhdəsinə buraxılmışdır.
Ölkə Prezidenti
İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinə
birdəfəlik maliyyə yardımı göstərilməsi
haqqında", eləcə də "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi
konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları
bir daha təsdiq etdi ki, Azərbaycanda mətbuata göstərilən
dövlət qayğısı davamlı və sistemli səciyyə
daşıyır. Qəbul edilmiş konsepsiyaya əsasən,
dövlət başçısının 3 aprel 2009-cu il
tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu yaradıldı. Dövlət
başçısının müvafiq sərəncamına əsasən
isə 22 may 2009-cu il tarixdə fondun icraçı direktoru və
9 nəfərdən ibarət Müşahidə Şurası
təyin edilmişdir. Məqsəd dövlət orqanları ilə
KİV arasında səmərəli əməkdaşlıq
münasibətlərinin inkişaf etdirilməsi, KİV-in
iqtisadi müstəqilliyinin və peşəkarlığının
artırılmasına və vətəndaş cəmiyyəti
quruculuğunda KİV-in rolunun gücləndirilməsinə
nail olmaqdır.
Ötən gün fond
müsabiqə layihələrini elan etdi. Bu münasibətlə
jurnalistlər üçün keçirilən mətbuat
konfransında Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
icraçı direktoru Vüqar Səfərli bildirdi ki, sərəncam
veriləndən sonra fondun fəaliyyətə başlaması
üçün bir sıra texniki və digər məsələlər
həll olunmuş, fondun fəaliyyəti üçün
lazım olan sənədlər qəbul edilmişdir: "Həmin
sənədlər Müşahidə Şurasının
iclasında müzakirə olunub. Bu il fondun fəaliyyəti
üçün 1 milyon 300 min manat vəsait ayrılıb. Vəsaitin
200 min manatı fondun saxlanılmasına və digər xərclərə,
qalan 1 milyon 100 mini isə müsabiqə layihələrinin
maliyyələşdirilməsinə sərf olunacaq.
Düzdür, konsepsiyada digər sahələr, məsələn,
subvensiya və subsidiyaların, uzunmüddətli kreditlərin
verilməsi də nəzərdə tutulub. Lakin bu il maliyyə
vəsaiti az ayrıldığından həmin məbləğin
yalnız müsabiqə layihələrinə sərf
olunması nəzərdə tutulub. İlk növbədə ən
zəruri sənədləri hazırlamışıq.
Artıq layihələrin istiqamətləri və mövzular
müəyyənləşdirilib. Bu il üçün 11
istiqamət nəzərdə tutulub və hər istiqamətdə
2-3 mövzu var. Layihələrin hər biri maksimum 20 min manat dəyərində
qiymətləndirilmişdir".
Fondun rəhbəri onu
da qeyd etdi ki, layihələrin necə və hansı formada
hazırlanması üçün Mətbuat Şurasında
iyulun 1-dən 7-dək bir həftəlik kurslar keçilməsi
nəzərdə tutulub: "Ora cəlb olunan mütəxəssislər
müsabiqədə iştirak etmək istəyən KİV
nümayəndələrinə layihələrin
hazırlanması barədə müvafiq təlimlər
keçəcək. Layihələr
iyulun 1-dən 30-na qədər hər gün qəbul olunacaq.
Qəbul edilən sənədlər avqust ayında
kodlaşdırılmış formada ekspertlərə təqdim
olunacaq və həmin sənədi üç ekspert qiymətləndirəcək.
Burada layihənin kimə və hansı mətbuat orqanına
aid olduğu tam məxfi saxlanacaq. Məqsəd odur ki, proses tam
obyektiv və şəffaf keçirilsin. Sentyabrın əvvəllərində
ilk qaliblər müəyyən olunacaq".
Konfransın sonunda
jurnalistlərin sualları da cavablandırıldı.
R.RZALI
Azərbaycan.- 2009.- 26 iyun.- S. 10.