Qoy hamı bilsin!

 

Biz Prezidentimizin tez-tez hərbi forma geyindiyinin, cəbhə bölgəsinə, ordu hissələrinə getdiyinin şahidiyik. Həmişə də bu səfərləri, əsgər və zabitlərlə görüşləri mavi ekrandan seyr edəndə sonsuz qürur və iftixar hissi keçirmişik: Azərbaycanın əsl sərkərdəni xatırladan qədd-qamətli, güclü və iradəli dövlət başçısı - Ali Baş Komandanı var! Bu komandan vətənini də, xalqını da, ordusunu da qəlbən sevir, daim onun qayğısına qalır! Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərbi hissələrə hər səfəri hamımız üçün maraqlı, hərbçilər üçünsə unudulmaz və əlamətdardır. Bu səfərlər zamanı:

Ali Baş Komandan hərbi hissəyə döyüş bayrağını təqdim edir, onu möhkəm qorumağı, şərəfini uca tutmağı tapşırır!

Ali Baş Komandan birbaşa səngərdə Vətənə xidmətdə fərqlənən əsgərlərə mükafat, qiymətli hədiyyə verir!

Ali Baş Komandan ordu yeməkxanasında əsgərlərlə bərabər nahar edir, çay içir.

Ali Baş Komandan yeni silahın təqdimatı ilə bağlı raportu dinləyir, təzə binanın açılış lentini kəsir.

Ali Baş Komandan müxtəlif qoşun növlərində xidmət göstərən əsgərlərin döyüş məharətlərini seyr edir.

Bütün bu məqamlarda Ali Baş Komandan çox təmkinli və soyuqqanlıdır!

- Bu onun tələbkarlığından və daşıdığı şərəfli missiyanın böyük məsuliyyətindən irəli gəlir.

Bəzən təbəssümünü gizlədə bilmir! - Axı, razılıq və məmnunluq ifadəsini niyə gizlində saxlayasan...

Vətənin keşikçiləri qarşısında çıxış edərkən hərdən yumruqlarını düyümləyir! - Qəzəbin ünvanı bəllidir, hərə öz payını vaxtında götürsə yaxşıdır!

Uzun illərdir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ordu hissələrini, cəbhə xəttini, döyüş mövqelərini və əsgər kazarmalarını gəzir.

Bu, təkcə məhəbbət deyil!

Bu, yalnız orduda inam və ruh yüksəkliyi yaratmağa xidmət etmir!

Ali Baş Komandanın hərbi hissələrə hər səfəri, hər il Azərbaycan Ordusuna ayrılan külli miqdarda vəsait, hər yeni texnika, hər müasir silah-sursat, hər dəfə keçirilən əsgər və zabitlərin peşəkarlığının, döyüş bacarığının yüksəldilməsinə xidmət edən təlimlər eyni zamanda ciddi xəbərdarlıqdır!

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində 20 min vətən övladı şəhid gedib!

Azərbaycan öz ərazisinin 20 faizini itirib!

Hazırda ölkəmizdə doğma yurd-yuvasından zorla qovularaq qaçqın məcburi köçkün vəziyyətində yaşayan bir milyondan çox insan var!

Uzun illər boyu davam edən sülh danışıqları nəticə vermir!

Bütün bunlar isə Azərbaycan xalqını və onun Prezidenti, Ali Baş Komandanı İlham Əliyevi qane etmir.

Azərbaycan güclü iqtisadiyyata malik müasir və demokratik dövlətdir!

Azərbaycan dünyada səsi və sözü eşidilən nüfuzlu ölkədir!

Azərbaycan Cənubi Qafqazda lider mövqeyə, ən güclü və modern orduya malikdir!

Azərbaycan yüksəliş və tərəqqi mərhələsini yaşayır, gücü və qüdrəti ilbəil artır!

Azərbaycan dövləti maraqlarını və milli mənafeyini bütün vasitələrlə qorumağı bacarır!

Azərbaycan Prezidenti İlham Əliyev yenilməz iradə və qətiyyətli mövqe nümayiş etdirir!

Onun sözü ilə əməli daim bir olub. Prezidentimiz deyib: " bu gün, 10 ildən, 100 ildən sonra Dağlıq Qarabağ müstəqil dövlət olmayacaqdır. Azərbaycanın mövqeyi birmənalıdır.

Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik".

"Bizim döyüş potensialımız həqiqətən çox yüksək səviyyədədir".

"Bu gün bizim ordumuz bölgədə ən qüdrətli ordudur".

"Azərbaycan Ordusu istənilən vaxtda öz doğma torpaqlarını azad edə bilər və lazım olan vaxtda bütün gücümüzü səfərbər edərək biz buna nail olacağıq".

"Azərbaycanda istənilən vəzifəni icra etməyə qadir olan silahlı birləşmələr fəaliyyət göstərir və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün biz lazım olan halda hərbi gücdən də istifadə edə bilərik. Bu, bizim suveren hüququmuzdur. Beynəlxalq hüquq normaları da bizə bu imkanı verir".

Bir neçə gün öncə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 91-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin birgə keçirdiyi irimiqyaslı əməliyyat-taktiki təliminin əsas mərhələsini izləmişdir. Hərbçilər qarşısında çıxış edən baş sərkərdəmiz İlham Əliyev demişdir:

- Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və hər an hazır olmalıyıq ki, öz doğma torpağımızı düşməndən silahlı yolla azad edək!

Qoy hamı bilsin:

Artıq Azərbaycan güclü orduya malikdir!

Artıq Azərbaycanın səbri tükənir!

Arxada qalan müharibənin birinci mərhələsidir!..

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2009.- 28 iyun.- S. 1.