“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 70, ¹ 11, maddə 1046) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 1.0.16-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.17-ci maddə əlavə edilsin:

“1.0.17. əlavə təsir – dərman vasitəsinin istifadəsi təlimatında göstərilmiş dozada istifadə edilməsi zamanı insan orqanizminin gözlənilməz mənfi reaksiyası.”.

2. 4-cü maddəyə aşağıdakı dəyişiklik və əlavələr edilsin:

2.1. 4.2.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.2.9-cu maddə əlavə edilsin:

“4.2.9. dərman vasitələrinin qəbulundan sonra insan orqanizminin neqativ dəyişikliyinə səbəb olan əlavə təsirlər üzə çıxdıqda, onların istifadədən çıxarılmasını təmin edir.”;

2.2. aşağıdakı məzmunda 4.5-ci maddə əlavə edilsin:

“4.5. Dərman vasitələrinin ekspertiza xidmətlərinin tarifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir.”.

3. 6-cı maddəyə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

3.1. 6.1-ci maddədə “Bu Qanunun 6.5-ci və 9.3-cü maddələri ilə” sözləri “Bu Qanunla” sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 6.5.5 - 6.5.8-ci maddələr əlavə edilsin:

“6.5.5. dövlət qeydiyyatı məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş miqdardaqaydada nümunə kimi idxal edilən dərman vasitələri;

6.5.6. fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün zəruri miqdarda gətirilən dərman vasitələri;

6.5.7. Ümumdünya Səhiyyə Təşkilatının müvafiq təsdiqedici sənədi ilə istifadəsi tövsiyə olunan dərman vasitələri;

6.5.8. nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri. Bu dərman vasitələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

3.3. aşağıdakı məzmunda 6.9-cu maddə əlavə edilsin:

“6.9. Dərman vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər tədqiqatlarının və klinik sınaqlarının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

4. 9-cu maddəyə aşağıdakı dəyişiklik və əlavələr edilsin:

4.1. 9.2-ci maddədə ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin ölkəyə humanitar məqsədlər üçün idxalına, onların istehsalçıları tərəfindən təqdim olunan keyfiyyəti təsdiq edən sənədlər olduqda yol verilir.”;

4.2. 9.5-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasına dərman vasitələrinin idxalını müvafiq icra hakimiyyəti orqanı, istehsalya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr həyata keçirirlər.”;

4.3. aşağıdakı məzmunda 9.6-cı maddə əlavə edilsin:

“9.6. Ümumdünya Səhiyyə Təşkilatının müvafiq təsdiqedici sənədi ilə istifadəsi tövsiyə olunan dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmədən yalnız qeyri-kommersiya məqsədləri üçün Azərbaycan Respublikasına gətirilə bilər.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 aprel 2009-cu il.

 

¹ 794-IIIQD

 

Azərbaycan. - 2009. - 28 iyun.- S. 1.