Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi haqqında Əsasnamə
I. Ümumi müddəalar
1. Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi (bundan sonra - Komitə) dövlət əmlakının
idarə edilməsi, onun özəlləşdirilməsi, bu
sahəyə investisiyaların cəlb olunması və Azərbaycan
Respublikasında daşınmaz əmlakın dövlət
reyestrinin və vahid kadastrının aparılması sahəsində
dövlət siyasətini və tənzimlənməsini həyata
keçirən mərkəzi icra hakimiyyəti
orqanıdır.
2. Komitə öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri
və bu Əsasnaməni rəhbər tutur.
3. Komitə öz vəzifələrini
yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən Azərbaycan Respublikasının mərkəzi
və yerli icra hakimiyyəti orqanları, yerli
özünüidarəetmə orqanları, habelə beynəlxalq
və qeyri-hökumət təşkilatları ilə, digər
hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
4. Komitə müstəqil
balansa, qanunvericiliyə uyğun sərəncamında olan
dövlət əmlakına, xəzinə və bank
hesablarına, üzərində Azərbaycan
Respublikasının Dövlət gerbinin təsviri və
öz adı həkk olunmuş möhürə, müvafiq
ştamplara və blanklara malikdir.
5. Komitənin saxlanma xərcləri
və fəaliyyəti Azərbaycan Respublikasının
dövlət büdcəsi və qanunvericilikdə nəzərdə
tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Komitə Bakı
şəhərində yerləşir.
II. Komitənin fəaliyyət istiqamətləri
7. Komitənin fəaliyyət
istiqamətləri aşağıdakılardır:
7.1. dövlət əmlakının
idarə edilməsi, onun özəlləşdirilməsi, bu
sahəyə investisiyaların cəlb olunması və
daşınmaz əmlaka dair hüquqların dövlət
qeydiyyatı sahəsində dövlət siyasətinin
formalaşdırılmasında iştirak edir və bu siyasətin
həyata keçirilməsini təmin edir;
7.2. qanunvericiliklə
müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının ərazisində və xarici ölkələrdə
yerləşən dövlət əmlakını idarə
edir və onun barəsində sərəncam verir, dövlət
əmlakının idarə edilməsinin səmərəliliyini
artırmaq məqsədilə zəruri tədbirlər
görür;
7.3. qanunvericiliyə
müvafiq olaraq dövlət əmlakının, o cümlədən
dövlət mənzil fondunun və torpaqlarının özəlləşdirilməsini
həyata keçirir;
7.4. dövlət əmlakının
və onun barəsində bağlanmış əqdlərin
qeydiyyatını aparır, dövlət əmlakının
inventarlaşdırılmasını təşkil edir;
7.5. qanunvericiliklə
müəyyən edilmiş qaydada özəlləşdirməyə
açıq elan edilmiş dövlət müəssisələrinə
investisiyaların cəlb olunmasını təmin edir, özəlləşdiriləcək
dövlət müəssisələrinin dövlətsizləşdirməyə
hazırlanması və sağlamlaşdırılması sahəsində
tədbirlər görür;
7.6. qanunvericiliklə
müəyyən edilmiş qaydada özəlləşdirilmiş
müəssisələrin inkişafına dəstək verir və
onların fəaliyyətinin stimullaşdırılması sahəsində
müvafiq tədbirlərin həyata keçirilməsini təmin
edir, dövlət müəssisələri özəlləşdirildikdən
sonra onların yeni mülkiyyətçiləri tərəfindən
həmin müəssisələrə investisiya qoyuluşu
üzərində nəzarəti təmin edir;
7.7. daşınmaz əmlakın
dövlət reyestrini tərtib edir və aparır,
daşınmaz əmlaka mülkiyyət və digər əşya
hüquqlarının dövlət qeydiyyatını həyata
keçirir;
7.8. daşınmaz əmlakın
vahid kadastrının və ünvan reyestrinin
aparılmasını və daşınmaz əmlak obyektlərinə
ünvan verilməsini təmin edir;
7.9. daşınmaz əmlak
üzərində mülkiyyət və digər əşya
hüquqlarının qeydiyyatı üçün zəruri
olan inventarlaşdırma işlərinin aparılmasını
və müvafiq texniki sənədlərin tərtib edilməsini,
qanunvericiliyə uyğun olaraq torpaq sahələrinin
planının və ölçüsünün çəkilməsini
təmin edir;
7.10. daşınmaz əmlakın,
o cümlədən tikililərin, binaların,
qurğuların, yaşayış və
qeyri-yaşayış sahələrinin fərdi
yaşayış və bağ evlərinin, habelə müəssisələrin
qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsini
təşkil edir;
7.11. qanunvericiliklə
müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət
göstərir.
III. Komitənin vəzifələri
8. Komitə bu Əsasnamə
ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun olaraq aşağıdakı vəzifələri yerinə
yetirir:
8.1. dövlət əmlakının
idarə edilməsi, onun özəlləşdirilməsi,
dövlət əmlakı barəsində sərəncam verilməsi,
özəlləşdirməyə açıq elan edilmiş
dövlət müəssisələrinə və onların
özəlləşdirilməsi ilə bağlı
investisiyaların cəlb olunması, daşınmaz əmlakın
dövlət reyestrinin və vahid kadastrının tərtib
edilməsi və aparılması, daşınmaz əmlaka
mülkiyyət və digər əşya
hüquqlarının dövlət qeydiyyatı sahəsində
öz səlahiyyətləri çərçivəsində
normativ tənzimləməni həyata keçirmək;
8.2. dövlət əmlakının
idarə edilməsinə dair dövlət proqramının,
dövlət müəssisələrinin özəlləşdirmə
qabağı sağlamlaşdırılması və özəlləşdirmədən
sonra fəaliyyətinin dəstəklənməsinə dair
dövlət proqramının, dövlət əmlakının
özəlləşdirilməsinin dövlət
proqramının, daşınmaz əmlakın dövlət
reyestrinin və dövlət kadastrının
aparılmasına dair dövlət proqramlarının layihələrini
hazırlamaq və onların həyata keçirilməsini təmin
etmək;
8.3. dövlət əmlakının
idarə edilməsi və özəlləşdirilməsi ilə
bağlı müvafiq icra hakimiyyəti orqanlarının,
dövlət müəssisə və təşkilatlarının
fəaliyyətini əlaqələndirmək;
8.4. qanunvericiliklə
müəyyən olunmuş qaydada dövlət əmlakının
özəlləşdirilməsini həyata keçirmək və
dövlət əmlakının alıcıları ilə
bağlanmış alqı-satqı müqavilələrinin
şərtlərinə riayət edilməsinə nəzarət
etmək;
8.5. aidiyyəti mərkəzi
icra hakimiyyəti orqanları ilə birlikdə səlahiyyətləri
daxilində məqsədli proqramların hazırlanmasını
və həyata keçirilməsini təşkil etmək;
8.6. öz səlahiyyətləri
daxilində qiymətli kağızlar bazarının
formalaşdırılması üzrə təkliflərin
hazırlanmasında iştirak etmək;
8.7. öz səlahiyyətləri
daxilində sosial sahələrin inkişafına dövlət
köməyi mexanizmlərinin hazırlanmasında, mənzil-kommunal
təsərrüfatında islahatların, infrastruktur layihələrinin
istiqamətlərinin müəyyənləşdirilməsində
və həyata keçirilməsində iştirak etmək;
8.8. qanunvericiliklə
müəyyən edilmiş qaydada dövlət əmlakı
barəsində sərəncam vermək, dövlət əmlakının
idarə edilməsinə və ondan səmərəli istifadə
olunmasına nəzarət etmək, bu məqsədlə
tabeliyindən və sahə mənsubiyyətindən
asılı olmayaraq dövlət müəssisələrində,
nizamnamə kapitalında dövlətin payı olan hüquqi
şəxslərdə monitorinq və araşdırmalar
aparmaq;
8.9. öz səlahiyyətləri
daxilində Azərbaycan Respublikasında əsas fondların təzələnməsi,
yenidən qiymətləndirilməsi, amortizasiya
normalarının hazırlanması ilə əlaqədar təkliflər
vermək və onların tətbiq edilməsində iştirak
etmək;
8.10. dövlət əmlakının
mühafizəsinə və qorunub saxlanılmasına nəzarəti
həyata keçirmək, dövlət müəssisə və
təşkilatları tərəfindən qanunvericiliklə
müəyyən edilmiş qaydada dövlət əmlakının
inventar siyahılarının tərtib olunmasını təşkil
etmək, daşınmaz dövlət əmlakının təyinatının
dəyişdirilməsinə razılıq vermək;
8.11. dövlət əmlakından
istifadə olunması barədə aidiyyəti dövlət
orqanları ilə birlikdə statistik hesabat formalarını
hazırlamaq, əmlakın inventar siyahıları, habelə əmlakdan
istifadə barədə hesabatlar əsasında dövlət əmlakından
təyinatı üzrə səmərəli istifadə
olunması vəziyyətini təhlil etmək, bu sahədə
müvafiq qanunvericiliyi pozan müəssisə və təşkilatların
rəhbərliyinin hərəkətləri barədə məlumatları
aidiyyəti dövlət orqanlarına təqdim etmək;
8.12. dövlət əmlakının
registrinin aparılmasını təşkil etmək, bu məqsədlə
mərkəzi və yerli icra hakimiyyəti orqanlarından,
dövlət təşkilatlarından zəruri məlumatlar
almaq, bu sahədə qanunvericiliyi pozan vəzifəli şəxsləri
müəyyən edilmiş qaydada məsuliyyətə cəlb
etmək;
8.13. tabeliyində olan
qurum vasitəsilə daşınmaz əmlakla bağlı
inventarlaşdırma işləri aparmaq və müvafiq
texniki sənədləri tərtib etmək, habelə üzərində
binalar, qurğular, yaşayış və
qeyri-yaşayış sahələri, fərdi
yaşayış, bağ evləri və müəssisələr
olan torpaq sahələri üzərində hüquqların, həmin
hüquqlar dövlət reyestrində dövlət
qeydiyyatına alındıqdan sonra başqa şəxsə
keçməsi və ya məhdudlaşdırılması
(yüklənməsi) hallarında bu sahənin yeni
planını və ölçüsünü çəkmək;
8.14. daşınmaz əmlakın
qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsini
təşkil etmək və bu sahədə nəzarəti həyata
keçirmək;
8.15. qanunvericiliklə
müəyyən edilmiş qaydada daşınmaz dövlət
əmlakını, o cümlədən dövlət müəssisələrinin
istifadəsində və dövlət mülkiyyətində
olan obyektlərin yerləşdiyi torpaqları icarəyə və
istifadəyə vermək, bu məqsədlə
bağlanmış əqdlərin qeydiyyatını aparmaq,
icarə haqlarının müəyyən edilməsi ilə
bağlı təkliflər hazırlayıb aidiyyəti
üzrə təqdim etmək, daşınar dövlət əmlakının
icarəyə və istifadəyə verilməsinə dair
razılıq vermək və bu sahədə nəzarəti həyata
keçirmək;
8.16. dövlət
mülkiyyətində olan qeyri-yaşayış sahələrindən
səmərəli istifadə olunmasına nəzarət etmək
və dövlət təşkilatlarının yerləşdirilməsi
barədə təkliflər vermək;
8.17. dövlət əmlakının
girov qoyulmasına razılıq vermək və bu barədə
əqdlərin qeydiyyatını aparmaq, habelə nizamnamə
kapitalında dövlətin payı olan hüquqi şəxslərə
məxsus obyektlərin (əsas vəsaitlərin) girov
qoyulmasına razılıq vermək;
8.18. dövlət əmlakının
satıcısı səlahiyyətlərini həyata
keçirmək, nizamnamə kapitalında dövlətin
payı olan hüquqi şəxslərə məxsus obyektlərin
(əsas vəsaitlərin) satılmasına razılıq vermək;
8.19. öz səlahiyyətləri
daxilində tabeliyindən və sahə mənsubiyyətindən
asılı olmayaraq, dövlət mülkiyyətində olan,
habelə nizamnamə kapitalında dövlətin payı olan
hüquqi şəxslərə məxsus obyektlərin (əsas
vəsaitlərin) müəyyən olunmuş qaydada
balansdan-balansa verilməsinə razılıq və silinməsinə
dair rəy vermək;
8.20. qanunvericiliyə
uyğun olaraq, dövlət müəssisələrinin və
nizamnamə kapitalında dövlətin payı olan hüquqi
şəxslərin təsisçisi və
iştirakçısı kimi çıxış etmək,
dövlət təşkilatları tərəfindən
dövlət müəssisələrinin (o cümlədən
onların filial və nümayəndəliklərinin)
qanunvericiliklə müəyyən edilmiş qaydada
yaradılmasına, yenidən təşkilinə, ləğv
olunmasına və təşkilati-hüquqi formasından
asılı olmayaraq, hüquqi şəxslərin
yaradılmasında dövlət əmlakının pay şəklində
qoyuluşuna razılıq vermək;
8.21. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən müəyyən
edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyəti əsasında
yaradılan və ya səhmləri (payları) dövlətə
məxsus olan müəssisələrin idarə edilməsini təşkil
etmək, öz səlahiyyətləri daxilində həmin
müəssisələrin rəhbərlərini təyin etmək
və ya təyin edilməsi ilə bağlı təqdimat vermək,
onlarla əmək müqavilələri bağlamaq;
8.22. qanunvericiliklə
müəyyən edilmiş qaydada dövlət müəssisələrinin
nizamnamələrini təsdiq etmək və nizamnamə
kapitalında dövlətə məxsus payın (səhmlərin)
miqdarı 20 faiz və ondan artıq olan hüquqi şəxslərin
nizamnamələrinin təsdiq edilməsinə razılıq
vermək;
8.23. birgə müəssisələrdə
dövlətə məxsus payın (səhmlərin)
miqdarının dəyişdirilməsinə razılıq
vermək və öz səlahiyyətləri daxilində həmin
paydan səmərəli istifadə edilməsinə nəzarəti
həyata keçirmək;
8.24. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən müəyyən
edilmiş hallar istisna olmaqla, müəssisələrin nizamnamə
kapitalında dövlətə məxsus payların (səhmlərin)
saxlanılmasını və idarə olunmasını təmin
etmək, onlardan səmərəli istifadəyə nəzarəti
həyata keçirmək, o cümlədən idarəetmə
məqsədilə payları (səhmləri) qanunvericiliklə
müəyyən edilmiş qaydada hüquqi və ya fiziki
şəxslərə vermək;
8.25. qanunvericiliklə
müəyyən edilmiş qaydada dövlət müəssisələrinin,
dövlət əmlakının (obyektlərinin) və
hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə
məxsus səhmlərin (payların) idarəetməyə
verilməsi barədə təkliflər vermək, bununla
bağlı müsabiqələr təşkil etmək,
müqavilələr bağlamaq və həmin müqavilələrin
icrasına nəzarəti həyata keçirmək;
8.26. dövlət müəssisələrinin
və nizamnamə kapitalında dövlətin payı olan
ödəniş qabiliyyəti olmayan müəssisələrin
fəaliyyətini, maliyyə vəziyyətini təhlil edib rəy
vermək, zəruri hallarda qanunvericilikdə müəyyən
olunmuş qaydada özəlləşdirilən müəssisə
və obyektlərin müflisləşmə prosedurunu həyata
keçirmək;
8.27. qanunvericiliklə
müəyyən edilmiş qaydada müflis elan olunmuş
dövlət müəssisələrinin əmlakının və
nizamnamə kapitalında dövlətin payı olan hüquqi
şəxslərin dövlətə məxsus əmlakının
satışını təşkil etmək;
8.28. dövlət əmlakının
bələdiyyə mülkiyyətinə verilməsi barədə
təqdimat vermək və qanunvericiliklə müəyyən
olunmuş qaydada qəbul olunmuş qərar əsasında əmlakın
bələdiyyə mülkiyyətinə verilməsini həyata
keçirmək;
8.29. Azərbaycan
Respublikasının adından əmlakın
alınmasını və satılmasını təşkil
etmək;
8.30. dövlət əmlakı
barəsində bağlanmış əqdlər Azərbaycan
Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə,
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
müəyyən edilmiş hallar istisna olmaqla, həmin əqdlərlə
bağlı məhkəmədə iddia qaldırmaq, dövlət
mülkiyyətində olan, habelə nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərlə
bağlı məhkəmə mübahisələrində
dövlətin mənafeyini təmsil etmək;
8.31. dövlət və
özəlləşdirilən müəssisələrə məxsus
obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt
olunması və qanunazidd formada istifadə olunması
hallarının qarşısını almaq üçün
öz səlahiyyətləri daxilində tədbirlər
görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat
vermək, o cümlədən məhkəmə
qarşısında iddia qaldırmaq;
8.32. mülkiyyət
hüquqlarının qorunması məqsədilə öz səlahiyyətləri
daxilində Azərbaycan Respublikasını xarici ölkələrin
müvafiq orqanlarında təmsil etmək;
8.33. öz səlahiyyətləri
daxilində dövlət əmlakının idarə
olunması və özəlləşdirilməsi ilə əlaqədar
iqtisadiyyatın ayrı-ayrı sahələrinin
inkişafının təhlilində,
proqnozlaşdırılmasında və perspektiv inkişaf
istiqamətlərinin müəyyənləşdirilməsində,
müvafiq inkişaf proqramlarının hazırlanmasında və
həyata keçirilməsində iştirak etmək;
8.34. öz səlahiyyətləri
daxilində özəlləşdirməyə açıq
elan edilmiş dövlət müəssisələrində və
özəlləşdirmə prosesində olan müəssisələrdə
rəqabətə davamlı malların istehsalı
üçün lazımi tədbirlər həyata keçirmək,
dövlət müəssisələrinin mövcud vəziyyətini,
inkişaf meyillərini və özəlləşdirilməsi
imkanlarını təhlil etmək və müvafiq təkliflər
hazırlayıb aidiyyəti üzrə təqdim etmək;
8.35. öz səlahiyyətləri
daxilində dövlət əmlakının qanunvericiliklə
müəyyən edilmiş üsullarla özəlləşdirilməsi
barədə qərar qəbul etmək və özəlləşdirilməsini
həyata keçirmək;
8.36. dövlət əmlakının
özəlləşdirilməsi prosesini ictimai nəzarət və
şəffaflıq prinsipləri əsasında həyata
keçirmək;
8.37. öz səlahiyyətləri
daxilində tabeliyində olan qurum vasitəsilə dövlət
əmlakının, o cümlədən dövlət
mülkiyyətinə keçməklə müsadirə
olunmuş əmlakın və müəyyən olunmuş
hallarda borclara görə üzərinə həbs qoyulmuş
dövlət əmlakının hərraclarda
satışını həyata keçirmək;
8.38. öz səlahiyyətləri
daxilində özəlləşdirilməsi barədə qərar
qəbul edilmiş dövlət müəssisələrinin
restrukturizasiyasını və özəlləşdirmə
qabağı sağlamlaşdırılması tədbirlərini
həyata keçirmək;
8.39. özəlləşdirilməsi
barədə qərar qəbul edilmiş dövlət müəssisə
və obyektlərinin əmlakının, birgə müəssisələrin
nizamnamə kapitalındakı dövlətin payının,
habelə mülkiyyət növündən asılı
olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini
təşkil etmək, qanunvericiliyə uyğun olaraq dövlət
əmlakının ilkin (start) satış qiymətini müəyyən
etmək, zəruri hallarda bu məqsədlə məsləhətçilər
və müstəqil qiymətləndiricilər cəlb etmək;
8.40. özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin, fiziki və
hüquqi şəxslər tərəfindən inşa
edilmiş müəssisə və obyektlərin yerləşdiyi
dövlət torpaq sahələrinin qanunvericilik aktlarına
uyğun olaraq qiymətləndirilməsini və
satışını həyata keçirmək;
8.41. öz səlahiyyətləri
daxilində dövlət müəssisə və təşkilatlarının
tərkibindən onların hər hansı bölməsinin
(bina, tikili, qurğu və digər əmlakın)
çıxarılmasını və ayrıca özəlləşdirilməsini
həyata keçirmək, habelə dövlət
orqanlarının, dövlət büdcəsindən maliyyələşən
təşkilatların, dövlət müəssisələrinin
və dövlət təsərrüfat cəmiyyətlərinin
fəaliyyəti üçün lazım olmayan və
yararsız olan əmlakı onların müraciətləri əsasında
sərəncama götürmək;
8.42. özəlləşdirilən
müəssisə və obyektlərə, habelə ləğv
olunan dövlət təşkilatlarına və müəssisələrinə
məxsus olmuş sosial-mədəni, kommunal-məişət,
mülki müdafiə, səfərbərlik təyinatlı
obyektlərin və qanunvericiliklə özəlləşdirilməsi
nəzərdə tutulmayan digər əmlakın aidiyyəti
üzrə balansdan-balansa verilməsi barədə təkliflər
vermək və qəbul olunmuş qərar əsasında əmlakın
balansdan-balansa verilməsinə nəzarəti həyata
keçirmək;
8.43. dövlət əmlakının
özəlləşdirilməsinə dair alqı-satqı və
girov müqavilələri bağlamaq, onların
qeydiyyatını aparmaq və icrasını təmin etmək;
8.44. öz səlahiyyətləri
daxilində dövlət müəssisə və obyektlərinin
investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsini
təşkil etmək, bu barədə müqavilələr
bağlamaq və həmin müqavilələrin icrasına nəzarəti
həyata keçirmək;
8.45. dövlət əmlakının
özəlləşdirilməyə hazırlanması, qiymətləndirilməsi
və satışı prosesinə maliyyə məsləhətçilərini
cəlb etmək və onlarla müvafiq müqavilələr
bağlamaq;
8.46. öz səlahiyyətləri
daxilində dövlət müəssisələrinin səhmdar
cəmiyyətinə çevrilməsi barədə qərar qəbul
etmək və təsisçi qismində
çıxış etmək, onların dövlət
qeydiyyatına alınmasını və özəlləşdirilməsini
təmin etmək, səhmdar cəmiyyətlərinin və
nizamnamə kapitalında dövlətin payı olan birgə
müəssisələrin idarəetmə orqanlarında
dövlətin nümayəndəsini təyin etmək;
8.47. dövlət əmlakının
özəlləşdirilməsi prosesində təsis
olunmuş və tam özəlləşdirilməmiş səhmdar
cəmiyyətlərinə məxsus daşınar və
daşınmaz əmlakın satılmasına, icarəyə
verilməsinə, digər qaydada özgəninkiləşdirilməsinə
razılıq vermək;
8.48. səhmlərinin
tamamilə və ya nəzarət zərfinin dövlət
mülkiyyətində saxlanılması barədə qərar
qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus
daşınmaz əmlakı icarəyə vermək,
daşınar əmlakın icarəyə verilməsinə
razılıq vermək və bu sahədə nəzarəti həyata
keçirmək;
8.49. birgə müəssisələrin
nizamnamə kapitalındakı dövlətin payının
özəlləşdirilməsinə dair əqdlər
bağlamaq və alıcılara həmin payın
satılmasına dair şəhadətnamələr vermək;
8.50. dövlət əmlakının
özəlləşdirilməsindən, icarəyə verilməsindən
və onun barəsində həyata keçirilən digər əməliyyatlardan
əldə edilən vəsaitin statistik və mühasibat
hesabatlarını aparmaq, həmin vəsaitin dövlət
büdcəsinə daxil olmasını təmin etmək;
8.51. dövlət əmlakının
özəlləşdirilməsindən daxil olan vəsaitdən
qanunvericiliklə müəyyən edilmiş ayırmaları
dövlət əmlakının özəlləşdirilməsində
müstəqil maliyyə məsləhətçisinin cəlb
edilməsi, özəlləşdirmə ilə bağlı
informasiya təminatının təşkili və müəssisələrin
özəlləşdirmə qabağı
sağlamlaşdırılması, özəlləşdirmədən
sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi,
tədbirlərinin maliyyələşdirilməsi, dövlət
əmlakının qorunub saxlanılması və mühafizəsi,
mülkiyyət hüquqlarının qorunması ilə
bağlı Azərbaycan Respublikasını xarici ölkələrin
müvafiq orqanlarında, habelə məhkəmə
orqanlarında təmsil etmə xərclərinin ödənilməsi
məqsədilə istifadə etmək;
8.52. fəaliyyət
istiqamətlərinə aid sahələrdə təsdiq
edilmiş dövlət proqramlarının icrası barədə
müəyyən olunmuş qaydada hesabat vermək;
8.53. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin həyata keçirilməsini
öz səlahiyyətləri daxilində təmin etmək;
8.54. özəlləşdirməyə
açıq elan edilmiş dövlət müəssisələri
və onların özəlləşdirilməsi ilə
bağlı məsələlərin icrası ilə əlaqədar
beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq
etmək, onların, habelə xarici ölkələrin
müvafiq qurumlarının keçirdiyi tədbirlərdə
iştirak etmək;
8.55. öz səlahiyyətləri
daxilində özəlləşdirməyə açıq
elan edilmiş dövlət müəssisələrinə,
habelə onların özəlləşdirilməsi ilə
bağlı həmin müəssisələrə xarici investisiyaların
cəlb olunması strategiyasını müəyyənləşdirmək
və həyata keçirmək;
8.56. öz səlahiyyətləri
daxilində özəlləşdirməyə açıq
elan edilmiş dövlət müəssisələrinə, o
cümlədən onların özəlləşdirilməsi
ilə bağlı həmin müəssisələrə
investisiyaların cəlb edilməsi məqsədilə tədbirlər
həyata keçirmək, bu məsələlərlə əlaqədar
investisiya layihələrinin (proqramlarının) iqtisadi səmərəliliyi
və məqsədəuyğunluğu barədə rəy
vermək, özəlləşdirməyə açıq elan
edilmiş dövlət müəssisələrinə və
onların özəlləşdirilməsi ilə bağlı
həmin müəssisələrə investisiyaların cəlb
edilməsi sahəsində bağlanılmış müqavilələrin
icrası zamanı dövlət mənafelərinin
qorunmasına nəzarəti həyata keçirmək;
8.57. öz səlahiyyətləri
daxilində özəlləşdirməyə açıq
elan edilmiş dövlət müəssisələrinə, o
cümlədən onların özəlləşdirilməsi
ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatlar
və xarici dövlətlər tərəfindən həmin
müəssisələrə verilən kreditlərdən
istifadə məqsədilə aidiyyəti nazirlik, komitə və
təşkilatlar cəlb olunmaqla investisiya layihələrinin
müsabiqələrini təşkil etmək;
8.58. öz səlahiyyətləri
daxilində özəlləşdirməyə açıq
elan edilmiş dövlət müəssisələrinə, o
cümlədən onların özəlləşdirilməsi
ilə bağlı həmin müəssisələrə verilən
maliyyə və texniki yardımların əlaqələndirilməsində,
həmin məsələlərlə əlaqədar
verilmiş xarici kreditlərin (yardımların) məqsədli
və səmərəli istifadə olunmasına nəzarəti
həyata keçirmək;
8.59. dövlət müəssisələrinin
özəlləşdirmə qabağı və özəlləşdirilmiş
müəssisələrin investisiya qoyuluşu imkanları
haqqında məlumat bankı yaratmaq, potensial investorlar
arasında həmin müəssisələrin imkanları ilə
bağlı zəruri məlumatların yayılmasını təşkil
etmək;
8.60. öz səlahiyyətləri
daxilində özəlləşdirməyə açıq
elan edilmiş dövlət müəssisələri üzrə,
o cümlədən onların özəlləşdirilməsi
ilə bağlı investisiya layihələrinin
hazırlanması və həyata keçirilməsi sahəsində
tədbirlər həyata keçirmək, dövlət əmlakının
özəlləşdirilməsinin, özəlləşdirilmiş
müəssisələrin fəaliyyətinin dəstəklənməsi
məqsədilə xüsusi əhəmiyyət kəsb edən
investisiya layihələrinin icrasını təmin etmək
üçün müvafiq təkliflər hazırlamaq və
aidiyyəti üzrə təqdim etmək;
8.61. öz səlahiyyətləri
daxilində özəlləşdirməyə açıq
elan edilmiş dövlət müəssisələrinə, o
cümlədən onların özəlləşdirilməsi
ilə bağlı investisiya qoyuluşuna dair təkliflərin
ekspertizasını həyata keçirmək;
8.62. öz səlahiyyətləri
daxilində özəlləşdirməyə açıq
elan edilmiş dövlət müəssisələrinə
investisiya qoyuluşu və onların özəlləşdirilməsi
ilə bağlı xarici investorlarla danışıqlarda
dövləti təmsil etmək, dövlət və özəlləşdirilmiş
müəssisələrin investisiya qoyuluşu sahəsində
qanuni mənafelərini müdafiə etmək;
8.63. Azərbaycan
Respublikasında xarici investisiyalı müəssisələrin
uçotunu aparmaq, bu sahədə mövcud olan problemlərin
aşkar edilməsini və onların aradan
qaldırılmasını təmin etmək məqsədilə
təhlil aparmaq və digər zəruri tədbirlər həyata
keçirmək;
8.64. öz səlahiyyətləri
daxilində özəlləşdirilmiş dövlət
müəssisələrinin səmərəli fəaliyyət
göstərməsi üçün əlverişli
mühitin yaradılması, investisiya mühitinin
yaxşılaşdırılması və investisiyaların
stimullaşdırılması ilə bağlı təkliflər
hazırlamaq və tədbirlər həyata keçirmək;
8.65. özəlləşdirilmiş
müəssisələrin yeni mülkiyyətçiləri tərəfindən
özəlləşdirmə barədə
bağlanılmış əqdlərdə nəzərdə
tutulmuş öhdəlik və şərtlərin, o cümlədən
investisiya qoyuluşu (onun istiqamətləri, həcmi və
müddətləri), sosial, iqtisadi və digər tələblərin
yerinə yetirilməsinə nəzarəti həyata
keçirmək;
8.66. öz səlahiyyətləri
daxilində dövlət müəssisələrinin özəlləşdirmədən
sonrakı fəaliyyətinin dəstəklənməsi və
investisiya qoyuluşunun səmərəliliyinin təmin
olunması məqsədilə mütəmadi olaraq onların fəaliyyət
göstəricilərini araşdırmaq və monitorinqini
aparmaq;
8.67. öz səlahiyyətləri
daxilində özəlləşdirilən müəssisə
və obyektlərin yenidən təşkilinin və ləğvinin
qanunvericiliyə uyğunluğunu təhlil etmək və bu
sahədə qanun pozuntuları aşkar olunduqda aidiyyəti
orqanlar qarşısında məsələ qaldırmaq;
8.68. öz səlahiyyətləri
daxilində özəlləşdirilən müəssisələrin
sahibkarlıq fəaliyyətinin genişləndirilməsi,
daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi,
rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə
onlara investisiya qoyuluşu, maliyyə, kredit, vergi,
informasiya-metodiki, kadrların hazırlanması və digər
sahələrdə kömək göstərilməsi
üçün müvafiq təhlillər aparmaq, müasir
texnologiyaların tətbiqi üzrə təkliflər
hazırlamaq, innovasiya prosesinin sürətləndirilməsi tədbirlərinin
həyata keçirilməsini təmin etmək;
8.69. öz səlahiyyətləri
daxilində dövlət, habelə özəlləşdirilən
müəssisə və obyektlərin yerləşdiyi dövlət
mülkiyyətində olan torpaq sahələrinin başqa
hüquqi və fiziki şəxslərə icarəyə və
istifadəyə verilməsinə, həmin torpaq sahələrində
tikinti, yenidənqurma və quraşdırma işlərinin
aparılmasına, onların təyinatının dəyişdirilməsinə
razılıq vermək, dövlət və özəlləşdirilən
müəssisə və obyektlərin yerləşdiyi torpaq
sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin
araşdırılması məqsədilə monitorinq aparmaq;
8.70. qanunvericilikdə nəzərdə
tutulmuş qaydada torpaq sahəsi üzərində müvafiq
hüquqlar dövlət reyestrində qeydiyyata alınmadan
dövlət, habelə özəlləşdirilən müəssisə
və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində
olan torpaq sahələrində tikinti, yenidənqurma və
quraşdırma işlərinin aparılması
hallarını araşdırmaq və aşkar edilmiş
pozuntu hallarının aradan qaldırılması
üçün öz səlahiyyətləri daxilində
qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri
həyata keçirmək, o cümlədən belə hallar
barədə səlahiyyətli dövlət orqanlarına məlumat
vermək;
8.71. dövlət müəssisələrinin
istifadəsində olan, habelə özəlləşdirilən
dövlət obyektlərinin yerləşdiyi torpaq sahələrinin
uçotu, hüdudlarının müəyyən edilməsi
və dəqiqləşdirilməsi məqsədilə
aparılan yerquruluşu işlərində dövlətin
adından mülkiyyətçi qismində iştirak etmək,
bu işlərin aparılması üçün müəyyən
edilmiş qaydada tədbirlər görmək;
8.72. dövlətin
payı olan hüquqi şəxslərdə dövlət
büdcəsinə çatacaq dividendlərin
hesablanmasını və verilməsini araşdırmaq, bu sahədə
qanun pozuntuları aşkar olunduqda aidiyyəti orqanlar
qarşısında məsələ qaldırmaq;
8.73. özəlləşdirmə
prosesində əmək kollektivi üzvlərinin
hüquqlarının və sosial ədalət prinsipinin
qorunmasını təmin etmək;
8.74. öz səlahiyyətləri
daxilində dövlət, özəlləşdirilən
müəssisə və obyektlərin vergi və digər
borclarının vaxtında ödənilməməsi səbəbindən
yaranan borclarla əlaqədar ödəmənin əmlaka
yönəldilməsinə razılıq vermək;
8.75. özəlləşdirilən
müəssisələrin fəaliyyətinin dəstəklənməsi
məqsədilə öz səlahiyyətləri daxilində
özəlləşdirilən müəssisə və obyektlərin
dövlət müəssisələri ilə
qarşılıqlı münasibətlərini tənzimləmək
və onların fəaliyyətini əlaqələndirmək,
dövlət ehtiyaclarının təmin edilməsi
üçün özəlləşdirilən müəssisə
və obyektlərə dövlət sifarişlərinin verilməsi
işinin təşkilində iştirak etmək;
8.76. öz səlahiyyətləri
daxilində dövlət əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi məqsədilə istehsalın
səmərəliliyinin artırılması ilə
bağlı dövlət müəssisələrinin
uzunmüddətli inkişaf planlarını
razılaşdırmaq, dövlət müəssisələrinin,
habelə zəruri hallarda özəlləşdirilən
müəssisə və obyektlərin perspektiv inkişaf və
biznes planlarına dair rəy vermək, investisiya qoyuluşunun
genişləndirilməsi ilə bağlı tövsiyələr
vermək;
8.77. öz səlahiyyətləri
daxilində dövlət əmlakının özəlləşdirilməsinin
dövlət proqramını, dövlət əmlakının
idarə edilməsini və özəlləşdirilməsini,
onun barəsində sərəncam verilməsini və
qeydiyyatının aparılmasını, özəlləşdirməyə
açıq elan edilmiş dövlət müəssisələrinə,
o cümlədən onların özəlləşdirilməsi
ilə bağlı həmin müəssisələrə
investisiyaların cəlb olunmasını, dövlət müəssisələri
özəlləşdirildikdən sonra onların yeni
mülkiyyətçiləri tərəfindən həmin
müəssisələrə investisiya qoyuluşu üzərində
nəzarəti təmin etmək, daşınmaz əmlaka dair
hüquqların dövlət qeydiyyatı ilə bağlı
metodiki və digər zəruri sənədləri hazırlayıb
müvafiq qaydada təsdiq etmək;
8.78. öz səlahiyyətləri
daxilində özəlləşdirməyə açıq
elan edilmiş dövlət müəssisələrinin və
onların özəlləşdirilməsi ilə bağlı
həmin müəssisələrin investisiya fəaliyyəti
sahəsində mövcud qanunvericiliyi pozmuş hüquqi və
fiziki şəxslər barədə müvafiq tədbirlər
görmək;
8.79. dövlət əmlakından
istifadə vəziyyətinin müəyyənləşdirilməsi,
müəssisələrin özəlləşdirmə
qabağı sağlamlaşdırılması
üçün təhlillərin aparılması, özəlləşdirməyə
açıq elan edilmiş dövlət müəssisələrinə
və həmin müəssisələrin özəlləşdirilməsi
ilə bağlı onlara investisiya qoyuluşlarının səmərəliliyinin
yüksəldilməsi və özəlləşdirilən
müəssisələrin fəaliyyətinin dəstəklənməsi
sahəsində müvafiq tədbirlərin müəyyən
edilməsi məqsədilə dövlət mülkiyyətində
olan və özəlləşdirilən müəssisələrdə
qanunvericiliklə müəyyən olunmuş qaydada
araşdırmalar təşkil etmək, zəruri hallarda
araşdırmaların nəticələri barədə məlumatları
aidiyyəti orqanlara təqdim etmək;
8.80. dövlət
material ehtiyatlarının saxlanılması və istifadə olunmasına
dair təkliflərin hazırlanmasında iştirak etmək;
8.81. dövlət mənzil
fondu obyektlərini qanunvericilikdə müəyyən
edilmiş şərtlərlə və qaydada xüsusi
mülkiyyətə verilməsini rəsmiləşdirmək;
8.82. vətəndaşların
qanuni istifadəsindəki fərdi yaşayış evlərinin,
həyətyanı sahələrinin, fərdi, kollektiv və
kooperativ bağlarının, dövlət
bağçılıq təsərrüfatlarının idarəçiliyində
olmuş bağların yerləşdiyi torpaqları
qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların
mülkiyyətinə verilməsini rəsmiləşdirmək;
8.83. strukturunda olan
müvafiq qurumu vasitəsilə daşınmaz əmlakın
dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində
mülkiyyət və digər əşya
hüquqlarının qeydiyyatını həyata keçirmək;
8.84. tabeliyində olan
qurum vasitəsilə daşınmaz əmlakın vahid
kadastrını tərtib etmək və aparmaq;
8.85. tabeliyində olan
qurum vasitəsilə ünvan reyestrini tərtib etmək və
aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək,
ünvan reyestrində saxlanılan və açıq hesab edilən
məlumatları internet saytında yerləşdirmək;
8.86. ünvan reyestrinə
daxil edilmiş ünvan rekvizitləri hesab edilən nəqliyyat
infrastrukturu obyektlərinin adlarını və daşınmaz
əmlak obyektlərinin nömrələrini əks etdirən
lövhələri qanunvericilikdə müəyyən
edilmiş qaydada hazırlamaq və daşınmaz əmlak
obyektlərində yerləşdirmək;
8.87. dövlət və
yerli özünüidarəetmə orqanlarının, fiziki və
hüquqi şəxslərin müraciətləri əsasında
onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın
vahid kadastrının məlumatlarının verilməsini təmin
etmək;
8.88. fəaliyyət
istiqamətləri üzrə dövlət
rüsumlarının məbləği və xidmət
haqlarının tarifləri barədə aidiyyəti üzrə
təkliflər vermək, müvafiq sahələrdə
göstəricilərin ümumiləşdirilməsini təmin
etmək, statistikasını aparmaq, məlumat bankını
yaratmaq;
8.89. öz səlahiyyətləri
daxilində insan və vətəndaş
hüquqlarının və azadlıqlarının həyata
keçirilməsini təmin etmək və onların
pozulmasının qarşısını almaq;
8.90. dövlət əmlakının
idarə edilməsi, onun özəlləşdirilməsi və
daşınmaz əmlaka dair hüquqların dövlət
qeydiyyatı sahəsində ayrılan büdcə vəsaitindən,
tabeliyində olan qurumların göstərdiyi xidmətlərə
görə xidmət haqları üzrə daxilolmalardan, kreditlərdən,
qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
etmək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada
ödənilən dövlət rüsumlarının dövlət
büdcəsinə köçürülməsini təmin
etmək;
8.91. öz fəaliyyəti
ilə əlaqədar konfransların, seminarların, treninq
kurslarının keçirilməsini təşkil etmək,
dövlət əmlakının özəlləşdirilməsi
ilə əlaqədar təbliğat və təşviqat
işləri aparmaq, əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı qanunvericiliklə müəyyən edilmiş
açıqlanmalı informasiyanın həmin saytda yerləşdirilməsini
və bu informasiyanın daimi yeniləşdirilməsini təmin
etmək;
8.92. dövlət əmlakının
idarə edilməsi və özəlləşdirilməsi,
habelə daşınmaz əmlaka dair hüquqların
qeydiyyatı sahəsində kadr hazırlığını təmin
etmək, mütəxəssislərin hazırlanması və
ixtisasının artırılması üçün tədbirlər
görmək;
8.93. Komitənin
strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər
görmək;
8.94. Komitənin fəaliyyəti
ilə bağlı daxil olan ərizə və şikayətlərə
baxmaq və qanunvericilikdə müəyyən edilmiş
qaydada tədbirlər görmək;
8.95. fəaliyyət
istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. Komitənin hüquqları
9. Komitə öz vəzifələrini
yerinə yetirmək üçün aşağıdakı
hüquqlara malikdir:
9.1. dövlət əmlakının
idarə edilməsini və özəlləşdirilməsini,
bu sahəyə investisiyaların cəlb olunmasını,
daşınmaz əmlaka dair hüquqların dövlət
qeydiyyatını tənzimləyən qanunvericilik
aktlarının layihəsini hazırlamaq və ya onların
hazırlanmasında iştirak etmək;
9.2. dövlət müəssisələrinə
qanunvericiliklə müəyyən edilmiş hallarda,
onların fəaliyyətinin tənzimlənməsi
üçün icrası məcburi olan göstərişlər
vermək;
9.3. öz səlahiyyətləri
daxilində mərkəzi və yerli icra hakimiyyəti
orqanlarından, yerli özünüidarəetmə
orqanlarından, hüquqi və fiziki şəxslərdən
müəyyən olunmuş qaydada zəruri məlumatlar (sənədlər)
almaq;
9.4. dövlət əmlakının
idarə edilməsi və özəlləşdirilməsi,
daşınmaz əmlaka dair hüquqların dövlət
qeydiyyatı sahəsində Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrə tərəfdar
çıxması barədə təşəbbüslə
çıxış etmək;
9.5. qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla,
xarici dövlətlərin aidiyyəti dövlət
orqanları ilə əməkdaşlıq etmək, xarici
dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
9.6. fəaliyyət
istiqamətləri üzrə rəy vermək, təhlillər,
ümumiləşdirmələr və tədqiqatlar aparmaq,
analitik materiallar hazırlamaq, təkliflər vermək;
9.7. səlahiyyətlərinə
aid edilmiş məsələlərin işlənib
hazırlanması və yerinə yetirilməsi
üçün xarici və yerli ekspertləri və məsləhətçiləri,
məsləhətçi şirkətləri cəlb etmək,
onlarla müqavilələr bağlamaq;
9.8. qanunvericiliyə
uyğun olaraq öz səlahiyyətlərini həyata
keçirmək məqsədilə müqavilələr
bağlamaq, tabeliyində olan qurumların fəaliyyət
istiqamətləri üzrə göstərdiyi xidmətlərə
görə alınan xidmət haqlarından daxil olan vəsaitdən
istifadəni təmin etmək;
9.9. öz adından məhkəmələrdə
iştirak etmək;
9.10. öz səlahiyyətlərinin
icrası ilə bağlı müəyyən olunmuş
qaydada tabeliyində hüquqi şəxs statuslu qurumlar yaratmaq,
onları yenidən təşkil etmək və ləğv etmək;
9.11. qanunvericiliklə
müəyyən edilmiş qaydada dövri mətbuat orqanı
təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər
buraxmaq;
9.12. fəaliyyət
istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
V. Komitənin fəaliyyətinin təşkili
10. Komitənin
aparatı və onun strukturuna daxil olan və tabeliyində olan
qurumlar (hüquqi şəxslər, təşkilatlar və
sair) Komitənin vahid sistemini təşkil edir. Komitə öz
fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə
həyata keçirir.
11. Komitənin strukturu,
Komitənin aparatının və onun strukturuna daxil olan
qurumların işçilərinin ümumi say tərkibi Azərbaycan
Respublikasının Prezidenti tərəfindən müəyyən
edilir.
Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların
(hüquqi şəxslərin, təşkilatların və
sair) siyahısını Azərbaycan Respublikasının
Nazirlər Kabineti təsdiq edir.
12. Komitənin fəaliyyətinə
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
Komitənin sədri rəhbərlik edir. Komitənin sədri
Komitəyə həvalə olunmuş vəzifələrin
yerinə yetirilməsi və hüquqların həyata
keçirilməsi üçün şəxsən məsuliyyət
daşıyır.
13. Komitənin sədrinin
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
iki müavini vardır. Komitə sədrinin müavinləri
onlara sədr tərəfindən həvalə edilmiş vəzifələri
yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət
daşıyırlar.
14. Komitənin sədri:
14.1. Komitənin fəaliyyətini
təşkil edir və ona rəhbərlik edir;
14.2. Komitənin
aparatının struktur bölmələrinin, onun ərazi
(yerli) bölmələrinin, tabeliyində olan qurumların
(hüquqi şəxslərin, təşkilatların və s.)
əsasnamələrini (nizamnamələrini) təsdiq edir;
14.3. müəyyən
edilmiş struktur, əməkhaqqı fondu və işçilərin
say həddi daxilində Komitənin aparatının, Komitənin
yanında olan Daşınmaz Əmlakın Dövlət
Reyestri Xidmətinin və Hərracların Təşkili
üzrə Dövlət Agentliyinin, həmçinin yerli və
digər qurumlarının strukturunu, ştat cədvəlini və
ayrılmış büdcə təxsisatı daxilində
onların xərclər smetasını təsdiq edir;
14.4. Komitənin
aparatının işçilərini, Komitənin strukturuna
daxil olan qurumların rəhbərlərini, onların struktur
bölmələrinin rəhbərlərini, tabeliyində olan
digər qurumların rəhbərlərini vəzifəyə
təyin və vəzifədən azad edir, onlar barəsində
həvəsləndirmə və intizam tənbehi tədbirləri
görür;
14.5. özəlləşdirilmək
məqsədilə Komitənin sərəncamına
verilmiş qurumların rəhbərlərini vəzifəyə
təyin edir və vəzifədən azad edir, onların barəsində
qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə
və intizam tənbehi tədbirləri görür;
14.6. dövlət müəssisələrinin
çevrilməsi nəticəsində təsis olunmuş səhmdar
cəmiyyətlərinin idarə heyəti sədrlərini
qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə
təyin və vəzifədən azad edir;
14.7. Komitənin strukturunda
olan qurumların büdcə vəsaitinə tələbatına
dair təkliflər hazırlayır və aidiyyəti üzrə
dövlət orqanlarına təqdim edir;
14.8. öz səlahiyyətləri
daxilində korrupsiyaya qarşı tədbir görür;
14.9. Komitənin
aparatının, tabeliyində olan qurumların fəaliyyətinə
dair qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr
və sərəncamlar verir, habelə normativ-hüquqi
aktları təsdiq edir (imzalayır), onların icrasını
təşkil edir və nəzarəti həyata keçirir;
14.10. Komitənin vəzifəli
şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını
ləğv edir;
14.11. qanunvericiliyə
uyğun olaraq digər səlahiyyətləri həyata
keçirir.
15. Komitədə Komitə
sədrindən (kollegiyanın sədri), onun müavinlərindən
və Komitənin digər rəhbər işçilərindən
ibarət kollegiya yaradılır. Komitənin kollegiyasının
tərkibinə mütəxəssislər və alimlər də
daxil edilə bilər.
16. Komitənin
kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq
edilir.
17. Komitənin
kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti
ilə bağlı məsələləri müzakirə edir
və müvafiq qərarlar qəbul edir.
18. Komitənin
kollegiyasının iclasları onun üzvlərinin yarıdan
çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin
kollegiyasının qərarları onun üzvlərinin sadə
səs çoxluğu ilə qəbul edilir. Komitənin
kollegiyasının qərarları qəbul edilərkən səslər
bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici
hesab edilir.
19. Komitənin
kollegiyasının qərarları protokolla rəsmiləşdirilir
və Komitənin sədri tərəfindən təsdiq edilir.
20. Komitənin kollegiyasının
üzvləri arasında fikir ayrılığı
yarandığı hallarda Komitənin sədri bu barədə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
verərək öz qərarını həyata keçirir. Komitənin
kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
21. Komitənin
kollegiyasının iclaslarına zəruri hallarda digər icra
hakimiyyəti orqanlarının və təşkilatların, həmçinin
qeyri-hökumət təşkilatlarının nümayəndələri
dəvət edilə bilər.
Azərbaycan.- 2009.- 28 iyun.- S. 2, 3.