I. Ümumi müddəalar
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır.
2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifə və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri vasitəsilə həyata keçirir.
4. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
5. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
6. Xidmətin saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr, habelə tabeliyində olan yerli qurumların fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxil olan vəsaitlərdən maliyyələşdirilir.
7. Xidmət Bakı şəhərində yerləşir.
II. Xidmətin fəaliyyət
istiqamətləri
8. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
8.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;
8.2. qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
III. Xidmətin vəzifələri
9. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir:
9.1. paralel olaraq kompüterdən istifadə etmədən istənilən yazı üsulu ilə kağız (yazılı sənədlər) üzərində və kompüterdən istifadə etməklə elektron daşıyıcıları (disk, disket və s.) üzərində məlumatları dövlət reyestrinə daxil etmək;
9.2. hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək;
9.3. təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq;
9.4. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən etmək;
9.5. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək;
9.6. qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, habelə tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnu və eyni zamanda, onun ipoteka ilə yüklülüyünü qabaqcadan qeydiyyata almaq;
9.7. qanunla müəyyən edilmiş hallarda və qaydada hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək;
9.8. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək;
9.9. pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədləri hüquqların dövlət qeydiyyatı üçün qəbul etməmək;
9.10. dövlət reyestrinə daxil edilən hər bir daşınmaz əmlak obyektinə Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən daşınmaz əmlakın dövlət reyestr nömrəsi vermək;
9.11. hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək;
9.12. qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək və ya belə arayışın verilməsindən imtina etmək;
9.13. hüquq sahibinin sorğusuna əsasən ona məxsus olan daşınmaz əmlak haqqında digər şəxslərə verilən arayışlar barədə qanunla müəyyən edilmiş müddətdə hüquq sahibinə məlumat vermək;
9.14. dövlət reyestrini, ərizə jurnalını və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqları daimi saxlamaq;
9.15. qanunla müəyyən edilmiş müddətdə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək;
9.16. qanunla müəyyən edilmiş hallarda məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğv etmək;
9.17. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri bu qanuna uyğun olaraq dövlət reyestrində saxlanılmalı olan məlumatları dövlət reyestrinə daxil etmək;
9.18. daşınmaz əmlakın ipotekası barəsində verilən qiymətli kağızlar haqqında məlumatları dövlət reyestrinə daxil etmək;
9.19. qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış fondundan qeyri-yaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək;
9.20. daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək;
9.21. ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr tərtib edən və aparan icra hakimiyyəti orqanlarının qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim etdikləri məlumatları daşınmaz əmlakın vahid kadastrına daxil edilməsində iştirak etmək;
9.22. daşınmaz əmlakın vahid kadastrının məlumatlarını sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə verilməsində iştirak etmək;
9.23. üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış, bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin planının və ölçüsünün çəkilməsini təmin etmək;
9.24. tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək;
9.25. inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan müvafiq texniki sənədlərin tərtib edilməsində, torpaq sahələrinin planının və ölçüsünün çəkilməsini təmin etmək;
9.26. qanunla müəyyən edilmiş hallarda və qaydada tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin (dövlət müəssisə və obyektləri istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsi ilə bağlı tədbirlər görmək;
9.27. dövlət reyestrinə daxil edilmiş daşınmaz əmlakın inventar və bazar münasibətlərinə uyğun real dəyəri üzrə məlumat bankının yaradılmasını təmin etmək;
9.28. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş qaydada daşınmaz əmlakın inventar və bazar münasibətlərinə uyğun real dəyəri haqqında məlumatı sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə vermək;
9.29. dövlət rüsumlarının və fəaliyyət istiqamətləri üzrə tabeliyində olan yerli qurumların göstərdiyi xidmətlərə görə xidmət haqlarından daxilolmaların mühasibat və statistik uçotunu aparmaq, həmin vəsaitin vaxtında və tam həcmdə aidiyyəti üzrə köçürülməsini təmin etmək, göstərilən xidmətlər müqabilində alınan xidmət haqlarından Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş qaydada istifadə etmək;
9.30. öz səlahiyyətləri daxilində aşkar olunan qanun pozuntuları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməsini təmin etmək;
9.31. Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təklif vermək;
9.32. Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görmək;
9.33. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. Xidmətin hüquqları
10. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
10.1. öz səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
10.2. öz səlahiyyətlərinə aid olan məsələlər barəsində qanunvericilik aktlarının layihəsini hazırlamaq və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;
10.3. qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlərinə dair məsələlərin icrası ilə bağlı təlimatlar, qaydalar və digər normativ aktların layihələrini hazırlamaq və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;
10.4. fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə xidmət haqları almaq və bu sahədən daxil olan vəsaitlərdən müəyyən edilmiş qaydada istifadə etmək;
10.5. Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlərə dair metodik materialların və tövsiyələrin layihələrini hazırlamaq və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;
10.6. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
10.7. xarici, yerli hüquqi və fiziki şəxslərdən qrant və yardımlar almaq;
10.8. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. Xidmətin fəaliyyətinin təşkili
11. Xidmətin tərkibinə onun aparatı və tabeliyində olan yerli qurumları daxildir.
12. Xidmətə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.
13. Rəis bu Əsasnamə ilə Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
14. Xidmətin rəisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır.
15. Xidmətin rəisi:
15.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
15.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının və tabeliyində olan yerli qurumlarının strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir;
15.3. Xidmətin rəis müavinləri, Xidmətin aparatının struktur bölmələrinin rəhbərləri və Xidmətin tabeliyində olan yerli qurumlarının rəhbərləri və müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
15.4. Xidmətin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;
15.5. Xidmətin aparatının və yerli qurumlarının işçiləri tərəfindən aparılan tədbirlərə müvafiq qaydada nəzarət edir;
15.6. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;
15.7. tabeliyində olan yerli qurumlara icrası məcburi olan əmr və göstərişlər verir;
15.8. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;
15.9. Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir;
15.10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
Azərbaycan.-
2009.- 28 iyun.- S. 4.