I. Ümumi müddəalar
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi (bundan sonra - Mərkəz) özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışını və bununla bağlı digər tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır.
2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
3. Mərkəz bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. Mərkəz müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Mərkəzin saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Mərkəz Bakı şəhərində yerləşir.
II. Mərkəzin
fəaliyyət istiqamətləri
7. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışını həyata keçirir;
7.2. qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
III. Mərkəzin
vəzifələri
8. Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışı ilə bağlı normativ tənzimləmənin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təkliflər vermək;
8.2. özəlləşdirilən müəssisə və obyektlər, habelə səhmləri satışa çıxarılan səhmdar cəmiyyətləri barəsində fiziki və hüquqi şəxslərə qanunvericiliklə müəyyən olunmuş qaydada məlumat vermək;
8.3. qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslər tərəfindən ixtisaslaşdırılmış çek hərraclarında iştirak etmək üçün verilən sifarişləri qəbul etmək, alıcıların bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq iştirakını təmin etmək;
8.4. fiziki və hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin müəyyən edilmiş qaydada və müddətdə hərrac komissiyasına çatdırılmasını təmin etmək;
8.5. özəlləşdirmə prosesində əmək kollektivinin qanunvericiliklə müəyyən olunmuş mənafelərinin qorunmasına nəzarət etmək, habelə səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətlərinin əmək kollektivi üzvlərinə güzəştli satışı zamanı bərabər, sağlam rəqabət mühitini, aşkarlıq şəraitini, ictimai nəzarəti, sosial ədalət, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğunluğu təmin etmək;
8.6. hərracların, habelə səhmlərin (payların) əmək kollektivinə güzəştli satışının yekunlarını rəsmiləşdirmək məqsədilə müvafiq sənədləri aidiyyəti üzrə təqdim etmək;
8.7. hərracların yekunları ilə bağlı, o cümlədən hərraclarda səhmlərin (payların) əmək kollektivinə güzəştli satışının yekunlarına dair fiziki və hüquqi şəxslərə, əmək kollektivi üzvlərinə, habelə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və müvafiq dövlət orqanlarına məlumat və bildirişlər vermək;
8.8. hərraclara, o cümlədən səhmlərin (payların) əmək kollektivinə güzəştli satışına dair bütün məlumatların elektron və kağız şəklində saxlanılmasını təmin etmək;
8.9. sifarişləri ödənilməyən fiziki və hüquqi şəxslər tərəfindən verilmiş özəlləşdirmə çeklərinin və pulların geri qaytarılması barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq təqdimatlar vermək;
8.10. dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın hərraclar vasitəsilə alıcılara bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq satışını təşkil etmək;
8.11. müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclar vasitəsilə alıcılara bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq satışını təşkil etmək;
8.12. qanunvericiliyə uyğun olaraq hərrac haqqında və hərracın nəticələri barədə məlumatın "Mülkiyyət" qəzetində dərc olunması və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin internet saytında yerləşdirilməsi üçün aidiyyəti üzrə təqdim etmək;
8.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. Mərkəzin
hüquqları
9. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramının icrası barədə müəyyən olunmuş qaydada hesabatın hazırlanmasında iştirak etmək;
9.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilən qaydada dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
9.3. fəaliyyət istiqamətlərinə uyrun olaraq rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təkliflər vermək;
9.4. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.5. qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
9.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. Mərkəzin
fəaliyyətinin təşkili
10. Mərkəzin strukturuna onun aparatı və zona bölmələri daxildir.
11. Mərkəzə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.
12. Direktor Mərkəzə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
13. Mərkəzin direktorunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır.
14. Mərkəzin direktoru:
14.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Mərkəzin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir;
14.3. Mərkəzin direktor müavinləri və Mərkəzin struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Mərkəzin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
14.4. Mərkəzin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;
14.5. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;
14.6. bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Mərkəzi təmsil edir;
14.7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir;
14.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
15. Mərkəzin direktorunun, direktor müavinlərinin və işçilərinin əməyinin ödənilməsi normaları və digər təminatları müvafiq olaraq Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və xidmətlərinin rəhbərlərinin, rəhbər müavinlərinin və işçilərinin əməyinin ödənilməsi normalarına və təminatlarına bərabər tutulur.
Azərbaycan.- 2009.- 28 iyun.-
S. 4.