Heydər Əliyev Fondu
bizə misilsiz ailə sevinci bəxş etdi
Ucar rayonunun Yuxarı
Şilyan kəndində doğulmuşam. Həyat
yoldaşım Vahid də həmin kənddəndir. Ailə
qurandan sonra övladımızın olmasını səbirsizliklə
gözləyirdik. Ancaq aylar illərə döndü, evimiz
körpə qığıltısına həsrət
qaldı. Yeddi il çox tibb ocaqlarına, həkimlərə
üz tutduq. Xeyri olmadı. Axırda Moskva şəhərinə
getdik. İlk günlərdə Heydər Əliyev Fondunun
Rusiya Federasiyası nümayəndəliyinin rəhbəri
Leyla xanım Əliyevanın hərtərəfli
qayğısı ilə əhatə olunub müalicə
aldım və birdən-birə dörd körpəm
dünyaya gəldi. Xəstəxanada qaldığım
müddətdə hər an Leyla xanımın
qayğısını, diqqətini hiss etdim.
Hazırda Ucar şəhərində
yaşayırıq. Körpələrimiz - Məhəmməd,
Zəhra, Musa və İsmayıl artıq yarı yaşı
ötüblər. Moskvadan qayıdanda Ucar Rayon İcra Hakimiyyətinin
nümayəndələri bizi Bakı Hava Limanında
qarşıladılar. Hər cür qayğı göstərdilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və
rayon icra hakimiyyətinin qayğısı ilə Ucar şəhərindəki
evimiz əsaslı təmir olundu. Əlavə mətbəx
tikildi. Nazirlik mənzilimizə mətbəx mebeli, yataq dəsti,
icra hakimiyyəti isə soyuducu, televizor, xalça və digər
məişət ləvazimatları bağışladılar.
Mayın 15-də - Ailə
Günündə böyük təntənələ ilə
bizi əsaslı təmirdən sonra evimizə
köçürdülər. Leyla xanım Əliyeva bizə
paltaryuyan maşın və körpələrimizə gəzinti
arabası göndərmişdi.
Yaşadığımız
mənzildə qaz, işıq, su - hər şey var. Rayon icra
hakimiyyətinin rəhbərliyi, rayon mərkəzi xəstəxanasının
həkimləri körpələrimizin sağlam böyüməsi
üçün qayğı və diqqətlərini əsirgəmirlər.
Rayon icra hakimiyyəti başçısının xeyriyyə
fondundan, rayon sosial müdafiə mərkəzindən
ayrılmış yardım və müavinətləri
vaxtlı-vaxtında alırıq. Bir sözlə, dövlətimizin
hər cür qayğısı ilə əhatə
olunmuşuq.
Bizə bu sevincin bəxş
olunmasında misilsiz qayğı göstərmş Heydər Əliyev
Fondunun Rusiya Federasiyası nümayəndəliyinin rəhbəri
Leyla xanım Əliyevaya dərin minnətdarlığımızı
bildirirəm. Bizdən diqqətini əsirgəməyən digər
insanlara da təşəkkür edirəm. Arzum odur ki,
oğlanlarım Məhəmməd, Musa və İsmayıl
böyüyəndə hərbi xidmətlərini
Şuşada keçsinlər. İnanıram ki, bu arzuma da
qovuşacam.
Dürdanə XƏLİLOVA,
Ucar şəhəri
Azərbaycan.- 2009.- 28 iyun.- S. 5.