AzərTAc-ın
xüsusi muxbiri xəbər verir ki, Fransanın bir çox
nüfuzlu mətbu orqanı Heydər Əliyev Fondunun
Strasburqdakı Notr-Dam kilsəsinin təmirinə maliyyə dəstəyini
yüksək qiymətləndirir.
Alzas bölgəsinin mərkəzi
hesab edilən Strasburqda gündəlik nəşr edilən
"Alzasın son xəbərləri" qəzetində dərc
olunmuş "Azərbaycan xeyirxahlığı" sərlövhəli
məqalədə ölkənin ən qədim kilsələrindən
olan Notr-Damın təmirinə yardım edilməsi
üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın göstərdiyi təşəbbüs
yüksək qiymətləndirilmiş, Avropa
Şurasının böyük dostu olan Azərbaycanın bu
istiqamətdəki addımı təqdir olunmuşdur.
Məqalədə Heydər
Əliyev Fondunun bir müddət əvvəl Versal sarayında
iki abidənin təmirinə yardım göstərdiyi
xatırlanmış, fondun başqa ölkələrdə həyata
keçirdiyi xeyirxah missiyalarından söhbət
açılmış, qurumun xalqımızın tələbi
ilə yenidən hakimiyyətə gəlmiş və
1993-2003-cü illərdə ölkəyə rəhbərlik
etmiş ulu ondər Heydər Əliyevin adını
daşıdığı vurğulanmışdır.
"Alzas",
"L'Express", "20 dəqiqə" ("20 minutes")
və digər nəşrlərdə də kilsədə
keçirilmiş mərasimdən ətraflı söhbət
açılmış, Azərbaycanın Cənubi Qafqaz
regionunda iqtisadi cəhətdən inkişaf etmiş
aparıcı dövlət olması xüsusi
vurğulanmışdır. Heydər Əliyev Fondunun Fransada
iki abidənin və qədim kilsənin təmirinə
yardım etməsinin öz mədəni irsinə hörmətlə
yanaşan, onların qorunmasına çalışan iki xalq
arasındakı dostluğun bariz nümunəsi olduğu
bildirilmiş, fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə səhiyyə və təhsil
sahəsində də bir çox layihələrin həyata
keçirildiyi qeyd edilmişdir.
Qəzetlərdə
Notr-Dam kilsəsinin təmiri ilə əlaqədar Heydər Əliyev
Fondunun təşəbbüsü ilə göstərilən
maliyyə yardımının təqdimat mərasimindən bəhs
edən şəkillər də verilmişdir.
Ölkənin
"Frans-3" televiziya kanalının tədbirdən
hazırladığı verilişdə Heydər Əliyev
Fondunun Azərbaycandan çox-çox uzaqlarda, Fransada iki abidənin
və bir kilsənin təmirinə yardım etməsinin fondun
prezidenti Mehriban xanım Əliyevanın tarixi abidələrə
qayğısından irəli gəldiyi
vurğulanmışdır. Bildirilmişdir ki, xeyirxah əməllər
sahibi olan Mehriban xanım Əliyevanın təşəbbüsü
hamıya bir nümunədir.
Azərbaycan.- 2009.- 28 iyun.- S. 5.