Azərbaycan Ordusu bölgənin ən qüdrətli ordusudur

 

91 il öncə yaranan Azərbaycan Ordusunun ikinci dəfə formalaşma prosesi olduqca çətin və mürəkkəb ictimai-siyasi şəraitə təsadüf etmişdi.

Ölkəmiz ikinci dəfə müstəqilliyə qovuşduqdan, xüsusilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Silahlı Qüvvələrimizin tarixində tamamilə yeni dövr başlandı. Az vaxtda Azərbaycan Ordusu güclü potensialla - peşəkar hərbi kadrlarla möhkəmləndirildi, ən yeni hərbi texnika ilə təchiz edildi. Silahlı qüvvələrimizin ayrı-ayrı bölmələrinin Əfqanıstanda, İraqda, dünyanın müxtəlif qaynar nöqtələrində beynəlxalq sülhməramlı qüvvələrin tərkibində terrorizmlə uğurlu mübarizə aparması da indi ölkəmizin hər bir vətəndaşında qürur doğurur.

26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə "N" hərbi hissədə Bərdə rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin əsgər və zabitlərlə görüşü keçirildi. Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məzahir Qasımov əsgər və zabitləri təbrik etdi.

Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi möhtəşəm tədbirlərdən danışdı. Qeyd etdi ki, Azərbaycan Ordusu bu gün bütün regionun ən güclü ordusudur. Sürətlə artan iqtisadi və hərbi qüdrətimiz qarşısında Ermənistan getdikcə cılız görünür. Silahlı qüvvələrimiz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Lakin biz hələ ki sülh danışıqlarına sadiqik, yenidən qan tökülməsini istəmirik. Amma xalqımızın səbri sonsuz da deyildir.

Görüşdə musiqiyə, nəğməyə geniş yer verildi. Rayon mədəniyyət şöbəsinin özfəaliyyət kollektivi əsgər və zabitlər qarşısında maraqlı proqramla çıxış etdi.

Sonda əsgərlərə bayram sovqatları təqdim olundu.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2009.- 28 iyun.- S. 5.