Astanada Azərbaycan Silahlı Qüvvələrinin 91-ci ildönümü ilə əlaqədar qəbul keçirilmişdir

 

Azərbaycan Silahlı Qüvvələrinin 91-ci ildönümü ilə əlaqədar ölkəmizin Qazaxıstandakı hərbi attaşe aparatında rəsmi qəbul keçirilmişdir.

Tədbirdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputat Jalə Əliyeva, Qazaxıstan Müdafiə Nazirliyinin rəsmi nümayəndələri, səfirlər və hərbi attaşelər, diasporumuzun üzvləri iştirak etmişlər.

Qəbula gələnlərə Azərbaycanın Qazaxıstandakı hərbi attaşe aparatının rəhbəri, polkovnik-leytenant Xəzər Abbasov Silahlı Qüvvələrimizin yaranma tarixindən, ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən, sülhməramlı qüvvələrimizin fəaliyyətindən, Azərbaycan-NATO və Azərbaycan- Qazaxıstan münasibətlərindən danışmışdır.

Qazaxıstan Müdafiə Nazirliyi Qərargah Komitələri sədrinin birinci müavini, xalq qəhrəmanı, general-leytenant Baxıtjan Ertayev Azərbaycan Silahlı Qüvvələr Günü ilə bağlı xalqımızı təbrik edərək bildirmişdir ki, son illər münasibətlərimiz beynəlxalq və hərbi əməkdaşlıq sahəsində daha da genişlənmişdir və bu əlaqələrin inkişafı davam etdiriləcəkdir.

Qəbulda Azərbaycan Silahlı Qüvvələrinə dair videofilm göstərilmiş, klassik musiqimizdən nümunələr səslənmişdir.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Astana

 

Azərbaycan.- 2009.- 28 iyun.- S. 5.