Avropa Şurası Azərbaycanla bağlı
məsələlərdə yenə də ikili standartlara yol verir
AzərTAc-ın
xüsusi müxbiri xəbər verir ki, İyunun 24-də
günün ikinci yarısında Avropa Şurası Parlament
Assambleyasının (AŞ PA) yay sessiyası Avropada insan
hüquqlarının vəziyyəti məsələsinin
müzakirəsini davam etdirmişdir.
Məruzə ətrafında
müzakirələrdə Azərbaycanın AŞ PA-dakı
nümayəndə heyətinin rəhbəri Səməd
Seyidov çıxış edərək demişdir: Məruzə
hazırda bizim insan hüquqları sahəsində hansı mərhələdə
olduğumuzu və bundan sonra da hansı istiqamətdə hərəkət
etməyimizi əks etdirir. Bu baxımdan qurumun Monitorinq Komitəsinin
işinə diqqət yetirməliyik. Eyni problemə
ayrı-ayrı ölkələrdə müxtəlif yanaşma
tərzinin şahidi oluruq. Avropa Şurasının
üzvü olan ölkələr fundamental dəyərlər,
demokratiya sahəsində çətinliklərlə üzləşirlər.
Amma Azərbaycan yeganə ölkədir ki, buradakı problemlərə
fərqli yanaşma yolu ilə məruzəçi təyin
edilir və məsələlər xüsusi formada
araşdırılır.
Mən buna misal olaraq
siyasi məhbuslar üzrə məruzəçinin təyin
olunmasını göstərmək istəyirəm. Ölkələr
vardır ki, orada siyasi məhbus sözündən
danışmaq olmaz. Siyasi məhbus sözü yerinə
"azadlıqdan məhrum olmuş insanlar" ifadəsi
işlədilir və bu məsələdə qərəzçiliyin
olmaması müşahidə edilir. Bu isə
özlüyündə görülmüş işlərin
legitimliyini şübhə altına alır.
Azərbaycana gəldikdə,
bu cür hallar, nədənsə, tez-tez yada düşür.
Bu dəfə isə Azərbaycanda Qeyri-Hökumət Təşkilatları
haqqında qanuna dəyişiliklər danışıq
mövzusuna çevrilmişdir. Xatırladım ki, ölkəmizdə
bu barədə hər hansı qanun qəbul edilməmişdir
və bütün bunlar AŞ PA-da Azərbaycanı istəməyənlər
tərəfindən uydurulmuş şayiələrdir. Bu isə,
öz növbəsində AŞ PA ilə Azərbaycan
arasında formalaşmış yüksək əlaqələrə
ciddi ziyan vurmaq məqsədi daşıyır. Fikrimcə,
demokratiyadan danışanda mövqeləri nəzərə
almaq lazımdır. AŞ PA daxilində bütün vəzifələr
də rotasiya prinsiplərinə cavab verməlidir. AŞ PA sədri,
komitə sədrləri müəyyən müddətə seçildikləri
halda, nədənsə, məruzəçilər uzun müddətə
bu vəzifəni tuturlar. Biz bir növ onların girovlarına
çevrilmişik. Bu məruzəçilər yaxşı əlaqələri
olan ölkələrə dair müsbət hesabatlar
hazırlayırlar. Əks halda, çox tənqidi və
tamamilə fərqli yanaşma olan hesabatlarla üzləşirik.
Avropa
Şurasının özündə problemlər
yaranmışdır. Vəziyyət elə şəkil
almışdır ki, baş katibi seçmək mümkün
olmur.
Böyük Britaniyadan
olan deputat Maykl Hənkok AŞPA-nın mövqeyini kəskin tənqid
edərək demişdir ki, təşkilat hər hansı məsələnin
müzakirəsində ikili standartlara yol verməməlidir. Təşkilata
qarşı monitorinq aparmağa dair fikirlər səsləndirən
deputat qurumun heç bir şey etmədiyini, boş
danışıq mənbəyi olduğunu, bunu baş katibin
seçki prosesində özünü büruzə verdiyini
bildirmiş, insan hüquqlarını pozan, demokratik dəyərlərə
hörmət etməyən ölkələrə eyni
yanaşmanı pisləmiş, ikili standartlara yol verilməsinin
ciddi fəsadlar doğurduğunu bildirmişdir.
Məruzənin qərəzli
məqamlarla zəngin olduğunu vurğulayan M.Hənkok
hesabatın 8-ci bəndində Ermənistandakı vəziyyətlə
bağlı "siyasi müxalifət" termini işlədilməsinə
qəti etirazını ifadə edərək, onun yerinə nə
üçün "siyasi məhbus" işlədilməməsini
məruzəçiyə ciddi irad tutmuşdur. Ermənistanda
mart hadisələrində tutulanlar siyasi əqidələrinə
görə həbs edilmişlər. Amma məruzənin 10-cu bəndində,
nədənsə, Azəbycanda siyasi məhbuslardan
danışılır və AŞ PA Azərbaycanda "siyasi
məhbus" məsələsinin
araşdırılmasını tələb edir. Belə məqamlara
Türkiyəyə aid olan hissədə də rast gəlinir.
Sonda M.Hənkok
bildirmişdir ki, hesabatı hazırlamış məruzəçilər
vəziyyətlə bağlı aydın fikirlərə malik
deyillər. Hətta Monitorinq Komitəsinin elə üzvləri
vardır ki, ölkəsi monitorinq altında deyilsə, orada
iştirak etməkdən boyun qaçırır.
Sessiyada "Avropanın
unudulmuş insanları: yaşayış yerini uzun müddətə
dəyişmiş şəxslərin hüquqlarının
müdafiəsi" mövzusunda məruzə dinlənilmişdir.
Böyük britaniyalı deputat Con Qrenveynin
hazırladığı məruzədə və BMT baş
katibinin öz ölkələrində yerlərini dəyişmiş
şəxslərin insan hüquqları üzrə xüsusi
nümayəndəsinin çıxışında
münaqişələr nəticəsində doğma
ocaqlarını zor gücünə tərk etmiş insanlar
barədə müxtəlif təşkilatların qəbul
etdikləri qərarlara baxmayaraq, onların problemlərinin bu
günədək həll edilmədiyi, belə şəxslərin
ağır şəraitdə yaşadıqları, hətta
seçmək və seçilmək hüququndan məhrum
olduqları, etnik təmizləmə məqsədi
daşıyan münaqişələrdən daha çox
yaşlıların, qadın və uşaqların əziyyət
çəkdikləri xatırladılmışdır.
Unudulmuş, doğma ocaqlarından didərgin
düşmüş bu insanların öz yerlərinə
qayıtmaları üçün BMT və Avropa
Şurasının birgə səy göstərmələrinin
vacibliyi istər məruzədə, istərsə də
çıxışlarda öz əksini tapmışdır.
Müzakirələrdə
iştirak edən Azərbaycan nümayəndə heyətinin
üzvü Gültəkin Hacıbəyli məruzə ilə
yaxından tanış olduğunu vurğulamış, məcburi
köçkünlərlə qaçqınlar
arasındakı fərqi ayıra bilməməsini, məruzədə
erməni qaçqınlardan daha çox
danışmasını məruzəçiyə irad
tutmuş, hesabatda əslində məsburi köçkünlərdən
bəhs edildiyini ona xatırlatmışdır.
Deputat bildirmişdir ki, əgər
C.Qrinveyn hazırladığı məruzədə
qaçqın problemini bütünlüklə əks etdirmək
istəmişdirsə, nə üçün Ermənistandan
qaçqın düşmüş 300 min azərbaycanlının
və Özbəkistanın Fərqanə vilayətindən
zorla qovulmuş 50 min məshəti türklərinin taleyindən
söz açmamışdır? Digər tərəfdən,
məruzəçi qaçqın düşmüş azərbaycanlıların
taleyinə biganəliklə yanaşmış və
onların barəsində, nədənsə, susmağı qərara
almışdır. Amma hesabatında başqa ölkələrdəki
qaçqınlar haqqında bir neçə dəfə
söz açmışdır.
Hesabatda qeyd olunur ki, ermənilər
münaqişə zəminində qaçqın
düşmüşlər. Bəs Ermənistanda etnik təmizləmə
qurbanı olan 300 min azərbaycanlı qaçqının
taleyi niyə unudulur? Bundan əlavə, məruzə müəllifi
hətta Ermənistanın işğalı nəticəsində
məcburi köçkün düşmüş 700 min azərbaycanlının
zorla doğma yurd-yuvalarından
çıxarılmasını belə "unutmuşdur".
Buna görə də belə təsəvvür yaranır ki,
azərbaycanlılar ermənilərdən fərqli olaraq
öz xoşları ilə qaçqın və məcburi
köçkünə çevrilmişlər.
Bundan başqa, məruzədə
guya Azərbaycan Hərbi Hava Qüvvələrinin
bombardmanı nəticəsində 70 min erməninin məcburi
köçkünə çevrildiyi göstərilmişdir.
Digər tərəfdən isə məruzədən belə
fikir yaranır ki, guya hərbi əməliyyatlar Ermənistan ərazisində
aparılmış, bombardmanlar zamanı çoxlu sayda erməninin
evi dağıdılmışdır. Halbuki hamıya
aydındır ki, Ermənistan heç zaman işğala məruz
qalmamış və onun ərazilərində heç vaxt hərbi
əməliyyatlar getməmişdir. Əksinə,
işğala məruz qalan Azərbaycan olmuşdur.
Görünür, Azərbaycana qərəzli yanaşmanın
nəticəsidir ki, Ermənistan silahlı qüvvələrinin
ölkəmizin şəhər və kəndlərini, qəsəbələrini
yerlə-yeksan etməsi, evləri yandırması faktı yenə
unudulmuşdur.
Belə müəmmaların
nümayəndə heyətimiz tərəfindən dəfələrlə
qeyd edildiyini xatırladan deputat sonda demişdir: Biz Avropa
Şurasında xalqımızın faciəsinə belə qərəzli,
ədalətsiz və alçaldıcı münasibətdən
artıq yorulmuşuq.
Azərbaycan.- 2009.- 28 iyun.- S. 5.