Səhrada ağ şəhər - Aşqabad

 

Bakıdan Türkmənistanın paytaxtı Aşqabada təyyarə ilə təxminən saat yarımlıq yoldur. Onun da 30-35 dəqiqəsi təyyarənin qalxıb-düşməsinə sərf olunur. Bu hesabla iki paytaxt arasındakı hava yolunun uzunluğu 800-900 kilometr ola, ya olmaya... Göründüyü kimi, məsafə baxımından uzaq yol deyil. Azərbaycanla Türkmənistanı elə qonşu ölkələr də hesab etmək mümkündür. Arada Xəzər dənizidir. Bizi birləşdirən və ayıran Xəzər...

Bəlkə hamıya məlum bu coğrafiyaya ehtiyac yoxdur. Nə qədər olmasa, uzun illər eyni ölkənin tərkibində yaşamışıq, soykökümüz qohum sayılır, tam anlaşıqlı olmasa da, bir dildə danışırıq, adət-ənənələrimizdə oxşarlıq az deyil. Bir sözlə, bizi ayıran məqamlardan birləşdirən cəhətlər daha çoxdur. Daha doğrusu, çox idi. Çünki SSRİ süqut etdikdən və ittifaqa daxil olan keçmiş respublikalar müstəqilliklərini elan etdikdən sonra dünyanın siyasi xəritəsinə təzə düşən bu dövlətlərin hərəsi öz yeni tarixini özünəməxsus şəkildə yazmağa başladı, inkişaf istiqamətləri müxtəlifləşdi, ortaq nə var idisə, ya bölündü, ya məhv edildi, ya da uğrunda indinin özündə mübarizə aparılır. Odur ki, Azərbaycandan saat yarımlıq məsafədə yerləşən Aşqabadın paytaxtı olduğu ölkə ilə bizim indi oxşarlığımız az qalıb. Qalanlar da əsasən Şərq mentalitetindən irəli gələnlərdir. Baxmayaraq ki, Aşqabadı bu gün ən azı təmizliyinə görə Avropanın nümunəvi şəhəri ilə müqayisə etmək olar. O Aşqabadı ki, keçmiş SSRİ dövründən ona bakılılara yaxşı tanış olan "xruşşovka"lardan və o dövr üçün babat sayılan bir neçə inzibati binadan savayı heç nə qalmamışdı.

İndi isə Türkmənistanın cənubunda Kopetdağın ətəklərinə sığınmış Aşqabad səhrada ağ şəhərə bənzəyir. Özü də bu bənzətmə təkcə yuxarıda qeyd etdiyimiz kimi, şəhərin təmizliyindən (ağ rəng həmişə təmizlik rəmzi sayılıb) irəli gəlmir. Bu gün Aşqabadda bütün köhnə (onların sayı getdikcə azalır), təzə tikilən yaşayış və inzibati binaların fasadlarına ağ mərmər vurulur. Belə binalar gündüz günəşin, axamlarsa elektrik işıqlarının altında füsunkar görünür. Nəzərə alın ki, şəhərdə ağ mərmərlə örtülməyən və işıqlandırılmayan bina, demək olar ki, yoxdur və həm də təzə tikililərin sayı Bakıdakından geri qalmır. Bəlkə onda Aşqabadın gözəlliyini təsəvvür edəsiniz... Hərçənd Aşqabadı abad edən təkcə bu deyil.

Madam ki, mövzunu binalardan başladıq, onunla da davam etdirək. Aşqabadda yeni tikililərin kəmiyyət çoxluğu heç də keyfiyyətə təsir etmir. Əvvəla, Türkmənistan paytaxtı planlı şəkildə böyüyür. İstər inzibati, istərsə də yaşayış binaları şəhərin mərkəzində yox, ona yaxın ərazilərdə inşa olunur. Bir-birindən lazımi, hətta deyərdim ki, xeyli aralı tikilən bu binaların hər birinin ətrafında ağaclar əkilir, istirahət yerləri salınır. 12-14 mərtəbəli təkbloklu və arxitektura cəhətdən göz oxşayan, sütunlu binalar yerləşdiyi əraziyə tarixilik və müasirlik gətirir. Hamısının da başında Türkmənistanın dövlət bayrağı dalğalanır. Bakıda barmaqla sayılan qədər az olan bu cür binalara "elitni" ev deyirlər. Aşqabadda isə yeni yaşayış binalarını yəqin ki, başqa cür təsəvvür etmirlər. Axı, bir ətək pul verib aldığın mənzil ayrı necə ola bilər?! Düzdür, əsasən alman, fransız və türklərin tikdiyi bu binalarda sıravi Türkmənistan vətəndaşının mənzil almaq üçün maddi imkanı bir o qədər çox deyil. Amma daimi iş yeri və sabit qazancı olan üçün bu istək o qədər də əlçatmaz sayılmır. Çünki ölkədəki banklardan aşağı faizlə uzun müddətə kredit götürüb yaşayış şəraitini yaxşılaşdırmaq mümkündür. Özü də bu zaman nə təmir dərdi var, nə də qaz, işıq, su, lift və digər kommunal xidmətlər problemi. Onu da deyək ki, Türkmənistanda, o cümlədən Aşqabadda bütün sahələrə olduğu kimi, tikinti sektoruna da güclü dövlət nəzarəti var və ümumiyyətlə, inşa olunan inzibati, eləcə də yaşayış binaları dövlət sifarişi ilə tikilir, yəni, bu işdə pərakəndəlik yoxdur. Bu gün Aşqabadda elə bir nazirlik, komitə, elm, təhsil, mədəniyyət, incəsənət və başqa qurumlar yoxdur ki, müasir inzibati binası olmasın. Hətta bu binalar elə möhtəşəmdir ki, bəzən adam onun təyinatı ilə görkəminin üst-üstə düşmədiyi qənaətinə gəlir.

Məsələn, Türkmənistan Dövlət Kukla Teatrı kimi. Bu teatrın binasına sinəsinə döyən hər hansı mədəniyyət ocağı həsəd apara bilər. Hamısının da ətrafında yaşıllıq, qabağında fəvvarə.
Fəvvarədən söz düşmüşkən, Aşqabadı həm də fəvvarələr şəhəri adlandırmaq olar. Fəvvarələr Türkmənistan paytaxtına təyyarə ilə gələnlərin diqqətini elə aeroportdan 1-2 kilometr aralanmamış cəlb edir. Çünki qarşıya çıxan ilk fəvvarədən görmək olur ki, Aşqabadda bu işə təkcə şəhərə yaraşıq verən, insana dinclik gətirən su və hovuzun kompozisiyası kimi yox, həm də arxitektura əsəri kimi yanaşırlar. Səhrada yerləşən Türkmənistan paytaxtında fəvvarələrə hər yerdə rast gəlinir - küçə və meydanlarda, park və xiyabanlarda, müxtəlif təyinatlı binaların qarşısında və hətta içərilərində. Hamısı da gecə-gündüz işləyir, qrafiksiz-filansız. Sadəcə, şəhərin gözəlliyi və əhalinin istirahəti üçün.

Aşqabadda diqqəti çəkən məqamlardan biri də küçə və prospektlərin genişliyidir. Hətta küçələr o qədər genişdir ki, onun bir tərəfindən digərinə keçmək üçün xeyli vaxt lazım olur. Belə genişlikdə avtomobillərin sıxlığı hiss edilmir. Üstəlik, bu küçələrdə avtomobillərin hərəkətinin intensivliyini təmin etmək üçün yolötürücüləri inşa olunub. Aşqabadın küçələrində heç bir tıxacdan söhbət gedə bilməz. Düzdür, təxminən 1 milyon əhalisi olan Türkmənistan paytaxtında meqopolislərdəki qədər avtomobillər yoxdur. Amma şəhərin yeni küçə və prospektləri elə salınıb və bu iş elə davam etdirilir ki, hətta gələcəkdə Aşqabadın tıxac problemi ilə qarşılaşacağına inanmaq çətindir. Bunu şəhərin ərazisinin geniş olması ilə də izah etmək olar. Çünki Aşqabadın yeni yaşayış və inzibati əraziləri şəhərin köhnə mərkəzində yox, ondan kənara doğru salınır. Və bu zaman köhnə mərkəzlə yeni ərazilər bir-birindən aralı düşmür. Yəni, şəhər mərkəzdən başlayaraq hər tərəfə böyüyür və ona görə də bu gün Aşqabadda qəsəbə və mikrorayon anlayışları yoxdur. Necə deyərlər, şəhərin bütün ərazisini mərkəz adlandırmaq mümkündür. Bunun bir səbəbi də ölkənin və paytaxtın icra orqanlarının, dövlət strukturlarının, təhsil, elm, səhiyyə ocaqlarının tədricən şəhərin təzə ərazilərinə köçürülməsidir.

Bu təzə ərazilər Aşqabada müasirliklə birlikdə bir təmizlik də gətirib. Etiraf edim ki, Türkmənistan paytaxtını belə təmiz təsəvvür etməzdim. Hətta Aşqabadın kommunal işçilərinin Bakıdakı həmkarlarından yaxşı işləmələrini də ağlım kəsmirdi. Amma nahaq. Aşqabad o qədər təmizdir ki, bütün günü piyada gəz, dolan, ertəsi gün heç ayaqqabını təmizləməyə ehtiyac qalmayacaq. Çünki küçələrdə toz belə yoxdur. Səhər-axşam kommunal işçiləri küçələrdədir, yollar gündə bir neçə dəfə xüsusi maşınla yuyulur. Tikinti işləri elə aparılır ki, onun toz-torpağı, səs-küyü hiss edilmir. Əvvəla, ona görə ki, binalar boş və istifadəsiz ərazidə, küçə və səkilərdən xeyli aralı inşa olunur, ətrafı səliqə ilə hasarlanır. İkincisi də tikinti ərazisinə girib-çıxan avtomobillərin təmizliyinə xüsusi fikir verilir, daha doğrusu, inşaat işləri gedən ərazidən çıxan maşınların təkərləri mütləq yuyulur. Bundan əlavə, şəhərin küçə və prospektlərində hər hansı qazıntı işləri aparıldığını görmək çətindir. Yəqin bu, Aşqabadın kommunal infrastrukturunun da baş plan əsasında yaradıldığından irəli gəlir.

"XXI əsr türkmənlərin altun əsridir". Bu, indi Türkmənistanda ən çox istifadə edilən şüardır. Müəllifi ölkənin mərhum Prezidenti Saparmurad Niyazov olan bu şüara hər yerdə - binaların başında, reklam lövhələrində, çap məhsullarında rast gəlmək mümkündür. Sırf ideoloji təbliğat olan bu ifadədə iki məqam var. Biri, müstəqillik illərində ölkənin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlardır. Artıq neçə ildir Türkmənistanda ümumi daxili məhsul istehsalının artımı 10 faizdən aşağı düşmür. Ölkənin milli valyutası olan manatın kursu (hazırda 2,80 manat 1 dollara bərabərdir. Yeri gəlmişkən, Türkmənistanda da bizdəki kimi manat denominasiya edildiyinə baxmayaraq, əhali hələ də hesablaşma zamanı danışıqda köhnə puldan istifadə edir) sabitdir. Təkcə bu il Türkmənistanın iqtisadiyyatına 10 milyard dollardan çox investisiya qoyulması planlaşdırılıb. Bu ölkədə əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün kəndlərin, kiçik şəhərlərin və ətrap (rayon) mərkəzlərinin (491,2 min kvadratkilometr ərazisinin təxminən 80 faizi səhradan ibarət olan Türkmənistanda 5 vilayət - Ahal, Balkan, Lebap, Mari və Daşoğuz var. Bu vilayətlərin də hər biri ətraplara bölünüb. Bütövlükdə ölkədə 6 milyondan çox əhali yaşayır) inkişafı ilə bağlı 2020-ci iləcən olan dövrü əhatə edən dövlət proqramı qəbul olunub və hazırda o, uğurla həyata keçirilir. Dövlət və xüsusi mülkiyyət formasına əsaslanan Türkmənistan sənayesi neft-qaz hasilatı, neft və metal emalı, kimya və neft-kimya, elektroenergetika, maşınqayırma, tikinti materialları, yüngül və yeyinti məhsulları istehsalı sahələri üzərində qurulub. Bu sahələr ölkədə ÜDM istehsalının üçdə birindən çoxunu təşkil edir.

Bu yerdə bir məsələni qeyd etmək yerinə düşər. Aşqabadın mərkəzində böyük ticarət mərkəzi var. Mərkəzdə yalnız yerli tekstil malları satılır. Hər tekstil şirkətinə ayrıca mağaza (şöbə də demək olar) verilib. Maraqlı burasıdır ki, həmin mağazalarda satılan tekstil türkmən pambığının son məhsuludur. Yəni, Türkmənistan yalnız pambıq yetişdirib mahlıc satmır. Onu son məhsula çevirib öz vətəndaşına təklif edir. Analoji xarici mallardan qiyməti ucuz, keyfiyyəti yaxşı. Üstəlik, bu, ölkədə yüngül sənayenin dirçəldilməsi və inkişafı, eləcə də vilayət və ətrap mərkəzlərində yeni iş yerləri deməkdir.

Ümumiyyətlə, Türkmənistan nümunələrindən çox misal gətirmək olar. Amma onlardan təəccübləndirici olan ölkə əhalisinin təbii qaz, elektrik enerjisi, su, benzin (minik avtomobilləri olan hər yerli vətəndaşa ayda 120, yük maşını olana 200 litr pulsuz yanacaq verilir. Ölkədə benzinin qiyməti isə bizim pulla litri təxminən 20 qəpikdir) və bir sıra ilkin tələbat mallarından havayı istifadə etməsidir. Düzdür, Türkmənistanda orta aylıq əməkhaqqı və əhalinin pul gəlirləri bir o qədər yüksək deyil. Amma hər halda, bu addımın bazar iqtisadiyyatı qanunlarına zildd olsa belə, əhalinin sosial müdafiəsinə xidmət etdiyini danmaq olmaz. Bundan əlavə, ölkədə enerjidaşıyıcılarının ucuz və pulsuz olması yerli istehsal məhsullarının qiymətlərinə də təsir edir. Bu gün Türkmənistanda yerli kənd təsərrüfatı, ərzaq və sənaye malları, həmçinin nəqliyyat digər ölkələrdəkindən 2-3 qat ucuzdur.

Yəqin elə həm də bu səbəbdən Türkmənistana gediş-gəliş viza rejimi ilədir. Yəni, kiminsə rahatca bura gələrək ucuz malları alıb aparıb alver etmək imkanı yoxdur. Dövlət öz vətəndaşına havayı verdiyi məhsullara ciddi nəzarət etməyi də bacarır. Həm inzibati, həm də iqtisadi üsullarla. Məsələn, bir neçə il bundan əvvələcən benzin çox ucuz olduğundan müxtəlif üsullarla qonşu ölkələrə daşınırdı. Məhz bunun qarşısını almaq üçün benzin bahalaşdırıldı. Yerli əhalinin maraqlarını qorumaq üçünsə, yuxarıda qeyd etdiyimiz kimi, limitlə pulsuz benzin verilməsinə başlandı. Və yəqin ki, bu (yəni, sovet dövründən qalma "yardım" prinsipi), habelə müşahidə edə bilmədiyim, öyrənməyə macal tapmadığım amillər XXI əsrin türkmənlər üçün altun əsr olmasının əsas məqamlarıdır. Digər məqam isə türkmənlərin, bütün Şərq xalqları kimi, qızılı (altunu) çox sevməsidir. Yoxsa, qazandıqları uğurlar, qurub yaratdıqları dövrü ona bənzətməzdilər ki...

Baxmayaraq ki, bu imkanlılıq yerli əhalinin əyin-başında, sürdüyü avtomobillərin markalarında bir o qədər hiss olunmur. Bu, bir tərəfdən əhalinin qazancı ilə bağlıdırsa, başqa tərəfdən, türkmənlərin öz adət-ənənələrinə sadiqlikləri ilə əlaqədardır. Aşqabadda yaşından və sosial mənşəyindən asılı olmayaraq əksər xanımlar uzun don geyinir, milli bəzək əşyalarından istifadə edirlər. Hətta yerli rus (Aşqabadda rusların sayı az deyil. Müstəqilliyin ilk illərində onlar Rusiyaya köçməyə başlasalar da, sonradan bu proses dayanıb. Ümumiyyətlə, bu gün Türkmənistandan iş dalınca xarici ölkələrə gedənlərin sayı çox azdır) xanımları da türkmənlərin milli geyimlərindən həvəslə istifadə edirlər. Şalvarı müasirlik hesab edib geyinən qızlar isə əsasən mağaza və ticarət mərkəzlərində işləyən satıcılardır. Yeri gəlmişkən, Türkmənistan paytaxtında ticarət obyektləri bizdəki qədər çox deyil. Şəhərdə hər binanın altında və zirzəmisində market, internet-klub və s. təyinatlı obyektlər yoxdur. "Küçə ticarəti"ndən danışmağa dəyməz. O ki qaldı avtomobillərin markalarına, Aşqabadda bahalı maşınlar azdır. Olanlar əsasən xidməti avtomobilləridir. Sıravi aşqabadlılar adətən Almaniya, Yaponiya, Koreya istehsalı olan köhnə avtomobillərdən istifadə edirlər. Şəhərin küçələrində müştəri axtaran taksi görmək çətindir, o yalnız çağırışa gəlir. Şəxsi avtomobilləri ilə əhaliyə xidmət edən sürücü tapmaqsa problem deyil. Amma onların maşınlarında buna dəlalət edən heç nə yoxdur və belə sürücülərdən heç bir rüsum alınmır. Səbəbini bilsəm də, kimsənin dilindən eşidə bilmədim. Ümumiyyətlə, yerli əhali azdanışan təsiri bağışlayır. Bu ya onların az məlumatlı olduqlarından, ya da gəlmələrə ehtiyatlı münasibətlərindən irəli gəlir. Hər halda, türkmənlər də susmağı çox sevdikləri qızıla bənzədirlər. XXI əsri özləri üçün hesab etdikləri qızıla.

 

 

R.MƏMMƏDOV

 

Azərbaycan.- 2009.-28 iyun.- S. 6.