SETA Vəqfi İstanbulda
Türkiyə-Azərbaycan
əlaqələrinə dair
müzakirələr keçirir
İstanbuda Türkiyənin
Siyasət, İqtisadiyyat və Cəmiyyət
Araşdırmaları Vəqfinin (SETA) təşkilatçılığı
ilə Türkiyə-Azərbaycan əlaqələrinə dair
konfrans keçirilir.
Milli Məclisin İnsan
hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova,
SETA vəqfinin baş əlaqələndiricisi Taha Özhan və
Türkiyə Nazirlər Kabinetinin baş məsləhətçisi
Savaş Barkçın açılış nitqlərində
bildirmişlər ki, tədbirin məqsədi Cənubi Qafqazda
baş verən son proseslər fonunda Türkiyə ilə Azərbaycan
arasında əməkdaşlığın perspektivlərini
müzakirə etməkdir.
Savaş Barkçın
demişdir ki, "bir millət, iki dövlət" olan
Türkiyə və Azərbaycanın birliyi əbədidir. Təsadüfi
deyildir ki, türk iş adamlarının Azərbaycana
qoyduqları sərmayənin məbləği 6 milyard dollara
çatmışdır. Türkiyədən Azərbaycana ildə
12 min yük maşını müxtəlif mallar
daşıyır. İki ölkənin birlikdə həyata
keçirdiyi nəhəng enerji və kommunikasiya layihələri
bölgə və dünya üçün çox önəmlidir.
Rəbiyyət Aslanova da
Türkiyə-Azərbaycan əlaqələrinin böyük
siyasi gələcəyi olduğunu bildirmiş, bu
qardaşlıq əlaqələrinin daha da güclənməsində
ziyalıların üzərinə böyük vəzifə
düşdüyünü qeyd etmişdir. Bu cür yaxın əlaqələrin
200 milyonluq türk dünyası ilə qurulmasının da zəruri
olduğunu vurğulayan komitə sədri, digər türk
dövlətləri ilə də belə müzakirələrin
keçirilməsinin faydalı olacağını demişdir.
Azərbaycan nümayəndələri
- Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri
Elxan Nuriyev, AMEA-nın İqtisad İnstitutunun direktoru İsa Əliyev,
siyasi icmalçı Vəfa Quluzadə, Azərbaycan Dövlət
İqtisad Universitetinin müəllimi Zahid Məmmədov
müzakirələrdə iştirak edirlər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2009.- 28 iyun.- S. 6.