Qafqazın Kabalevskisi

 

"Dünyada elə insanlar var ki, onlar gördükləri işlərə, elmi axtarışlara, yaradıcılıqlarına görə təkcə bir xalqa, bir ölkəyə, bir məmləkətə məxsus olmurlar. Bu insanlar öz yaradıcılıqları ilə anadan olduğu məmləkəti, ölkəni, məxsus olduğu xalqı dünya miqyasına çıxara bilirlər. Belə insanlardan biri də bəstəkar Oqtay Rəcəbovdur". Bu sözlər böyük Azərbaycan bəstəkarı Tofiq Quliyevin "Oqtay Rəcəbov Azərbaycanın Kabalevskisidir" adlı məqaləsindən götürülmüşdür. Həmin məqalənin sonunda isə Tofiq Quliyev belə yazırdı:

"Oqtay Rəcəbov təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın Kabalevskisidir. Onu təkcə Qafqaz üçün deyil, bütün Şərq aləmi üçün qorumaq lazımdır!"

Tanınmış Azərbaycan bəstəkarı, professor Oqtay Rəcəbovun həyat və yaradıcılığını nəzərdən keçirərkən böyük ustadın, musiqi xadiminin uzaqgörənliklə dediyi həmin sözlərin məna dəyərini daha aydın hiss edirsən. Bəstəkar, alim, musiqi pedaqoqu kimi tanınan və hər istiqamətdə geniş yaradıcılıq fəaliyyəti ilə diqqəti cəlb edən O.Rəcəbov parlaq istedad sahiblərindəndir.

O, həmişə öndə gedən, nümunə göstərilən bəstəkarlardandır. "Anam Azərbaycanım" (sözləri Adil Babayevindir), "Nəğmələr" (sözləri Bəxtiyar Vahabzadənindir), "Necə unudum səni?" (sözləri Zivər Ağayevanındır), "Zəfəran" (sözləri Nüsrət Kəsəmənlinindir), "Daha nə istəyirsən? (sözləri Famil Mehdinindir) və digər onlarca mahnı bəstəkarın fitri istedadının parlaq nümayişinə çevrilmişdir. Bu mahnılar görkəmli sənətkarlarımız Zeynəb Xanlarovanın, Şövkət Ələkbərovanın, Mirzə Babayevin, Flora Kərimovanın, İlhamə Quliyevanın, Yalçın Rzazadənin ifasında populyarlaşaraq dinləyicilərin, tamaşaçıların zövqünü oxşamışdır.

Oqtay Rəcəbov bir bəstəkar kimi yaradıcılığa başladığı anlardan irihəcmli vokal və instrumental əsərləri də qələmə almışdır.

Bəstəkar uşaqlar, məktəblilər üçün yazdığı əsərlərin təlim-tərbiyə prosesinə, tətbiqinə çalışmış, apardığı eksperimentlər və tərtib etdiyi "Musiqi" dərslikləri vasitəsilə məqsədinə nail olmuşdur. Bu istiqamətdə görkəmli rus bəstəkarı, akademik, Sosialist Əməyi Qəhrəmanı D.Kabalevski ilə olan yaradıcılıq ünsiyyəti, əməkdaşlığı xüsusi qeyd edilməlidir.

Oqtay Rəcəbov D.Kabalevski məktəbinin ənənələrini ləyaqətlə davam etdirən mahir bəstəkar, musiqi pedaqoqudur. O, böyüməkdə olan nəslin musiqi-estetik tərbiyəsi naminə öz ideyalarını həyata keçirmək üçün ən əlverişli vasitə və yollardan, müxtəlif kanallardan istifadə etməyə çalışmışdır.

Bəstəkarın təşəbbüsü ilə yaradılan və 1978-1992-ci illər ərzində Azərbaycan televiziyası ilə yayımlanan "Məktəblilərin musiqi klubu"nun hər məşğələsi yadda qalmış, estetik tərbiyə üzrə bir sıra nəzəri-təcrübi məsələlərin həllinə əhəmiyyətli təsir göstərmişdir.

Onun 1975-1985-ci illərdə respublika miqyasında musiqi təlimi ilə əlaqədar apardığı eksperimentlərin nəticəsi yüksək qiymətləndirildi. 1985-ci ildə ümumtəhsil məktəblərimiz üçün yeni "Musiqi" proqramı hazırlandı. Bu proqram müxtəlif illərdə təkmilləşərək hazırda da öz dəyərini itirməmişdir. Daim axtarışda olan bəstəkar-pedaqoq 1992-2001-ci illərdə Almaniyanın Bonn şəhərindəki K.Orf adına Uşaq İncəsənət Gimnaziyasından, habelə Vilnüsdəki Çürlöniş adına Uşaq İncəsənət Gimnaziyasından sonra üçüncü sayılan Respublika İncəsənət Gimnaziyasını yaratmışdır. 1992-2001-ci illərdə gimnaziyanın 45 şagirdi beynəlxalq müsabiqələrin laureatları, diplomantları adına laiq görülmüşdür.

Oqtay Rəcəbovun Respublika İncəsənət Gimnaziyasında işlədiyi dövrdə ölkəmizdə ilk dəfə olaraq uşaqlar üçün Opera studiyası və kinostudiya yaradılmışdır. Həmin studiyalarda uşaqlar, məktəblilər opera və operetta janrında olan əsərlərdə aktyor, rejissor, operator kimi çıxış edərək qısametrajlı filmlər çəkmişlər. 1996-2008-ci illərdə bilavasitə onun rəhbərliyi ilə yaranan, ümumtəhsil və musiqi məktəbləri üçün nəşr olunan 16 adda "Musiqi", "Musiqi ədəbiyyatı" dərsliyi, "Fortepianoda çalmaq üçün müntəxəbat", "Elementar musiqi nəzəriyyəsi" tədris vəsaitləri çap olunmuşdur. Həmin dərsliklər və tədris vəsaitləri balalarımızın musiqi-estetik tərbiyəsi işinin ahəngdar şəkildə davam etməsinə istiqamətlənmişdir.

Oqtay Rəcəbov bəstəkarlıqla musiqi pedaqoqu peşələrinin sintezini yaratmaq sahəsində də özünəməxsus dəst-xətti ilə seçilir. 1975-ci ildən bu yana yaratdığı əsərlər mövzu, janr əsasına görə çox böyük maraq doğurur, mühüm əhəmiyyət kəsb edir. Onun 400-dən çox mahnısı müğənnilər, uşaq xor kollektivləri tərəfindən ifa olunmuşdur. Bəstəkar 17 filmə musiqi bəstələmiş, 5 simfoniya, üç opera, iki oratoriya, kantata, instrumental konsertlər, mürəkkəb xor əsərləri (kapella üçün), fortepiano, kamança və skripka alətləri üçün sonatina, sonata, pyeslər, Musiqili Komediya Teatrı üçün 2 operetta yazmışdır. Onun musiqi yaradıcılığına diqqət yetirdikdə məlum olur ki, bəstəkar balet janrı istisna olmaqla, musiqinin müxtəlif janrlarında qələmini sınamış və həmişə, hər yerdə uğur qazanmışdır.

Elmi-tədqiqat işləri O.Rəcəbovun yaradıcılığında xüsusi bir sahəni təşkil edir. Ümumtəhsil məktəblərində apardığı tədqiqatlar nəticəsində o, 1984-cü ildə Moskva şəhərində namizədlik, 1992-ci ildə isə Bakıda doktorluq dissertasiyalarını müdafiə etmiş, eyni zamanda professor adına layiq görülmüşdür.

Məktəblilərin musiqi-estetik tərbiyəsi sahəsində böyük işə, səmərəli pedaqoji fəaliyyətinə görə onun 1982-ci ildə respublika Lenin Komsomolu mükafatı laureatı, 1987-ci ildə isə əməkdar müəllim fəxri adına layiq görülməsi də uğurlu axtarışların nəticəsi kimi qiymətləndirilməlidir.

Daim yaradıcılıq axtarışında olan bəstəkar Oqtay Rəcəbov bu yaxınlarda Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Bu da fərəh doğuran nailiyyətdir. Həyatı, fəaliyyəti zəhmətlə yoğrulan bəstəkara uzun ömür, möhkəm cansağlığı, daha böyük uğurlar arzulayırıq.

 

 

Vidadi XƏLİLOV,

pedaqoji elmlər doktoru,

professor, əməkdar müəllim

 

Azərbaycan.- 2009.- 28 iyun.- S. 7.