Azərbaycan-özbək ədəbi əlaqələrində yeni epoxa

 

Əvvəlcə özbək mətbuatından, sonra isə "Azərbaycan-özbək (cığatay) ədəbi əlaqələri (dövrlər, simalar, janrlar, təmayüllər)" adlı monoqrafiyası ilə tanıdığım Almaz Ülvi imzası diqqətimi çoxdan cəlb etmişdi. Çünki illərdən bəri çox yaxından əməkdaşlıq və dostluq etdiyim akademik Həmid Araslıdan, Xəlil Rza Ulutürkdən, Pənah Xəlilovdan, Azad Nəbiyevdən, Cənnət Nağıyevdən sonra onun böyük cəsarətlə elm aləminə gəlməsi məndə qürur doğurmuşdu. XXI əsrin ilk onilliyində iki qardaş xalqın arasında yeni bir epoxanın başlandığına və bu əməkdaşlığın möhkəm bünövrə üzərində qurulmasına inandım.

Nəhayət, Almaz Ülvini 2008-ci ilin noyabrında Daşkənddə keçirilən "Maqsud Şeyxzadə-100" yubiley tədbirlərində gördüm. O, "Maqsud Şeyxzadə şəxsiyyəti və irsi ədəbi əlaqələr müstəvisində" adlı elmi məruzəsi ilə ilk gündən hamının diqqətini çəkdi və istedadı, işlədiyi mövzuya dərin bağlılığı ilə bizim elm adamlarının rəğbətini qazandı. Daha sonra ikinci bir kitabı - öz məqalələri də daxil olmaqla tərtib etdiyi "Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında" elmi toplusu ilə bağlı Daşkəndə dəvət olunmuşdu. Özbəkistan ziyalılarının, elm və sənət xadimlərinin, xarici ölkə diplomatlarının iştirak etdiyi böyük təqdimat məclisində də gözəl və elmi sanbalı ilə çox tez yaddaşlara yazılan məruzə etdi.

Bütün bunlarla yanaşı, Almaz Ülvinin "XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı" əsəri ilə tanış oldum... Əvvəlcə qeyd edim ki, bu əsər çox maraqlı, əhatəli bir struktur üzərində yazılıb. Demək olar ki, bu əsərdə gözlədiyim bütün məqamlara toxunulub. Müəllif olduqca zəngin materiallar toplayıb və hamısından da səmərəli istifadə edib. Burada böyük bir elmi epoxa ilə rastlaşdım.

Əsərin yeni ruhu, yeni yazı tərzi, sadə və oxunaqlı elmi dili, elmi-nəzəri baxışı diqqətimi xüsusilə çəkdi. Topladığı bu qədər zəngin və dəyərli materialları beş bölmədə qruplaşdırması, onu uyğun yarımbölmələr daxilində sahmanlaşdırması qabiliyyət və gərgin əmək tələb edir. Məsuliyyətlə deyə bilərəm ki, müəllif işinin öhdəsindən layiqincə gəlmişdir.

Birinci fəsildə tədqiqata cəlb etdiyi materiallar içərisində "Folklor dünyasının cığatay (özbək) fəsli və Azərbaycan ədəbiyyatşünaslığı" yarımbölməsinə nəzər yetirdim və müəllifin qənaəti ilə razılaşmamaq mümkün deyil. İki xalqın folklor nümunələri arasındakı oxşar süjetlər və buna bənzər motivlər ədəbi əlaqə və ədəbi təsir amilindən daha çox onların ikisinin də eyni kökə, eyni ənənələrə, eyni ruh və dil birliyinə, bir sözlə, ümumtürk mənşəyinə bağlı olduğu elmi faktlarla tədqiq edilmişdir. Nəvai dühasının yalnız Azərbaycan ədəbiyyatına deyil, eyni zamanda Azərbaycan ədəbiyyatşünaslığına güclü təsirini açıqlaması çox maraqlıdır. Nəvaişünas alim kimi bu məqamlar məni çox razı salmışdır.

Təqdim etdiyim bu məqalədə bütün fəsilləri bir-bir açıqlamaq, saf-çürük etmək istəmirəm. Böyük səhifələrə yerləşəsi müsbət fikir və düşüncələrim var. Sadəcə, Almaz Ülvinin bu əsərindəki elmi yeniliklərdən bəzilərini nəzərə çatdırmaq və müəllifin fikirlərini dəstəkləmək istəyirəm.

Özbək klassiklərinin yaradıcılığı kontekstində 600 illik dövrü əhatə edən cığatay (özbək) ədəbiyyatının ədəbi dövrlər, ədəbi simalar, ədəbi janrlar, ədəbi təmayüllər kimi nəzəri əsaslar müstəvisində tədqiqi, "özbək" etnonimi ilə yanaşı, "cığatay" istilahının elmi tədqiqata gətirilməsi, istiqlal dövründə Azərbaycan-özbək ədəbi əlaqələrinin yeni münasibətlərinin üzə çıxarılması, "Molla Nəsrəddin" məktəbinin, Sabir satirasının Türküstan-özbək (cığatay) ədəbi mühitinə və "cədidçilik" məktəbinin, onun klassik nümayəndələrinin yaradıcılığına təsiri yeni baxışla, yeni yanaşma tərzi ilə tədqiq edilmişdir.

Azərbaycan ədəbiyyatşünaslarından Salman Mümtaz, Əli Nazim, Bəkir Çobanzadə, Firidun bəy Köçərli, İsmayıl Hikmət, Həmid Araslı, xüsusən Azərbaycan-özbək ədəbi əlaqələri mövzusunda elmi araşdırmalar aparan Qulamhüseyn Əliyevin, Azad Nəbiyevin, Xəlil Rza Ulutürkün, Cənnət Nağıyevanın elmi əsərlərinə nəzər salınmışdır.

Bir sözlə, özbək ədəbiyyatı və ədəbiyyatşünaslığının, xüsusilə özbək klassiklərinin Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsi məsələsi haqqında tam, müfəssəl, elmi-nəzəri baxımdan sanballı nəticə əldə edilmişdir. Almaz Ülvi işlədiyi mövzuya dair 70-dən artıq irihəcmli məqalə yazıb, müxtəlif elmi və kütləvi (daha çox elmi mənbələrdə) orqanlarda çap etdirmişdir.

Bu əsəri oxuyarkən akademik Konradın "Əlişir Nəvai və Şərq renessansı problemləri" əsərini xatırladım. Əsərdəki publisistik ruh mövzunun doğurduğu məsələlərdən irəli gəlir və əsərin elmi-nəzəri sanbalına qətiyyən xələl gətirmir.

Almaz Ülvinin gərgin əməyi, elmə bağlılığı, zəhmətsevərliyi, istedadı, xüsusən də Azərbaycan-özbək ədəbiyyatlarını, elmi-nəzəri ədəbiyyatşünaslıq məsələlərini gözəl bilməsi, özbəkdilli materiallara orijinaldan müraciəti və digər bu kimi xarakterik cəhətlər diqqətdən qaçmır.

 

 

Suyimə QƏNİYEVA,

filologiya elmləri doktoru,

Daşkənd Dövlət Şərqşünaslıq

Universitetinin Klassik Şərq

ədəbiyyatı kafedrasının professoru

 

Azərbaycan.- 2009.- 28 iyun.- S. 7.