"İncilər" sevilir

 

"Lider" telekanalının hər bazar günü saat 13.30-da tamaşaçılara təqdim etdiyi "İncilər" ədəbi proqramı mövzu baxımından aktualdır. Maraqla izlənilir, böyük təəssüratlar yaradır.

Bu proqramın müəllifi və aparıcısı xalq artisti, tarzən Zamiq Əliyevdir. İndi televiziya kanallarında səviyyəsiz, şit verilişlərin, bayağı şouların baş alıb getdiyi bir zamanda sanballı, necə deyərlər, ağır çəkili verilişlərin sayı o qədər də çox deyil. Vaxtilə televiziyaların az olduğu zaman kəsiyində muğam həvəskarları hər bazar günü saat 14.00-da radioda muğam konsertinin səslənməsini səbirsizliklə gözləyərdilər. Maraqlıdır ki, indi "İncilər"in də öz tamaşaçıları var.

Adından göründüyü kimi, verilişdə məhz Azərbaycan mədəniyyətində, musiqisində, incəsənətində seçilən, həqiqi mənada inci qiymətində olan şəxsiyyətlər proqramda çıxış edir, öz arzu və istəklərini bildirir, sənətlərini nümayiş etdirirlər. Burada kimləri görmüşük!.. Xalq artistlərindən Arif Babayevi, Habil Əliyevi, Mələkxanım Əyyubovanı, Səkinə İsmayılovanı, Mənsum İbrahimovu, Ramiz Quliyevi... Təkcə ustadlar deyil, gənc istedadlar da Zamiq Əliyevin qonağı olurlar.

Əlbəttə, "İncilər" sadəcə konsert proqramı deyil. Burada maarifçiliklə bağlı, mədəniyyət tarixi ilə əlaqədar maraqlı söhbətlər gedir. Yəni bu verilişə baxan hər kəs nəsə əxz edir, öyrənir və yüksək zövq alır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın milli musiqiyə, xalq mahnılarına, xüsusilə də Azərbaycan muğamlarına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq indi bu sahədə böyük çağlayış və inkişaf duyulmaqdadır. Dünya Azərbaycan muğamlarına heyrət edir, onun cazibəsinə düşərək öz xoş duyğularını dilə gətirir. Bu gün muğamlarımız Azərbaycan mənəviyyatının pasportuna çevrilib. Məhz bu xoş təəssüratların, ənənələrin əks-sədasını ekrana gətirən, tamaşaçıya çatdıran "İncilər" həqiqətən alqışa layiqdir.

 

 

Bəhruz NİFTƏLİYEV

 

Azərbaycan.- 2009.- 28 iyun.- S. 7.