Sarı simin ovsunu

 

Onun uşaqlığı müharibə illərinə təsadüf edib. Atası İkinci dünya müharibəsinin ilk günlərindən od-alovun içinə atılıb, geri dönməyib. Körpə Arif anasının himayəsində qalıb.

Yamən ana bütün çətinliklərə baxmayaraq, oğluna təhsil vermək üçün əlindən gələni əsirgəməyib. Birinci sinfə gedən oğlunun musiqiyə marağını nəzərə alaraq 1 nömrəli musiqi məktəbinin tar sinfinə aparıb. İlk ixtisas müəllimi, istedadlı tarzən Abbasəli Vəliyev, muğam müəllimi Həsən Babayev gənc Arifin tara, musiqiyə sonsuz məhəbbətini hiss edib, onunla ciddi məşğul olublar.

1955-ci ildə Gəncə Musiqi Texnikumuna qəbul olunan Arif daha ciddi əsərlər çalmağa, sənətin tarixini daha mükəmməl öyrənməyə başladı. İxtisas müəllimi olan əməkdar artist, istedadlı tarzən Əli Niftəliyevin dəyərli məsləhətləri Arifi daha gərgin işləməyə ruhlandırdı. Aylar, illər keçdikcə Azərbaycan milli ruhunun cövhəri sayılan muğamların sirlərinə bələd oldu. İndi o, çox incə improvizə edən yaradıcı tarzəndir. Xalq arasında çoxdan mövcud olan havalar onun ifasında təzə rənglərlə zənginləşir və ona görə də daha təravətli səslənir.

A.Hüseynov 1959-cu ildə texnikumu uğurla başa vurub Şəmkir musiqi məktəbinə təyinat alır. Elə burada işləyə-işləyə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (qiyabi) xalq musiqisi şöbəsinə qəbul olunur. Gəncəli tarzən 1966-cı ildə xalq çalğı alətləri orkestri üzrə dirijor və tar müəllimi ixtisasına yiyələnir. Artıq yarım əsrdir ki, gənc tarzənlərin yetişməsində öz sözünü deyir.

Əməyi dəfələrlə mötəbər təşkilatların fəxri fərmanlarına, diplomlarına layiq görülən, "Əməkdə fərqlənməyə görə" və "Əmək veteranı" medalları ilə təltif edilən Arif Hüseynov bir dirijor kimi neçə-neçə xalq kollektivinin yaranmasında gərgin əmək sərf etmişdir.

Bir zaman Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında fəaliyyət göstərmiş xalq çalğı alətləri ansamblının nailiyyətləri çoxlarına bəllidir. Ansamblın üzvləri keçmiş SSRİ-nin bir çox şəhərlərində - Moskvada, Sankt-Peterburqda, Ulyanovskda, Tbilisidə, Kişinyovda və neçə-neçə başqa yerdə Azərbaycan milli musiqisini tərənnüm və təbliğ ediblər. Ansambl "Oxu, tar" respublika müsabiqələrinin diplomunu, Ümumittifaq festivalının laureatı kimi qızıl medalını almışdı. Yüksək ifaçılıq tərzinə görə "Xalq kollektivi" adına layiq görülmüşdür. A.Hüseynovun əməyi ilə Gəncə Dövlət Universitetində, alüminium zavodunun "Metallurq" mədəniyyət sarayında və başqa yerlərdə fəaliyyət göstərmiş ansambllar da hər yanda tanınırdı.

Təcrübəli müəllim, istedadlı tarzən və dirijor, səmimi insan olan Arif Hüseynov sənətinə həmişə yaradıcı münasibət bəsləyir, tapşırılan işlərin öhdəsindən layiqincə gəlməyə səy göstərir. Musiqi texnikumunun ictimai həyatında fəallıq göstərir. İyirmi ildir texnikum həmkarlar təşkilatına rəhbərlik edir.

Yarım əsr bundan əvvəl sarı simin ovsununa düşən Arif müəllim bu gün də Azərbaycan musiqisinin ecazkar aləmində yaşayır və indi o, doğma kollektivin 80 illik yubileyinə hazırlaşır.

 

 

Füzuli RÜZİGAR,

Gəncə

 

Azərbaycan.- 2009.- 28 iyun.- S. 7.