Sərəncama
müvafiq olaraq Yanardağ tarixi abidəsinin qorunması əsas
məsələ kimi qarşıya qoyulmuşdur. Tədqiqatçlıar
abidənin ərazisində qədim qəbiristanlıq və
üç tərəfdə alov izləri aşkar etmişlər.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və
Etnoqrafiya İnstitutunun elmi işçisi İdris Əliyevin
fikrincə, ilk dəfə qaya
çıxıntılarının ətrafında
müşahidə aparılan zaman yanar qazın həmin ərazidən
çıxması aşkar olunmuşdur. Daha sonra geoloji proseslər
baxımından ərazidə qaz azalmış, orada qalan
ehtiyat qaz Yanardağın ətrafından çıxmağa
başlamışdır.
Tədqiqatçıların
fikrinə görə, qədim zamanlardan etibarən
Bakının rəmzi hesab olunan üç yanar alov dili və
dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən
qəbul edilmişdir. Tarixi mənbələrdə Yanardağ
yaxınlığında yaşayış məskənlərinin
olduğu da göstərilir. Yanardağın milli qoruq kimi fəaliyyət
göstərməsi respublikamızda tarixi abidələrimizə
olan dövlət qayğısından xəbər verir.
Yanardağ - Abşeronun
Məhəmmədi kəndinin qərbində, buradan 300-400 metr
aralıda yerləşir. İslam dinindən əvvəl
Yanardağ atəşpərəstlərin dini inanc, sitayiş
yeri hesab olunub. Uzaqdan bu mənzərəni seyr etdikcə
düşünürsən ki, dağın qoynunda yatan xəzinənin
açarı da yəqin elə bu dağın altında gizlənib.
Bu mənzərəni təbiətin şah əsərinə
bənzətmək olar.
Od müqəddəslik
rəmzi sayılır. Gecə-gündüz sönməyən
alov sanki ulularımızdan miras qalan ana torpağı qoruyan
igid oğullarından söhbət açır. Elə torpağı
qoruyan oğulların qeyrət timsalı da Yanardağdadır
desək, yanılmarıq. Yanardağla bağlı çoxlu əfsanə,
rəvayət mövcuddur.
Dağın arxa tərəfində
başqa bir aləm var. Bir az aralıda, yəni 200 metr cənubda
yerin altından zəif vulkan püskürür və ətrafa
lillə qarışıq su səpələyir. Həmin
vulkan suyu ilə bərabər yerdən çıxan
kükürdlü qaza alışqan yaxınlaşdıranda,
ani olaraq alovun yanmasını müşahidə etmək olar. Yerli
sakinlər deyirlər ki, həmin vulkan suyu müalicəvi əhəmiyyət
daşıyır, dəri xəstəliklərini müalicə
etmək üçün ondan istifadə olunur. Orta əsr məxəzlərində
Bakı od, alov püskürən şəhər kimi təsvir
olunur. X əsrdə ərəb coğrafiyaşünası əl-Məsuqi
yazırdı: "Bakuyadan ağ neft daşıyırlar. Burada vulkan püskürür. Bunlar yerdən çıxan od mənbələridir".
Rus alimi İ.N.Berezin isə
"Abşerona səyahət" kitabında Suraxanı kəndindən
bir qədər aralıda dağın üstündə 17 yerdə
od yandığını göstərmişdir. Ümumiyyətlə,
tarixi mənbələrdə Pirallahıda, Məhəmmədidə,
Qalada, Suraxanıda, Bayılda, Şubanı dağında və
Bakının digər ərazilərində yerin altından
qazın çıxması və ya "qara
qızıl"ın olduğu qeyd edilib. Bu gün adları
çəkilən ərazilərin bəzisində neft
buruqları salındığına görə, həmin yanar
qazlar görünməz olmuşdur. Balaxanı neft mədəni
uzaq məsafədə olduğuna görə onun
yaxınlığında yerləşən Yanardağın,
yəqin ki, bəxti gətirib.
Yanardağ abidəsi bu
günlərdə Hindistandan, Pakistandan, Almaniyadan, İngiltərədən,
Yaponiyadan, Koreyadan, Norveçdən, İsveçdən və
başqa ölkələrdən gələn turistlərin
böyük marağına səbəb olmuşdur.
Digər möcüzə
Yanardağın ən yüksək zirvəsində yerləşən
Qurd qapısı adlı mağaradır. Vaxtilə bura canavar
yuvası olduğuna görə mağaranı belə
adlandırıblar. Mağaranın divarında sənətkarlar
tərəfindən naxış salınıb. Həmin izlərə
baxanda buranın qədim insanların yaşayış məskəni
olduğu qənaətinə gəlmək olar. Yanardağın
yuxarı ərazisinin hündürlüyü 116 metrə
çatdığına görə Abşeronda ən
hündür yer hesab olunur. Bura Xəzər dənizinin səviyyəsindən
86 metr yüksəklikdədir.
Məhəmmədi kəndindəki
Yanardağda Qafqaz sıra dağlarının son nöqtələri,
Fatmayıda isə son ucu qurtarır. Bu gün Yanardağ ərazisi
bütünlüklə qorunan tarixi abidələrimiz
sırasına daxil edilib.
Təranə CƏBİYEVA,
tarix müəllimi
Azərbaycan.- 2009.- 28 iyun.- S. 7.