Heydər Əliyev Fondu
ilə tanışlıq
İsrail Prezidenti
Şimon Peres iyunun 28-də Heydər Əliyev Fondunda
olmuşdur.
Azərbaycan Prezidenti
İlham Əliyevi və İsrail Prezidenti Şimon Peresi fondun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
qarşıladı.
Ali qonağa Azərbaycan
xalqının ümummilli liderinin xatirəsinə
yaradılmış fondun məqsədləri və fəaliyyəti
barədə məlumat verildi.
Prezident İlham Əliyev
İsrail Prezidentini ulu öndərin şəxsi arxivindən
götürülmüş və onun fəaliyyətinin
ayrı-ayrı dövrlərinə aid eksponatlar və
fotoşəkillərlə tanış etdi.
Dövlətimizin
başçısı bildirdi ki, bugünkü qüdrətli
və zəngin Azərbaycan ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi yol ilə uğurla irəliləyir.
Müasir müstəqil Azərbaycanın memarı və
qurucusu Heydər Əliyev azərbaycanlıların milli
qürur və iftixar mənbəyinə çevrilmiş,
xalqımızın ümummilli lideri adını
qazanmışdır. Ulu öndərin hakimiyyətdə
olduğu dövr Azərbaycan tarixində ən şərəfli
səhifələrdən biridir. Bu gün beynəlxalq birlik tərəfindən
ölkəmizin misilsiz uğurları kimi qəbul edilən
sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz
ümummilli liderin fəaliyyətinin bəhrələridir.
İsrail Prezidenti fenomen
şəxsiyyət Heydər Əliyevin həyatının ən
müxtəlif məqamlarını əks etdirən və Azərbaycan
tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür
yaradan çoxlu sənədlərlə, dünyanın
tanınmış siyasi xadimlərinin bəxş etdikləri
hədiyyələrlə, ulu öndərə həsr
olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və
incəsənət xadimlərinin müstəqil Azərbaycan
dövlətinin qurucusu haqqında fikirləri ilə
tanış oldu, müxtəlif ölkələrin liderləri
ilə görüşlərdə çəkilmiş şəkillərə
maraqla baxdı.
Prezident Şimon Peres
fondla tanışlıqdan sonra Xatirə kitabına ürək
sözlərini yazdı. İsrail Prezidentinə hədiyyə
təqdim olundu.
Dövlət
başçıları və Mehriban xanım Əliyeva Heydər
Əliyev Fondunun fəaliyyəti haqqında filmə
baxdılar.
Ali qonaq fonddan zəngin
təəssüratla ayrıldı.
AzərTAc
Azərbaycan.- 2009.- 30 iyun.- S. 2.