Dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etmişlər

 

Prezident İlham Əliyevin çıxışı

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz bu gün bir sıra məsələlər üzrə yaxşı müzakirələr apardıq. Biz ikitərəfli əlaqələrə dair məsələləri müzakirə etdik və əminəm ki, bu səfər ikitərəfli əlaqələrimizin uğurlu inkişafında çox önəmli rol oynayacaqdır. Biz iqtisadiyyatın inkişafına dair məsələləri də müzakirə etdik.

Ölkələrimiz arasında birgə ticarət dövriyyəsinin həcmi artmaqdadır və bu rəqəm ötən il 3,6 milyard dollara bərabər olmuşdur.

Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin 2009-cu ildə də bu rəqəm civarında olacağına əminliyini vurğuladı. Kənd təsərrüfatı, səhiyyə, turizm, elm və texnologiya, kosmik sənaye sahələrində əməkdaşlıq üçün çox yaxşı perspektivlərin olduğunu birdirən dövlətimizin başçısı, ölkələrimizin bu sahələrdəki nailiyyətlərindən danışdı və müsbət meyli gələcəkdə inkişaf etdirməyin planlaşdırıldığını söylədi.

Ölkələrimiz arasında enerji sektorundakı əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirdi. Humanitar əməkdaşlıqdan söz açan dövlətimizin başçısı Azərbaycan və İsrail xalqları arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirdi.

Prezident İlham Əliyev dedi:

- Azərbaycanın yəhudi icması əsrlər boyu burada sülh və dostluq şəraitində yaşayıb və yaşayır. Bu gün müzakirə etdiyimiz kimi, Azərbaycanda doğulan və hazırda İsraildə yaşayıb çalışan İsrail vətəndaşları da ikitərəfli əlaqələrimizin inkişafında çox önəmli rol oynayırlar. Onlar əslində İsraildə Azərbaycan diasporu kimi fəaliyyət göstərirlər. Yəqin ki, insanlar arasında ünsiyyət cənab Prezidentin səfərindən sonra daha geniş vüsət alacaqdır.

Biz, eyni zamanda bu gün regional məsələləri, regional vəziyyəti, Yaxın Şərqdəki, Qafqazdakı vəziyyəti, münaqişələrə aid məsələləri də müzakirə etdik. Mən cənab Prezidenti Ermənistan-Azərbaycan, Dağlığ Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət haqda məlumatlandırdım. Əfsuslar olsun ki, atəşkəsin əldə edilməsindən 15 ildən də çox vaxt keçsə də, münaqişənin həllində heç bir əsaslı irəliləyiş, nailiyyət olmayıb. Torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Bir milyondan çox azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, işğal hələ də davam edir və bu, nəinki bizə, hətta bütün regiona ən böyük təhlükədir.

Əminəm ki, uğurla başlanan səfər bu gün və sabah da belə davam edəcəkdir. Qəbul ediləcək qərarlar və əldə olunacaq razılaşmalar ikitərəfli əlaqələrimizi inkişaf etdirmək üçün yeni imkanlar yaradacaqdır.

Cənab Prezident, bir daha xoş gəlmisiniz və diqqətinizə görə minnətdaram.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 iyun.- S. 2.