Dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etmişlər

 

Prezident Şimon Peresin çıxışı

 

İsrail Prezidenti Şimon PERES bəyanatla çıxış edərək dedi:

- Hörmətli cənab Prezident!

Xanımlar və cənablar!

Əvvəlcə mənə və nümayəndə heyətinə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.

Xoş münasibətə, məsələləri geniş şəkildə müzakirə etmək imkanına görə Sizə səmimi qəlbdən təşəkkürümü çatdırıram. Qeyd edə bilərəm ki, ölkənizə səfərimdən öncə Azərbaycana vurğun idim. Lakin bu gün Sizinlə apardığım söhbətdən sonra anladım ki, bu sözlər hamı tərəfindən deyilə bilər.

Prezident Şimon Peres dedi ki, ölkələrimiz arasında oxşarlıqlar var. Ölkələrimiz ərazicə kiçik olsa da, insanlarımızın qəlbi çox genişdir.

İsrail dövlətinin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və münaqişə nəticəsində yaranmış işğal faktına da münasibət bildirdi.

Prezident Şimon Peres dedi: İşğala baxmayaraq, siz öz mədəniyyətinizi və nikbinliyinizi qoruyub saxlaya bildiniz. Səkkiz milyondan çox əhalisi olan ölkədə bir milyon qaçqın və məcburi köçkün probleminin nə dərəcədə çətin məsələ olduğunu anlayıram. Bu, o deməkdir ki, hər 8 nəfərdən biri qaçqın və məcburi köçkündür. Siz bu məsələnin öhdəsindən lazımınca gəlirsiniz.

Şimon Peres əməkdaşlığımızın daha da genişləndirilməsinin vacibliyini vurğuladı və qeyd etdi ki, Azərbaycanda yüksək tolerantlıq mühiti vardır.

İsrail Prezidenti ölkəmizdə yəhudi icmasına göstərilən xoş münasibətə görə minnətdarlığını bildirərək dedi: Bu, tarixən belə olub. Azərbaycanı tərk edərək İsrailə gələn yəhudilər ölkəniz haqqında daim xoş təəssüratlarını bölüşürlər.

- Biz yeniliklər yolunun başlanğıcındayıq. Bu, böyük və vədedici başlanğıcdır. Lakin bu gün kiçik ölkələr öz yenilikləri ilə məhdudlaşmamalı, yeni üfüqlərə, milli konsepsiya və təfəkkürə doğru addımlamalıdırlar.

Biz bu səfərə böyük nümayəndə heyəti ilə gəlmişik. Onun tərkibində üç nazir var. Bundan əlavə, 50-yə yaxın nüfuzlu iş adamı da var. Onlar bizim münasibətlərimizi daha da dərinləşdirmək və zənginləşdirmək fikrindədirlər. Bu, qarşılıqlı olmalıdır. Biz qarşılıqlı fayda naminə birgə çalışmalıyıq.

Prezident Şimon Peres Azərbaycanın bölgədə sülhün əldə olunması istiqamətindəki səylərini yüksək qiymətləndirdi. Ali qonaq ona və nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirdi

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 iyun.- S. 2.